Gürcüstan Rusiyadan qaz istəyir Dünya

Gürcüstan Rusiyadan qaz istəyir

Ermənistan isə qiymətin aşağı salınmasını

Cavid

ABŞ-ın Gürcüstandakı səfiri İan Kelli Gürcüstan hökumətinin "Qazprom" la danışıqlara başlamasını dəstəkləyib.
Səfir "Rustavi-2" televiziyasına deyib ki, Gürcüstan energetika sahəsində 1 ölkədən asılı olmamalıdır. Bununla belə diplomat ümid edir ki, Gürcüstan hökuməti Rusiya ilə münasibətlərdə hansı riskə getdiyini başa düşür.
Qeyd edək ki, Gürcüstan hazırda işlətdiyi qazın 85 faizindən çoxunu Azərbaycandan alır.
Kelli qeyd edib ki, Gürcüstan enerji mənbələrinin şaxələnməsinə nail olmalıdır və bununla bağlı hökumətin izahını qəbul edir.
Səfir həmçinin Rusiya ilə danışıqların şəffaf olacağına ümidlə yanaşdığını qeyd edib.
Rusiyanın 2008-ci ildə Gürcüstan ərazisini işğal etməsi ilə bağlı suala gəldikdə isə səfir bundan narahat olduqlarını bildirib və qeyd edib ki, yəqin ki, Gürcüstan hökumətinin bu vəziyyətdən doğan bütün riskləri başa düşür.
Bu məsələ Gürcüstan müxalifətinin narazılığına səbəb olub.
Müxalifət baş nazir Georgi Kvirikashvili hökumətini ölkənin uzunmüddətli maraqlarını əldən verməkdə günahlandırır.
Buna görə Tbilisi və ölkənin digər şəhərlərində "Qazproma yox" devizi ilə aksiyalar keçirilib.
Ermənistan isə Rusiyadan qazın qiymətini endirməsini xahiş edib.
Bu barədə baş nazir Ovik Abramyan Rusiyaya məhsul ixrac edən istehsalat şirkətlərinin sahibləri ilə görüşündə bildirib.
Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, yerli şirkətlərin nümayəndələri hazırkı yanacaq qiymətlərinin onların biznesinə mənfi təsir göstərdiyi barədə baş nazirə şikayət ediblər. Sahibkarlar onsuz da rus rublunun kəskin dəyər itirməsindən ziyana düşdüklərini vurğulayıblar. Onlar baş nazirin "dünyadakı yanacaq qiymətlərinin dinamikasını" nəzərə alaraq rus qazının daha çox endirimlə alınmasına nail olmasını istəyiblər.
Məlumatda həmçinin deyilir ki, Yerevan artıq Rusiya hökumətinə bu məsələ ilə bağlı müraciət edib və "tərəfdaşlığın strateji xarakterini nəzərə alaraq" müsbət cavab gözləyir.
Ermənistanın aldığı qazın 80%-ni satan Rusiyanın "Qazprom" şirkəti artıq qazın hər kubmetri üçün qiyməti keçən il 190 dollardan 165 dollara endirib. Ancaq bunun ardınca Ermənistan hökuməti ölkə daxilində istehlakçılara satılan qazın qiyməti endirməyib. Beləliklə endirimdən yalnız Ermənistanın qaz paylaşdırıcı şəbəkəsi mənfəət götürür. Sözügedən şəbəkə də "Qazprom"a məxsusdur.
2013-cü ildə də Ermənistan Avrasiya İttifaqına daxil olmaq qərarı müqabilində "Qazprom"dan ciddi endirim alıb. Belə ki, Rusiyanın dövlət şirkəti Avropa ölkələrinə satdığı qazın hər min kubmetrinə görə 350 dollar alırdısa Ermənistan üçün bu qiymət 190 dollar idi.
Keçən il Rusiyanın Avropaya satdığı təbii qazın orta qiyməti 238 dollar olub. 2016-cı ildə isə qiymətin 200 dollara qədər düşəcəyi gözlənilir ki, bu da 10 ildən çox müddət ərzində müşahidə olunmuş ən aşağı qiymətdir.
Rusiyadan alınan təbii qazın qiymətində endirim əldə olunarsa bu, Ermənistan hökumətinə imkan verəcək ki, elektrik enerjisinə olan qiymətləri növbəti dəfə artırmasın. Keçən ilin iyununda elektrik enerjisinin 16% bahalaşması Yerevanda etirazçıların küçələrə çıxmasına səbəb olmuşdu.
O zaman əsasən gənclərin iştirak etdiyi etirazlar Ermənistan hökumətini qiymət artımını azı 2016-ci ilin sentyabrına qədər subsidiyalaşdırmaq barədə qərar qəbul etməyə vadar etmişdi.