Yanukoviçin müqavimət imkanları tükənir Dünya

Yanukoviçin müqavimət imkanları tükənir

Ukrayna müxalifəti konstitusiyanın dəyişdirilməsi ilə bağlı hakim partiya ilə razılığa gəlib
Kiyevdə etirazçılar hökumət binalarının yerləşdiyi ərazini mühasirəyə alıblar

Cavid

Ukraynada vəziyyət getdikcə gərginləşir. Prezident Yanukoviç verdiyi vədlərə əməl etmədiyindən müxalifət mövqeyini daha da sərtləşdirir. Müxalifətə dəstək verən Avropa İttifaqı, ABŞ və digər Qərb ölkələri isə daha açıq şəkildə rəsmi Kiyevlə münasibətlərinə yenidən baxmaq niyyətini açıqlayır, Yanukoviç hakimiyyətini xalqla hesablaşmağa çağırır.
Məsələn, ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payett "Qromadske TV"nin (İctimai Televiziya) efirində bildirib ki, əgər daxili-siyasi münaqişə güc yolu ilə həll edilərsə, ABŞ Ukraynaya iqtisadi və viza sanksiyaları tətbiq edə bilər.
Diplomat qeyd edib ki, Ukraynada demokratiya uduzarsa, iki tərəfli münasibətlər zərər görər. "Əgər birdən hansısa güc ssenarisi işə düşərsə, məsələn, fövqəladə vəziyyət elan edilərsə, yaxud Maydanı güclə təmizləməyə cəhd edilərsə, bu, bizim tərəfimizdən çox ciddi iqtisadi və viza sanksiyalarına gətirə bilər", - deyə Payett vurğulayıb.
O həmçinin əlavə edib ki, "Avromaydan"da güc işlədilməsinə dəxli olanlara qarşı artıq ABŞ tərəfindən ünvanlı sanksiyalar tətbiq edilib. Payett qeyd edib ki, hadisənin gələcək inkişafı Ukrayna prezidenti Viktor Yanukoviçdən asılıdır.
Xatırladaq ki, Ukraynada mitinqlər keçən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyada fasilə götürməsi səbəbindən başlayıb. Prezident Yanukoviç Avropa İttifaqı ilə ortaqlıq razılaşmasını imzalamaqdan imtina edərək, Rusiyadan 15 milyard dollarlıq maliyyə yardımını qəbul etdiyinə görə xalq etiraz mitinqləri keçirməyə başlayıb. Etirazçılar paytaxtda güc strukturları ilə toqquşub, müxalifətçilər isə bir neçə vilayət mərkəzini tutublar. İki aydır davam edən və bəzən şiddətli toqquşmaların da olduğu aksiyalara baxmayaraq, prezident Yanukoviç ötən həftəyə kimi problemin həlli yolunda konkret addım atmırdı. Yanvarın 28-də onun tövsiyyəsilə hökumət istefaya gedib.
Bu arada hakim Regionlar Partiyasının lideri Aleksandr Yefremov deyib ki, Ukrayna baş naziri vəzifəsinə namizədin adı gələn həftə açıqlana bilər.
Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı məsləhətləşmələr aparılır: "Prezident Viktor Yanukoviç gələn həftə öz mövqeyini bildirə bilər. Öz növbəsində, parlament bu məsələni müzakirə edərək qərar qəbul edəcək".
Digər bir məlumata görə, Ukraynada müxalifət və parlament çoxluğu konstitusiyanın dəyişməsinə dair qarşılıqlı güzəştə gediblər. İTAR-TASS-ın verdiyi məlumata görə, bunu jurnalistlərə Ukrayna prezidentinin Ali Radadakı nümayəndəsi, Regionlar Partiyasının deputatı Yuri Miroşniçenko deyib.
Onun sözlərinə görə, artıq müsbət irəliləyişlər var: "Müxaliftdən olan həmkarlarımız güzəştli təkliflər irəli sürüblər. Lakin onları səsləndirməyəcəyik. Təkliflər konstitusiyasının dəyişməsi proseduru ilə bağlıdır".
Ukrayna hərbçiləri də ölkə prezidenti Viktor Yanukoviçi vəziyyəti sabitləşdirmək üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıblar. Bu barədə RİA Novosti Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir. Hərbçilər öz vətəndaş mövqelərindən çıxış edərək prezidenti cəmiyyətdə birliyin əldə edilməsi məqsədilə addımlar atmağa çağırıblar.
ABŞ-nın vitse-prezidenti Co Bayden isə Ukraynada sülh və əmin-amanlığın yeganə yolunun dialoq və həqiqi razılaşmalardan asılı olduğunu bir daha vurğulayıb.
Rusiyalı politoloq Georgi Fyodorov Ukraynadakı böhran barəsində danışarkən deyib ki, Ukraynada daxili proseslərə bütün xarici təsirləri məhdudlaşdırmaq lazımdır. Onun sözlərinə görə, hansı yolla olursa-olsun, Ukrynada referendum keçirmək mütləqdir: "Düşünürəm ki, Ukraynada ictimai asayişə riayət etməklə dövlət başçısı Viktor Yanukoviç şəxsi təhlükəsizliyi zəmanəti ilə istefaya getməlidir. Bu, koalisiya hökumətinin formalaşması üçün gərəkli addımlardır. Daha sonra Ukraynada növbədənkənar seçkilər keçirilməlidir və bir sözlə Ukrayna faktiki federasiya halına salınmalıdır".
Keçirilən sonuncu mitinqdə isə Ukrayna müxalifəti ölkə rəhbərliyilə danışıqlar aparmaq üçün beynəlxalq vasitəçilərin köməyinə ehtiyac olduğunu bəyan edib.
UDAR partiyasının lideri Vitali Kliçkonun sözlərinə görə, o, prezident Viktor Yanukoviçlə danışıqların keçirilməsi üçün beynəlxalq vasitəçilik xahişilə müraciət etdiyini bəyan edib. Onun təbirincə, bu addım "anlaşılmazlıqlardan qaçmaq üçün" atılıb.
"Batkivşina" partiyasının lideri Arseni Yatsenyukun fikrincə, ölkədə vəziyyətin normallaşması üçün zorakılığa son qoyulması, həbs edilənlərin azad olunması, işgəncə və qətl hallarının istintaqı, nəhayət Ukraynada konstitusiya islahatının həyata keçirilməsi vacibdir.
Avropa İttifaqının prezidenyi Herman Van Rompuy də Ukraynanın gələcəyinin Avropa İttifaqı ilə bağlı olduğunu bəyan edib: "Zaman amili bizim tərəfimizdədir. Ukranın gələcəyi Avropa İttifaqı ilə bağlıdır".
NATO baş katibi Anders Fog Rasmusen isə bəyan edib ki, xaricdən təzyiq olmadan Ukrayna öz gələcəyini özü seçməlidir.
Öz növbəsində Rusiya xarici işlər naziri Sergey Lavrov Qərb dövlətlirini ikili standart siyasət yürütməkdə və Ukraynaya seçim məsələsində təzyiq göstərməkdə ittihamlayıb: "Dövlət binalarını zəbt edənləri, polisə hücum edənləri, irqçi, antisemit və nasist şüarlarla çıxış edənləri pisləyən niyə yoxdur? Avropa siyasətçiləri bu cür hərəkətləri himayə edir, lakin öz ölkələrində buna bənzər aksiyaları dərhal qəddarlıqla yatırdırlar".
Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Ketrin Eşton isə Ukrayna hökumətini dinc nümayiş keçirənlərə qarşı zor tətbiq edənləri məsuliyyətə cəlb etməyə çağırıb.
"Batkivşina" partiyasının nümayəndəsi Aleksandr Briqinets isə Ukraynanın dövlət bayrağının dəyişdirilməsi təklifini verib. O, bu barədə Twitter hesabında yazıb. "Mənə elə gəlir ki, Maydan hadisələrindən sonra Ukrayna bayrağını dəyişmək lazımdır".
Ekspert Azər Rəşidoğlunun fikrincə, Rusiya MDB məkanına daxil olan ölkələri Gömrük İttifaqına üzv etmək fikrində israrlıdır. Moskvanın bu siyasi hikkəsi Ukrayna və Ermənistan cəmiyyətlərində ciddi parçalanma yaradıb. Azərbaycan cəmiyyəti Rusiya ilə eyni sərhədlərə malik olmağın Qarabağın itilməsi ilə başa çatacağını anladığından, bu məsələdə hələlik birmənalı mövqe nümayiş etdirir.
Ukraynada da anlayırlar ki, Rusiyanın təklif etdiyi layihəyə razılıq vermək nə iqtisadi baxımdan, nə də ki, siyasi baxımdan müsbət heç nə vəd etmir. Ukrayna ictimai rəyi də rusların əleyhinədir. Bu ölkədə ruslar işğalçı kimi qəbul olunurlar. Tarix boyunca Ukrayna Polşa, Macarıstan, Avstriya ilə müttəfiq olub. Odur ki, ukraynalılar Qərbə inteqrasiyanı seçirlər. Yalnız Şərqi Ukrayna Rus imperiyasının tərkibinə daxil olub, bu ərazidə yaşayan ruslar daima "beşinci kolon" rolunu oynayıblar, bu siyasət bu gün də davam edir.
Ukraynanın Qərbə inteqrasiyası, NATO-ya tərəf addım atması rusları qıcıqlandırır. Moskva sərhədlərində Qərbin hərbi mövcudluğu ilə barışmaq istəmir. Elə bu səbəbdən Kreml Kiyevə 20 milyard dollar kredit verməyə, bu ölkəyə satılan qazın qiymətini aşağı salmağa razılıq verməli oldu.
Kiyevin Rusiyaya doğru reveranslar etməsi, siyasi manevrə bənzəyir. Hamıya bəllidir ki, Ukrayna perspektiv planda Qərblə əməkdaşlıq edəcək. Hətta bu gün özünü Moskvanın əlaltısı kimi təqdim edən Yanukoviçin son anda Qərbə tərəf iməkləyəcəyi də istisna edilmir.
Qara dənizə nəzarət Moskva üçün son dərəcə mühümdür. Qara dənizdə NATO gəmilərinin üzməsi Kremlin planlarını alt-üst edə bilər. Kremlin layihələrinə razılıq vermək, dəniz sərhədlərini Moskvanın nəzarətinə vermək anlamına gəlir.
Azərbaycanda da perspektivdə NATO qoşunları mövcud ola bilər. Bu isə rusların Cənubi Qafqazdan qovulması deməkdir. Odur ki, Moskva buna yol verməmək üçün Azərbaycanı da ram etmək arzusundadır.
Ekspert Hail Cəlil isə prezident Yanukoviçin müxalifətlə razılaşmaq məcburiyyətində qaldığını və bundan qaça bilməyəcəynin deyib: "Yanukoviç mütləq müxalifətin şərtlərini qəbul etməlidir. Əgər ölkədə növbədənkənar parlament və prezident seçkisinin keçirilməsinə razılıq veribsə, digər şərtləri, əsasən də konstitusiyaya dəyişiklikləri təmin etməlidir. Yoxsa Ukraynada vəziyyət daha da gərginləşəcək, bu zaman müxalifət Yanukoviçə daha atır şərtlər irəli sürəcək, bu halda rəsmi Moskva belə ona dayaq dura bilməyəcək. Onsuz da Putin Yanukoviçi meydanda tək qoyub. Yanukoviçin çıxış yolu müxalifətin şərtlərini həyata keçirməkdir".
Qeyd edək ki, dünən Kiyevdə 4 minədək etirazçı hökumət binalarının yerləşdiyi ərazini mühasirəyə alıb. Bu barədə UNİAN-ın yaydığı xəbərdə deyilir. Etirazçılar Qruşevski və İnstitutskaya küçələrini, habelə Mariinski parkını mühasirəyə alıb.
Avropa Birliyinin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle bəyan edib ki, Ukrayna yaranmış vəziyyətdən çıxış yolunu özü tapmalıdır. "RİA Novosti"nin məlumatına görə, Füle qeyd edib ki, yalnız daxili dialoq nəticəsində əldə edilən razılaşma uğurlu ola bilər: "Brüsseldə və Moskvada cızılan planlar özünü doğrultmayacaq".
Bundan əvvəl Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bəyan etmişdi ki, AB Ukraynada polis və radikallar arasında baş vermiş toqquşmaların araşdırılmasında iştirak etməyə hazırdır.