Putin Gürcüstanı öz tərəfinə çəkməyə başlayır Dünya

Putin Gürcüstanı öz tərəfinə çəkməyə başlayır

Cavid

Gürcüstan Rusiyanın tərəfinə keçmək üzrədirmi? Xeyr. Ancaq dekabr ayında "Washington Post"-da Dastin Qilbretin müəllifi olduğu məqalədə yazıldığı kimi Rusiyanın nüfuzunun artması heç də fantaziya deyil.
Qilbret məqalədə Gürcüstanda mövcud siyasi tendensiyalarla əlaqədar yaxşı məqamlara toxunub. Gürcüstan vətəndaşlarının Rusiya ilə bağlı fikirləri, həqiqətən də, qarışıqdır. Ancaq Rusiyanın burda nüfuzunun artması ehtimalı kimi Avrasiya İttifaqının tərəfdarları da artmaqdadır.
Ötən bir neçə il ərzində keçirilən sorğu nəticələri Gürcüstanıın Moskva tərəfindən idarə edilən Avrasiya İqtisadi Birliyinə dəstəyinin artdığını göstərir. Bu isə Gürcüstan daxilində Qərbin əleyhinə olan rusiyapərəst siyasi fraksiyalara siyasi dəstəyin artırılması ilə üst-üstə düşür.
Gürcüstan, bəlkə də, Baltikyanı ölkələrə daxil olmayıb, keçmiş Sovet respublikaları arasında ən stabil və ən demokratik ölkə, illərdir siyasi durğunluq içində olan regionun son ümididir. ABŞ və Avropa burda demokratiyanın təşviqi və iqtisadi inkişaf üçün milyardlar töküb, Gürcüstan da qarşılığında Qərbləşməni böyük bir şövqlə qəbul edib.
Əgər Gürcüstan Qərbdən üç çevirsəydi, bu, təkcə ölkənin inkişaf etməkdə olan demokratiyasına zərbə vurmaz, eyni zamanda Rusiyanın Yaxın Şərqə birbaşa keçidini təmin edər, Qərbin Avrasiyanın enerji mənbələrinə çıxışını dayandırar və yaxın gələcəkdə regionun demokratikləşməsinə olan ümidləri puç edərdi.
Gürcüstan Rusiyanın hakimiyyəti altında 1990-cı illərdəki vəziyyətinə qayıda bilər: uğursuz bir dövlət və qanunsuz ticarət üçün açıq bazar. Vətəndaş müharibəsinin viran qoyduğu ölkə radikalizm üçün münbit zəmin ola bilər.
Qilbret 2013-cü ildə keçirilən "Qafqaz Barometri" sorğusuna istinad edərək Gürcüstanın Avrasiya İqtisadi Birliyinə dəstəyinin 2013-cü ildən bəri dəyişmədiyini yazırdı. Onun təşkilatının apardığı sorğular isə ziddiyət doğurur. Söhbət Qilbretin Qafqaz Tədqiqat Resurs Mərkəzlərinin Milli Demokratik İnstitut üçün 2013, 2014 və 2015-ci illərdə apardığı sorğulardan gedir. Həmin sorğular Gürcüstanda Avrasiya İqtisadi Birliyinin tərəfdarlarının 2013-cü ildən bu yana artdığını göstərir. Belə ki, 2013-cü ilin avqustunda 11 faiz olan göstəricilər 2014-cü ilin avqustunda 20 faizə, 2015-ci ilin aprelində isə 31 faizə yüksəldi.
Bəs niyə görə Avrasiya İqtisadi Birliyinə dəstəklə bağlı 2013-cü ildə keçirilən "Qafqaz barometri" sorğusu ilə Milli Demokratiya İnstitunun sorğuları arasında bu cür uyğunsuzluq var? 2013-cü ildə hələ rəsmi şəkildə ittifaqın əsası qoyulmamışdı. İctimaiyyətin reaksiyaları əslində hələ qurulmamış bir təşkilata qarşı yönəlmişdi. Rəqəmlərə daha yaxşı nəzər saldıqda görünür ki, "Qafqaz barometri" sorğusunda iştirak edənlərin 44 faizinin ittifaqı dəstəkləməsi ilə onsuz da qəti qərar vermək olmazdı.
Yerdə qalan 56 faiz isə çox maraqlı şəkildə parçalandı. Yalnız 24 faiz ittifaqın əleyhinə olduğunu bildirdi, 17 faiz "qəti bir şey deyə bilməyəcəyini", 27 faiz isə "bu haqda məlumatları olmadığını" bildirdi, yaxud da cavab verməkdən imtina etdi. Yəni 2013-cü il "Qafqaz barometri" sorğusunun nəticələri insanların Avrasiya İqtisadi Birliyi ilə bağlı qərarsız olduqlarını, ya da ümumiyyətlə ittifaqdan xəbərdar olmadıqlarını göstərmiş oldu.
Sualların verilmə şəkli də cavablara mühüm təsir göstərdi. Məsələn, "Qafqaz barometri" sorğusunda iştirakçılardan soruşulurdu: "Bu iki fikirdən hansı ilə razısınız?" İştirakçılar ya Avrasiya İqtisadi Birliyinə və ya Avropa İttifaqına qoşulmağı seçə bilər, heç biri ilə razılaşmaya bilər, bilmirəm deyə, yaxud da cavab verməkdən imtina edə bilərdilər. Bu cür qarışıq suallar və verilən cavablar nəticələrin müqayisəsini çətinləşdirir. Eyni şəkildə, 2015-ci ildə Milli Demokratiya İnstitutu üçün keçirilən və iştirakçıların 31 faizinin Avrasiya İqtisadi Birliyini dəstəklədiyini göstərən sorğuda verilən sual ("bu fikirlə razısınız, yoxsa yox?") keçirilən dörd sorğunun sualları arasında ən aydını olsa da, yenə də iştirakçıları çaşdırırdı.
Bu baxımdan, Gürcüstanın Avrasiya İqtisadi Birliyinə dəstəyinin artmağa meylli olmadığını demək çətindir. Ancaq Rusiyanın nüfuzunun yavaş-yavaş ölkəni təsir altına aldığının tək göstəricisi bu deyil.
Gürcüstanın Rusiya ilə bağlı mövqeyini müəyyənləşdirmək üçün seçki nəticələrinə baxmaq da yaxşı üsuldur. Gürcüstanda keçirilən ən son üç milli seçki – 2014-cü ildə yerli seçkilər, 2013-cü ildə prezident seçkiləri və 2012-ci ildə parlament seçkiləri – üç səbəbdən bizə istədiyimiz qədərini göstərmir. Birincisi, ən son keçirilən seçkinin üstündən 1 ildən çox vaxt keçir; ikincisi, bu seçki nəticələri yalnız səs vermiş vətəndaşların mövqeyini əks etdirir; üçüncüsü isə seçki nəticələri ilə seçicinin bu və ya digər namizədi seçmə səbəbini bilmək olmur. Bütün bunlara baxmayaraq, Gürcüstan kimi sərt də olsa, seçki demokratiyasına sahib olan bir ölkədə seçkilər siyasi gücün ölçülməsində son vasitədir.
2014-cü ildə tam olaraq rusiyapərəst kimi təsvir edilə biləcək bir neçə partiya ümumi səslərin 20 faizini topladı. Parlamentin keçmiş spikeri Nino Burcanadzenin "Birləşmiş Müxalifət" partiyası və populist "Patriotlar Alyansı" 15 faiz, Qərb əleyhinə olan digər kiçik partiyalar isə 5 faiz səs topladı.
2013-cü il prezident seçkilərində Qərb əleyhinə olan partiyaların yalnız 13 faiz səs toplaması gözlənilməz oldu. 2012-ci il prezident seçkilərində isə Şalva Natelaşvilinin rəhbəri olduğu xəyalpərəst "İşçi partiyası" yalnız 1,2 faiz səs topladı. Başqa sözlə, bir neçə il ərzində rusiyapərəst partiyalar getdikcə daha çox səs qazanmağa başlayıb.
Niyə görə bir neçə il əvvəl rusiyapərəstlər az idi? Birləşmiş Milli Hərəkat partiyasının iqtidarda olduğu 2004-2012-ci illər arasında Rusiyanın dəstəklənməsi təhlükəli idi. Bu partiyanın dövründə rejim tərəfindən təqiblərə məruz qalan və həbs edilən dissidentlərə, sübut olub-olmamasından asılı olmayaraq, "Rusiya casusu" damğası vurulurdu. 2008-ci ildə Gürcüstanı işğal edən Rusiya geridə yaxşı xatirələr qoymadı. Birləşmiş Milli Hərəkat partiyası isə tez-tez Avropa ilə inteqrasiyaya az qaldığını bildirirdi.
Ancaq getdikcə daha da aydın görünür ki, xalq dəstək göstərsə də, Gürcüstan yaxın gələcəkdə Aİ və ya NATO-ya qoşula bilməyəcək. Bu ümid istiqamətində fatalizmin artması Avrasiya İqtisadi Birliyi alternativinə dəstəyin artması ilə əlaqədardır.
Bəs Avrasiya İqtisadi Birliyini bu qədər cəlbedici edən nədir? Qərb yönümlü Gürcüstan hökuməti bu istiqamətdə iqtisadiyyat, təhlükəsizlik və diplomatiya üzrə əlaqələri genişləndirib. Buna misal olaraq, 2014-cü ilin iyununda Aİ ilə imzalanan Assosiasiya Sazişini; Aİ ilə "Dərin və Hərtərəfli Azad Ticarət Zonası" haqqında razılıq əldə olunmasını; NATO ilə sürətlə artan əlaqələri və 2016-cı ildə Gürcüstan vətəndaşlarının Aİ ölkələrinə vizasız girişinin təmin edilməsini göstərmək olar.
Ancaq belə görünür ki, hökumət bu nailiyyətləri vətəndaşlara düzgün şəkildə təqdim etməyib. Nə də işsizliyin hökm sürdüyü şəraitdə son illərin iqtisadi zərbələrin təsirini azalda bilməyib. Bir çox Gürcüstan vətəndaşı Avropa ilə əlaqələrin genişləndirilməsini Avrasiya İqtisadi Birliyinə qoşulmaqdan daha vacib hesab etsə də, Avrasiya İqtisadi Birliyi qısa müddət ərzində yeni iş yerləri yarada və adi vətəndaşların maddi vəziyyətini, az da olsa, yaxşılaşdıra bilər.
Məsələn, 2013-cü ildə Rusiya ilə ticarətin yenidən başladılması Gürcüstanın kənd təsərrüfatına böyük təkan verdi. Avropa ilə inteqrasiyanı dəstəkləyənlərin sayı Avrasiya İqtisadi Birliyinə qoşulmağı dəstəkləyənlərin sayından hələ də çoxdur. Ancaq Avropa ilə birləşmək bir çoxlarına xəyal, Avrasiya İqtisadi Birliyinə qoşulmaq isə günü sabah danışılıb həll ediləcək bir reallıq kimi görünür.
Keçirilən son sorğular göstərir ki, bu ilin oktyabr ayında keçiriləcək parlament seçkilərində Rusiya yönümlü səslərin sayı artacaq. Rusiyapərəst partiyaların Qərb yönümlü partiyalara qalib gəlməsi ehtimalı aşağıdır, ancaq həmin partiyalar Gürcüstanın hazırkı Qərb yönümlü fikir birliyini pozacaq qədər parlamentdə yer qazana bilərlər.
Rusiyanın Gürcüstanın şimal sərhədlərində pusu qurduğu və qüvvələrini separatçı Abxaziya və Cənubi Osetiya regionlarına yönləndirdiyi bir şəraitdə stabilliyin təmin edilməsi üçün Gürcüstan hökumətinin vəziyyətə praqmatik yanaşması vacibdir. Ancaq Rusiyaya tərəf meylin artması ölkənin Qərb dəstəkçiləri üçün də təhlükə deməkdir. Qərb üçün Gürcüstanın itirilməsi Rusiyanı gücləndirmir, ancaq Rusiyaya Avropa və Avrasiya arasında strateji əhəmiyyətli əlaqələndirici dövlət qazandırır.