Suriya müharibəsinin səbəbləri və mümkün həll yolları Dünya

Suriya müharibəsinin səbəbləri və mümkün həll yolları

Artıq bu münaqişənin həll edilməsi vaxtı çatıb

Cavid

Suriya hazırda dünyanın ən böyük humanitar fəlakəti və geosiyasi baxımdan ən təhlükəli bölgəsidir. 400 mindən çox insanın həlak olduğu, on milyonlarla insanın məcburi köçkünə çevrildiyi Suriya qan gölünə dönüb. Xarici himayədarları tərəfindən dəstəklənən zorakı cihadçı qruplar ölkəni viran qoyub. Münaqişənin bütün tərəfləri – Bəşər Əsəd rejimi, ABŞ və müttəfiqlərinin Əsədə qarşı dəstəklədiyi qüvvələr və İslam dövləti – ciddi müharibə cinayətləri törətmiş və törətməyə də davam edirlər. "Project-syndicate" xəbər verir ki, artıq bu münaqişənin həll edilməsi vaxtı çatıb. Ancaq həll yolu da ilk növbədə hazırkı müharibəyə səbəb olan amillərin məsuliyyəti real şəkildə qəbul edilərək tapıla bilər.
Belə ki, hadisələrin xronoloji ardıcıllığı belədir: 2011-ci ilin fevralında Suriyanın əsas şəhərlərində dinc etirazlar başladı. Əsəd rejimi hadisələrə gah nümayişçilərə atəş açıb etirazları zorakı şəkildə yatırmağa çalışaraq, gah da islahat təklifləri irəli sürərək reaksiya verdi. Qısa bir müddətdə zorakı hallar artdı. Əsədin əleyhdarları rejimi dinc vətəndaşlara qarşı hədsiz güc tətbiq etməkdə günahlandırarkən hökumət etirazçılar arasında zorakı cihadçıların da olduğunun sübutu kimi əsgər və polislərin ölüm hallarını göstərdi.
2011-ci ilin mart-aprel aylarında qonşu ölkələrdən Suriyaya rejimə qarşı sünni döyüşçülər və silahlar daxil olmağa başladı. Cihadçıların polislərə hücum etdiklərini gördüklərini deyən şahidlər də var. Ancaq hadisələrin üstündən hardasa beş il keçdiyini nəzərə alsaq, bu məlumatların nə qədər doğru olduğunu demək çətindir.
ABŞ və onun regional müttəfiqləri Misirdə Hüsnü Mübarək və Tunisdə Zeynalabdin Ben Əli kimi Əsədin də çox tab gətirə bilməyəcəyini düşünərək 2011-ci ilin yazında Suriya rəhbərini hakimiyyətdən devirməyə çalışdılar. Bir çox müşahidəçilər Qətərin Suriya daxilində rejim əleyhinə fəaliyyətin artmasına dəstək verdiyini və Əsəd əleyhinə fikirləri bütün dünyaya yaymaq üçün Dohada yerləşən "Al Jazeera" TV kanalından istifadə etdiyini iddia edirlər.
ABŞ Əsəd rejiminə qarşı ciddi ticarət və maliyyə sanksiyaları irəli sürdü. ABŞ-ın rəsmi siyasətini idarə edən "The Brookings Institution" qurumu Əsədin hakimiyyətdən getməsini tələb etdi və ABŞ mediasında Əsədə qarşı aparılan təbliğatlar artdı. Həmin vaxtda qədər ABŞ mediasında Əsəd avtoritar olsa da, nisbətən zərərsiz biri hesab olunurdu və həmin dövrdə ABŞ-ın dövlət katibi olan Hillari Klinton 2011-ci ilin martında ABŞ konqresində bir çoxlarının Əsədi islahatçı bir rəhbər hesab etdiklərini bildirmişdi.
Prezident Barak Obama ilə Klintonun "Əsəd hakimiyyətdən getməlidir" demələri ilə müharibənin başlaması 18 avqust, 2011-ci il tarixinə təsadüf edir. Həmin ana qədər zorakılıq hallarını nisbətən nəzarət altında saxlamaq mümkün idi. Belə ki, dinc vətəndaşlar və döyüşçülər daxil olmaqla, ölənlərin ümumi sayı 2900-ə qədər idi. Avqust ayından sonra isə ölüm səviyyəsi yüksəldi. Bəzən ABŞ-ın həmin vaxt qəti şəkildə hərəkətə keçmədiyi iddia edilir. Obama lazımi səviyyədə tədbir görmədi deyə siyasi düşmənlərinin tənqidlərinə məruz qalır. Ancaq əslində ABŞ əksərən gizli və müttəfiqləri, xüsusilə də, Səudiyyə Ərəbistanı və Türkiyə vasitəsilə olsa da, Əsədi hakimiyyətdən devirmək üçün hərəkətə keçdi. MKİ (Mərkəzi Kəşdiyyat İdarəsi - CIA) və Səudiyyə Ərəbistanı gizli şəkildə birgə fəaliyyət göstərməyə başladı.
Təbii ki, müharibənin xronologiyası onun səbəblərini göstərmir. Bunun üçün əsas iştirakçıların məqsədlərini araşdırmaq lazımdır. Hər şeydən əvvəl, Suriyadakı müharibə, əsas etibarilə, ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə və İranın əlaltıları vasitəsilə aparılan bir müharibədir. ABŞ və müttəfiqləri, Səudiyyə Ərəbistanı və Türkiyə Əsəd rejimini devirmək üçün 2011-ci ildə müharibəyə başladı. ABŞ müttəfiqliyinə qarşı isə Rusiya və İran Əsəd rejimi ilə birgə vuruşan Hizbullahı dəstəklədi.
ABŞ-ın Əsəd rejimini devirməkdəki marağı bu rejimin İran və Rusiyanın dəstəyinə arxalanması ilə əlaqədar idi. ABŞ düşünürdü ki, Əsədi hakimiyyətdən uzaqlaşdırmaqla, İranı zəiflədəcək, Hizbullaha zərbə vuracaq və Rusiyanın geosiyasi gücünü azaldacaq. Amerikanın Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər daxil olmaqla, şiə Əsəd rejiminin sünni rejimlə əvəz olunmasında maraqlı olan müttəfiqləri bunun eyni zamanda regional rəqibləri olan İranı zəiflədib Yaxın Şərqdə şiələrin ümumilikdə nüfuzunu azaldacağını düşünürdülər.
Əsədin asanlıqla hakimiyyətdən uzaqlaşdırılacağına inanan ABŞ yenə də öz təbliğatlarına güvənirdi. Ciddi müxalifətlə qarşı-qarşıya olan rejimin eyni zamanda ölkə daxilində əhəmiyyətli dərəcədə dəstəyi, daha önəmlisi isə, İran və Rusiya kimi güclü müttəfiqləri var idi. Bu müttəfiqlərin heç birinin müdaxilə etməyəcəyini düşünmək sadəlövhlük idi.
ABŞ 1980-ci illərdə Əfqanıstanı sonradan əl-Qaidəni quran sünni cihadçılarla doldurduğu kimi Suriyada da eyni tədbiri gördü. Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər və ABŞ müntəzəm olaraq çirkli işlərini gördürüb kənara atacaqlarını düşündükləri ən zorakı cihadçı qrupları dəstəklədilər.
ABŞ və Avropa mediası Rusiyanın Suriyada hərbi müdaxiləsinin ekspansionist xarakter daşıdığını və xainlik olduğunu bildirir. Həqiqət isə fərqlidir. BMT Nizamnaməsinə əsasən ABŞ başqa bir ölkədə mövcud rejimi devirmək üçün müttəfiqlik qura, döyüşçü maliyyələşdirə və ölkəyə ağır silah sızdıra bilməz. Belə olan halda, Rusiya özbaşına fəaliyyətə keçmir, sadəcə ABŞ-ın fəaliyyətinə, müttəfiqinə qarşı apardığı provokasiyalara cavab verir.
Müharibəyə son qoymaq üçün altı prinsipə riayət edilməlidir. Birincisi, ABŞ Əsəd rejimini devirmək üçün apardığı həm açıq, həm də gizli əməliyyatları dayandırmalıdır. İkincisi, BMT Təhlükəsizlik Şurası ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər və İran daxil olmaqla, bütün ölkələri Suriya daxilində hərbi qüvvələrin silahlandırılması və maliyyələşdirilməsini dayandırmağa çağıraraq danışıqlar əsasında atəşkəs elan etməlidir. Üçüncüsü, bütün hərbiləşdirilmiş fəaliyyətlər dayandırılmalı, dördüncüsü, BMT Təhlükəsizlik Şurası Suriya hökumətini müxaliflərə qarşı cəza tədbirlərindən yayınmaqda məsul tutmalıdır. Beşincisi, "azad seçkilər" üçün tələsmək əvəzinə bütün tərəflərin inamını bərpa edərək tədricən siyasi keçid dövrü başladılmalıdır. Son olaraq, Körfəz dövlətləri, Türkiyə və İran davamlı sülh yarada biləcək regional səviyyəli danışıqlar aparmağa məcbur edilməlidir. Regionda stabil nizama gedən yola xarici qüvvələr yox, min illərlə birgə yaşamış ərəblər, türklər və iranlılar rəhbərlik etməlidir.