Sülh uğrunda müharibə Dünya

Sülh uğrunda müharibə

Dinsizlərə qarşı müharibə aparılmır

Cavid

"Mənə müharibə deyil, əmin-aman dünya gərəkdir! Mümkün qədər hamısı!". Məşhur "Warcraft" oyununda "Zülmətlərin hökmdarının" səsləndirdiyi istehzalı replika məhz bu cür səslənir. Bununla belə, istehzaya baxmayaraq, hazırda dünyada baş verən hadisə və proseslərin səbəbini daha dəqiq müəyyən edə biləcək müvafiq ifadəni tapmaq çətindir. Lakin bir cümlə ilə kifayətlənməyin asan olmadığı kimi dünyanı "tamamilə pislər" və "qüsursuz yaxşılara" bölmək də asan deyil, baxmayaraq ki, soyuq müharibə zamanı bu siyasət tətbiq olunmaqda idi. Hazırda isə qlobal istiləşməyə rəğmən, bir çox ölkələrin beynəlxalq əlaqələrinin "hərarəti" sürətlə aşağı enməkdədir.
"Geopolitica" yazır ki, Harvard Universitetinin iqtisadçı professoru Deni Rodrik hesab edir ki, qloballaşma "soyuq" siyasi problemlərin yaranmasına zəmin yaradır. "Qloballaşmanın paradoksu" adlı kitabında müəllif belə bir nəzəriyyəni dəstəkləyir: 1) ölkələr qlobal iqtisadi sistemə daxil ola bilməzlər; 2) milli suverenlik əldə edə bilməzlər 3) demokratiyadan yararlana bilməzlər. Bu üç məqsəddən yalnız ikisi eyni zamanda müyəssərdir (Rodrikin fikrincə, demokratiyanın sosial mexanizmləri və qloballaşmanın tələbləri arasında qarşıdurmanın baş verməsi qaçılmazdır və bu məqamda ölkə milli maraqlara üstünlük verəcək) .
Lakin, milli maraqları üstün tutaraq həmin ölkə, xüsusilə, əgər söhbət zəngin sərvətlərə malik ölkədən gedirsə, çox güman, dünyanın qüdrətli dövlətləri tərəfindən təzyiqlərə məruz qalacaq. Hollivud filmlərinin ssenariləri nə qədər maraqlı olsa da (yeri gəlmişkən, onlar da "yumşaq gücün" bir hissəsidir), müstəqil xarici və daxili siyasət həyata keçirən ölkələrə dair tətbiq olunan ssenarilər artıq hər kəsə məlumdur. Axı əsas mahiyyət son bir neçə onilliklər ərzində dəyişilməz olaraq qalır. Görünür, qərb blokbasterlərini öz tərzlərinə uyğunlaşdıran Bollivud kinoşünaslarının ardınca gedən Qərb dünyası da əsllikdən tamamilə məhrum olundu. İlk növbədə, "yumşaq güc" tətbiq olunur, yəni müxtəlif Elmi-İstehsalat Birliklərinin (bəzən isə rəsmi şəxslərin) insan hüquq və azadlıqları sahəsində baş verən pozuntuların kəskin surətdə artmasına dair səsləndirdikləri bəyanatlar irəli sürülür. Bu strategiya arzu olunan nəticələri vermədiyi halda "ağır artilleriya", yəni "sərt güc" – sanksiyalar, iqtisadi embarqo tətbiq olunur. Və kulminasiya olaraq, "fövqəladə vəziyyət" yarandığı təqdirdə "müsibətin" aradan qaldırılması üçün "xilasedici missiyalar" daxil olur.
Bənzər strategiyanın tətbiq olunduğu ölkələrin siyahısında artıq neçənci ildir ki, İraq, Suriya, Əfqanıstan, Liviya və Tunis və s. qeyd olunur. Amerikalı iqtisadçı Cefri Saksın fikrincə, Yaxın Şərqdə yaranmış xaos Qərbin regiona dair son 100 il ərzində - Birinci Dünya Müharibəsində Osmanlı imperiyasının məğlub olmuş tərəfi seçdiyi dövrdən bəri tətbiq etdiyi müdaxilə siyasətinin nəticəsidir.
Son məqalələrinin birində C.Saks bunları yazır: "Beləliklə, qərb liderləri ərəblərdən və regionun digər sakinlərindən nəyə görə özlərini idarə edə bilmədiklərini soruşduqları zaman bu cavabı almağa hazır olmalıdırlar: "Bütöv yüzillik ərzində sizin müdaxilələriniz demokratik təsisatları dağıtdı (Əlcəzairdə, Fələstində, Misirdə və digər ölkələrdə keçirilən səsvermələrin nəticələrini rədd edərək); artıq xroniki hal almış davamlı müharibələri təhrik etdi; sırf xain mənafelərinizi güdmək məqsədilə ən qəddar cihadçıları silahlandırdı; bu gün Bamakodan Kabilə qədər uzanan ölüm sahəsini yaratdı ". Amerikalı linqvist və filosof Noam Homskiy də bu fikirlərlə razıdır. O, öz işlərində Yaxın Şərqdə baş verən hadisələrdə ABŞ-ın siyasətinin məhsuliyyət daşıdığını qeyd edir.
Lakin digər məşhur amerikalı filosof Sem Harris Homskiylə razılaşmır. Harris hesab edir ki, birincisi, diktatorların uzun müddət ərzində hakimiyyətdə qalmaları onların devrilməsindən sonra ölkədə baş qaldıran xaos və radikalizmin əsas səbəbidir; ikincisi isə, İslamın əhəmiyyətli rol oynamasıdır. O, həmçinin, bildirir ki, Quranda "Qeysərə Qeysərin payın verin, Tanrıya isə Tanrı payını"əhdi-cədid prinsipinin ekvivalenti yoxdur. Bunun nəticəsində, İslamda kilsə hakimiyyətinin dövlət hakimiyyətindən ayrılmasına heç bir əsas yoxdur, bu isə müəyyən problemin yaranması ilə nəticələnir.
Lakin Homskiy hesab edir ki, "qondarma demokratiyanın yaratdığı təhlükə "islam radikalçılarından" deyil, Şərq ölkələrinin Qərbdən müstəqillik əldə etmək istəyindən irəli gəlir". Məşhur "müstəqillik haqqında vəsaitin" müəllifi Cin Şarp öz "Diktaturadan demokratiyaya doğru" adlı kitabında yazır ki, xarici "xilasedicilərin" müdaxiləsi zamanı onlara etibar etmək gərək deyil və bir çox səbəblər gətirir, o cümlədən onların ölkədə iqtisadi, siyasi və hərbi nəzarəti ələ keçirmək arzularını qeyd edir.
Əfsuslar olsun ki, biz çox vaxt Fil Rozencveyqin "Halo təsiri" adlı kitabında təsvir olunmuş "halo təsirinin" altına düşürük: bu zaman subyektin bağışladığı ümumi müsbət təssürat onun digər cəhətləri və ya sonrakı hərəkətlərinə ötürülür. Məhz bu səbəbdən bir çox ölkələr Qərb ölkələrinin göstərdiyi "halo təsirinin" altında demokratiyanın kütləvi eyforiyası - "İphone demokratiyasına" könüllü olaraq qoşulurlar. Lakin bəzi səbəblərə görə bu eyforiya ölkədə gərgin fəsadlarla nəticələnə biləcək daimi krizis və ya xaosa gətirib çıxara bilər. Görünür, əsas məqsədin qurban tələb etdiyini iddia etmək olar. Lakin əslində bu, bir nəticə verməyəcək.
Massaçusets Texnoloji İnstitutunun iqtisadçı professorları Ester Düflo və Əbcihit Banerci "Kasıbların iqtisadiyyatı" adlı kitablarında kənardan gələn birdəfəlik köməyin (məsələn, A1 nöqtəsi əvəzinə startın dərhal A2 nöqtəsindən götürülməsi üçün kifayət qədər maliyyə vəsaitlərinin ayrılması) gəlirlərin daimi surətdə artması ilə nəticələnməyəcəyindən söz açırlar. Ən yaxşı halda bu, bir qədər daha sürətli irəliləyişə kömək edəcək, ancaq ilkin A3 trayektoriyasında dəyişikliklər etməyəcək.
Bu nəzəriyyəni iqtisadi müstəvidən siyasi müstaviyə keçirərkən yalnız hərbi deyil (İraq və Suriya ilə olduğu kimi), həmçinin iqtisadi "sərt gücün" (Kuba və İranla olduğu kimi) nəticəsiz tətbiqinin səbəbləri aydın olur. Bununla belə, tədqiqatlar göstərir ki, ABŞ-ın "yumşaq gücü" də effektiv deyil. Daha dəqiq desək, "zorla məlahətli ola bilməzsən".
Bəlkə, Yaxın Şərqdə mübarizə etmək və şəxsi maraqları zorakı yolla irəli çəkmək yerinə ABŞ ondan nəsə öyrənməli və cihadçılara dair əsas məlumatları əldə etməlidir. Xeyr, əlbəttə , dinsizlərə qarşı müharibə aparılmır (Qərb və Yaxın Şərqdə onun nəzarəti altında olan qüvvələrin cihadı təfsir etdiyi kimi). Bəlkə, sözügedən ölkə ilk öncə özü ilə mübarizə aparmağa başlamalıdır, dövlət "nəfsini" məhdudlaşdırmalıdır və dövlətlərin milli maraqlarını nəzərə alaraq, onlarla bərabər hüquqlu dialoq aparmalıdır? Və ola bilsin, bu zaman bu ölkə, nəhayət,dünyada "Zülmətlərin hökmdarı" kimi tanınmayacaq.