Yaxın Şərqi dəyişəcək 9 hadisə Dünya

Yaxın Şərqi dəyişəcək 9 hadisə

Region 2016-cı ildə qan gölünə dönəcək

Cavid

Amerikanın "Newsweek" nəşri "2016-cı ildə Yaxın Şərqi dəyişəcək 9 hadisə" başlıqlı yazısında regionla bağlı proqnozlarını irəli sürüb.

Mosul

ABŞ-ın liderlik etdiyi koalisiya güclərinin hava dəstəyi ilə İraq ordusu və yerli sünni tayfalar 2015-ci ilin sonunda İŞİD-in əlindəki Ramadi şəhərini ələ keçirib. Bundan sonra Bağdad və Vaşinqton üzünü İŞİD-in 2014-cü ilin iyulunda ələ keçirdiyi Mosula çevirib. Ramadidən üç dəfər böyük olan Mosulda İraq və kürd güclərini daha çətin bir mübarizə gözləyir. İraqın baş naziri Haydar Abadi 2016-ci ildə İŞİD-ə ölümcül zərbənin vurulacağını açıqlayıb. Mosul əməliyyatı 2016-ci ilin ən böyük döyüşlərindən biri olacaq.

Suriya məsələsi üzrə danışıqlar

BMT Təhlükəsizlik Şurası 2015-ci ilin dekabr ayında sülh layihəsini yekdilliklə qəbul edib. Sülh danışıqlarında müxalifəti kimin təmsil edəcəyi hələ məlum deyil. Sülh layihəsi iki tərəf arasındakı danışıqların yanvar ayında başlanmasını və iki il davam edəcək keçid dövründə birlik hökumətinin qurulmasını və yeni seçkilərin keçirilməsini nəzərdə tutur. Amma sülh layihəsində Əsədin taleyinə toxunulmayıb. 2016-cı il Suriya danışıqları üzrə əhəmiyyətli qərarların qəbul edilməsi gözlənilir.

İŞİD-in Liviyaya sürüşməsi

ABŞ-ın liderlik etdiyi koalisiya gücləri və Rusiya İŞİD-in İraq və Suriyadakı mövqelərini bombalamaqda davam edir. Amma görünən budur ki, İŞİD-ə qarşı mübarizə Yaxın Şərqin xaricinə - Şimali Afrikaya keçəcək. İŞİD Sirtdə güclənərək Liviyada özünə istehkam yaradıb. Ölkədəki siyasi boşluq İŞİD-in Liviyadakı gücünün artmasına gətirib çıxarıb. Bu vəziyyət həmçinin Avropanın təhlükəsizliyini də təhlükəyə atır. Çünki İtaliya Şimali Afrikanın yarım günlük dəniz yolu məsafəsindədir. Fransa Liviyada kəşfiyyat uçuşlarına başlayıb. ABŞ noyabr ayında İŞİD-in Liviyadakı liderini öldürüb, beynəlxalq güclər 2016-ci ildə quru əməliyyatına hazırlaşır.

Səudiyyə Ərəbistanı-İran qarşıdurması

Səudiyyə Ərəbistanı 2015-ci ildə Yəməndə İranın dəstəklədiyi Husi güclərinə qarşı sünni müttəfiqləri ilə hücuma başlayıb. Ər-Riyad həmçinin Suriyada İranın müttəfiqi Əsədə qarşı döyüşən müxalif qüvvələri dəstəkləyir. Səudiyyənin bu siyasəti İranın bölgədəki təsirini artmasının qarşısının alınmasına xidmət edir.

İsrail-"Hizbullah" qarşıdurması

"Hizbullah" komandiri Samir Kantarın dekabr ayında Dəməşqdə öldürülməsindən sonra təşkilatın lideri Həsən Nəsrullah İsraili açıq şəkildə hədələdi. Maddi və siyasi olaraq İran tərəfindən dəstəklənən və Əsədin müttəfiqi olan "Hizbullah"ın lideri intiqam sözü verdi. 2016-ci ildə İsrail-"Hizbullah" qarşıdurmasının güclənməsi ehtimal var.

Qəzza

HƏMAS-ın İranla əlaqəsinin tədricən kəsilməsindən sonra Qəzzada maddi çətinliklər və enerji çatışmazlığı yaranıb. İsrailli eksperlərə görə, təşkilat həyatda qalmaq üçün İsraillə yeni bir qarşıdurmanı ən yaxşı alternativ olaraq görür. Bu isə 2016-ci ildə yeni bir qarşıdurmanın ola biləcəyi anlamına gəlir.

Fələstin-İsrail sülhü

Fələstinin 80 yaşındakı lideri Mahmud Abbas daha 4 il hakimiyyətdə olacaq. Keçirilən son sorğulara görə, fələstinlilərin üçdə ikisi Abbasın istefa verməsini istəyir. Mütəxəssislərə görə, Fələstin siyasətində böhran qapıdadır və bu böhran İsrail və Fələstin arasındakı sülh prosesinə güclü zərər vuracaq. 2015-ci ildə Abbasın istefa verəcəyi barədə söz-söhbətlər gündəmi tutdu. Əgər bu, 2016-ci ildə baş versə, Fələstin on ildən sonra ilk dəfə liderini dəyişəcək.

Türkiyədə vətəndaş müharibəsi

Türkiyədə AKP iyun seçkilərində üstünlüyünü itirəndən sonra PKK ilə davam edən iki illik atəşkəsə son qoyulub. Bu vəziyyət ölkənin cənub-şərqində "burulğan"a səbəb olub. Türkiyə Silahlı Qüvvələri PKK silahlılarına qarşı əməliyyatlar keçirir. Zorakılığın yenidən canlanması və AKP-nin HDP-yə qarşı apardığı kampaniya Əhməd Davudoğlunun noyabr seçkilərində qələbəsi ilə yekunlaşıb. Ancaq bu nəticə kürdlər arasında təzyiqin artmasına yol açıb. HDP-nin təsiri altında olan bəzi kürd qruplar da muxtariyyət tələb edir. Kürdlərin Türkiyədən ayrılmaq istəyi qarşılığında nə Ərdoğan, nə də Davudoğlu heç bir güzəştli təklif irəli sürmür. Qarşıdurmanın yenidən kəskinləşəcəyi gözlənilir.

ABŞ-da prezident seçkiləri

8 noyabr 2016-cı ildə keçiriləcək seçkilər demokrat Obamanın 8 illik rəhbərliyinə son qoyacaq. Respublikaçı və demokrat namizədlərin Yaxın Şərqin ən böyük məsələlərinə baxışı fərqlidir. Respublikaçı Donald Tramp müsəlmanların Amerikaya girişinə məhdudiyyət tətbiq edəcəyini söyləyir, demokrat Hillari Klintonun diqqəti isə Liviyaya yönəlib. Respublikaçıların 90 faizi ABŞ-ın İŞİD-ə qarşı əməliyyatlarını yetərli hesab etmir. Respublikaçılara meylli amerikalıların 69 faizi İŞİD-lə mübarizə üçün İraq və Suriyaya quru güclərinin göndərilməsinin tərəfdarıdır. Əgər respublikaçı namizəd seçkilərdə qələbə qazansa, Yaxın Şərqə daha çox müdaxilə olan bir ABŞ-la qarşı-qarşıya qalacağıq.