2016-nın 10 ən bədbin proqnozu Dünya

2016-nın 10 ən bədbin proqnozu

"Blumberq" agentliyi 2016-cı il üçün pessimist ssenari hazırlayıb

Cavid

Hazırlanan ssenarilərin siyahısına dünyanın iqtisadi və siyasi həyatına birbaşa təsir edən proseslər daxil edilib.
Putin qalib olur
Birinci ssenariyə əsasən Putin Obamanı aldadaraq, Moskvaya sərf edən şərtlərlə İŞİD-ə qarşı mübarizə ilə bağlı müqavilə imzalayır. Müqavilə çərçivəsindəki birgə fəaliyyət miqrant axınını dayandırır və Almaniya kansleri ilə Avropa liderlərinin çiyinlərindən ağır yük götürülür. Nəticədə Almaniya kansleri Angela Merkel Avropa biznes nümayəndələrinin istəklərinə təslim olur və anti-Rusiya sanksiyalarını azaltmağa razılaşır. Bununla da Vladimir Putin ona lazım olan hər şeyi əldə edir. O özünün Yaxın Şərqdə təsirini təsdiqləyir və Avropanı özü ilə danışıqlara başlamağa məcbur edir.
Neftin qiyməti 100 dollara qədər bahalaşır
İŞİD Yaxın Şərqin neft hasil edən ölkələrinin strateji obyektlərinə hücum həyata keçirir. Hücumlar neftlə zəngin olan Niger çayının deltasında regionda hərbi təhdidlərin artması ilə eyni vaxta düşür. Venesuelada hakimiyyət çevrilişi baş verir. Əlcəzair Prezidenti Əbdüləziz Buteflikanın ölümü ölkədə siyasi xaosa səbəb olur. Səudiyyə Ərəbistanı və OPEK-in tələbatı ödəmək üçün neft hasilatını artırmaq imkanları azala bilər. Bu isə avtomatik çatışmazlığa səbəb yaradır. Neftin qiyməti 100 dollara qalxır, Çin iqtisadiyyatında çöküş müşahidə edilir. Atom sənayesi günəş və küləkdən enerji alan şirkətlər kimi inkişaf etməyə başlayır.
Britaniya Avropa Birliyindən çıxır
Böyük Britaniyanın Avropa Birliyi ilə bağlı qeyri-müəyyənliyini ortadan qaldırmaq üçün Baş nazir Devid Kemeron referendumu çoxlarının gözlədiyindən daha tez – may ayında keçirir. Konservativ Partiyadan olan Londonun meri Boris Conson ona qarşı kampaniyaya başlayır. Ölkəyə miqrant axını təhlükəsi və digər səbəblər onu qalib edir. Kemeron istefaya gedir. Ölkədən kapital axını artır.
Banklara kiber hücumlar
Rusiya və İran hakerləri güclərini birləşdirərək, ABŞ-ın onların vətənlərinə qarşı tətbiq etdiyi sanksiyalara görə qisas almaq üçün bu ölkənin banklarına kiber hücumlar təşkil edirlər. İranlılar ticarət platformalarına dağıdıcı zərbələr endirirlər. Ruslar isə elektron hesablama sistemlərini manipulyasiya edir və bununla da fond razılaşmaları ilə ticarətinə inamı yox edirlər.
Maliyyə sisteminə inamın ölməsi FED-i məcbur edəcək ki, bundan sonra faizləri artırmasın. Nəticədə dollar ucuzlaşacaq. İnvestorların pullarını qorumaq üçün atacağı təhlükəsizlik addımları qızılın qiymətini bahalaşdırır.
Avropa Birliyi parçalanır
Miqrant axınının dayanmadığı bir zamanda Parisə terror hücumu Avropa Birliyində siyasi böhranı artırır. Angela Merkel istefaya getməyə məcburdur. Ona görə ki, Merkelin açıq qapı siyasətini tərəfdarlarından heç kim dəstəkləmir. Növbəti seçkilərdə seçilmək şansı artan Marin Le Pen populist əhval-ruhiyyəli dalğanı gücləndirəcək. Bu da ksenofobiya və qorxuları artırır, eləcə də Avropanın ümumi prinsiplərinə zərbə vurur.
Çin iqtisadiyyatı ölür
Çinin iqtisadiyyatı pisləşir. Pekin diqqəti yayındıran yeni imkanlar axtarır. ABŞ-ın Cənubi-Çin dənizində gəmilərini artırması və Pekin əleyhdarı olan hökumətə dəstəyi Çinin etirazına səbəb olur. Pekin hərbi təhdidlər səsləndirir. Dəniz toqquşmalarının olacağı gərginliyinin çoxalması daşımalara mənfi təsir edir. Asiya fond bazarları çökür.
Tramp prezident olur
Tramp seçkilərdə qalib olur. O, ABŞ vergi kodeksinin transformasiyası, Amerika ordusunun gücləndirilməsi və miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı planlarını reallaşdırır. Sonuncuya ABŞ-a müsəlmanların daxil olmasına qadağa və Meksika sərhədində divarın çəkilməsi planları da daxil olur.
Son üç proqnoz
Sonuncu üç proqnoza dünyada iqlim dəyişikliyinin sürətlənməsi, İsrailin İrana hücumu və Latın Amerikasında özbaşınalığın artması daxildir. İsrail İranın bölgədə azad fəaliyyətini qəbul etmir. İranla imzalanan nüvə müqaviləsi pozulur. İqlim dəyişikliyi sürətlənir. El Nino cərəyanının təsiri nəticəsində Cənub-şərqi Asiyada yanğınlar artır. Quraqlıq Avstraliyada bitki və canlıları məhv edir. Su çatışmazlığı Cənubi Afrikada iş aktivliyini azaldır. Zimbabve və Zambiya sərhəddində yerləşən dünyanın ən böyük ehtiyatlarından biri artıq uzun müddət hidroenerji istehsal edə bilmir. Avropada kəskin istilər Atlantik okeanından Qara dənizə qədər əkinləri yox edir. Latın Amerikası dərin sıxıntı dövrünə keçir. Brazilya, Argentina, Venesuela yeni siyasi böhranlara yuvarlanır. Venesuela rəhbəri Nikolas Maduro hakimiyyəti əlinə almaq üçün ordunun imkanlarından yararlanır...