“Bu gün dünyada terror aktlarının sayı çoxaldığından bu faktlar insanlar üçün adiləşir” Dünya

“Bu gün dünyada terror aktlarının sayı çoxaldığından bu faktlar insanlar üçün adiləşir”

Azad İsazadə: "90-cı ilin əvvəllərində biz də bu prosesləri yaşamışıq"

Terror bu gün bütün dünyanı cənginə almış ən böyük bəlalardan biridir. Bu artıq elə bir bəlaya çevrilib ki, hətta əlacı olmayan xəstəliklərdən də çox sayda insan həyatına son qoyur. Terrorun vətəni olmur deyirlər. Bu gün terror nə vətən tanıyır, nə də insanlıq. Onun üçün ən önəmli olan günahsız insan qanlarını axıtmaq, məmləkətləri viran qoymaqdır. Terrorun sayı və miqyası genişləndikcə, sanki bütün insanlarda buna alışmaq, adi bir hadisə kimi yanaşmaq psixologiyası yaranır.
Hərbi ekspert, psixoloq Azad İsazadə insanlarda baş verən terror hadisələrinə bu cür yanaşmanı belə hadisələrin hər gün durmadan artması ilə əsaslandırıb: "Bu gün dünyada terror aktlarının sayı çoxaldığından bu faktlar insanlar üçün adiləşir. 90-cı ilin əvvəllərində biz də bu prosesləri yaşamışıq. Bir tərəfdən bizim sosial duruma baxsaq, görürük ki, terrora və onların qurbanlarına münasibətdə cəmiyyətimizdə bir qədər adiləşmə yaranıb.
Sössüz ki, hansısa müəyyən formalarda bunlara reaksiyalar və başsağlıqları da verilir. Yəni Türkiyə səfirliyinin qarşısına anım simvolikası olaraq gül də aparırlar. Amma bu, əvvəlki illərlə müqayisədə emosional rekasiya olaraq öz effektini vermir.
ABŞ-dakı 11 sentyabr terror hadisəsindən sonra terror bir müharibə növü kimi bütün dünyanı bürüdüyündən, bu adiləşməyə digər ölkələrdə də rast gəlinir".
Hərbi eskpert bildirib ki, Şərqdə törədilən terrora Qərbdə törədilən terror qədər reaksiya verilmir:"Açıq şəkildə görürük ki, dünyada baş verən qütbləşmə nəticəsində Şərq ölkələrində baş verən terror hadisələrinə Qərblə müqayisədə heç də ciddi reaksiya verilmir. Fransada törədilən terror aktından 4-5 gün öncə Beyrutda da terror aktı baş vermişdi. Dünya buna o qədər də reaksiya vermədi. Söhbət ondan gedir ki, Livanda və digər ərəb, Şərq ölkələrində o qədər terror aktları törədilir ki, artıq orada baş verən belə hadisələrə ad bir olay kimi yanaşırlar.
Amma Parisdə baş verən terror aktı orada təzə bir hadisə idi. Dinc Avropa insanı hələ bu cür terror hadisələrinə öyrəşməmişdi". Azad İsazadə hesab edir ki, insanların terrora münasibətində laqeydlik onların özünü müdafiə instiktindən irəli gəlir: "Ümumiyyətlə, terror aktlarına münasibət, reaksiya nisbətən sakitləşir. Əvvəlki kimi emosional reaksiya olmur. Bu, özlüyündə cəmiyyətin sosial-psixoloji olaraq özünü müdafiə funksiyasından irəli gəlir. Biz daimi olaraq dərd içində yaşaya bilmədiyimiz üçün, o hadisələri görməzliyə, eşitməzliyə vururuq, reaksiya vermirik. Biz ilk növbədə bilməli və başa düşməliyik ki, bu cür terror aktları Azərbaycanda da ola bilər. Söhbət emosinal reaksiyadan yox, emosional hazırlıqdan getməlidir. Əsas təbliğat, izahat olmalıdır. Terrora qarşı hərtərəfli hazırlıq, təlimat aparılmalıdır. Kimsə çantanı metroda, avtobusda qoyubsa, yiyəsi çıxmırsa, ehtiyyatlı olmaq lazımdır. Bilmədiyiniz əşyaya toxunmamaq təbliğatı insanları normal nəticələrə gəirib çıxara bilər. Şaxsey-vaxseylə, saç yolub ağlamaqla terrorun qarşısını almaq olmaz. Buna düşünülmüş məntiqli yanaşma lazımdır. Həmçinin, bu gün insanların əksəriyyətinin maddi, sosial rifah vəziyyəti o qədər də ürəkaçan olmadığına görə, sanki terrora, onun qurbanlarına laqeyd yanaşmağa məcbur qalırlar. Çünki bu gün insanları düşündürən birinci məsələ yaşamağı bacarmaqdır. Həm də kütlə psixologiyası baxımından demək olar ki, bizlər dərd çəkməyi istəmədiyimizdən də reaksiya çox zəifdir. Digər tərəfdən isə bu cür reaksiya insanların psixoloji olaraq özünü müdafiə instiktindən irəli gəldiyinə görə burada qəbahətli, pis bir şey yoxdur".