Rusiya prezidenti Qərbə nifrət bəsləyir? Dünya

Rusiya prezidenti Qərbə nifrət bəsləyir?

İndiki rəhbərlik "azadsızlığın müqəddəsləşdirilməsi"nə meyillidir

Cavid

Rusiyanı kollaps nə zaman yaxalayacaq? Dibə vuran neft qiymətləri, Qərbin sanksiyaları, inflyasiya, demoqrafik böhran… İkinci rus inqilabını nə vaxt gözləmək olar? Gələn il birincinin yüz illik yubileyidir – 1917-2017?
"Reuters" yazır ki, yüz il bundan əvvəl saylarının heç də böyük olmamasına baxmayaraq, əsgərlər, fəhlə və kəndlilər Sankt-Peterburqun dəbdəbəli saraylarında məskunlaşmış varlı zadəganlara qarşı üsyana qalxdılar.
Hazırda Prezident Putinin rəhbərlik etdiyi postsovet hakim sinfi, Moskva Kremlinin qızıla bürünmüş saraylarında yerləşərək, varlanmaq yolu ilə öncəki maddi imkansızlıqlarının əvəzini çıxmağa cəhd göstərirlər.
Bu arada isə, inqilabi heç bir əlamət yoxdur. Hətta ciddi nümayişlər də müşahidə olunmur. Kremldəki hörümçək torunun mərkəzində oturan adamın hələ də buludların üstündə gəzən populyarlıq reytinqi var. Belə bir vəziyyət Rusiyanın 2014-cü ildə Ukraynanın Krım bölgəsini özünə ilhaqından bu yana davam etməkdədir.
Görkəmli liberal analitik Andrey Kolesnikov yazır ki, Rusiyanın indiki rəhbərliyi "azadsızlığın müqəddəsləşdirilməsi"nə meyillidir, çünki "yeni ictimai müqavilə" – rus xalqından Krım və milli qürur hissləri naminə azadlıqdan imtina etməsini tələb edir. Qürur hissinin bu cür parıldaması, müvafiq şəkildə Stalinə qarşı aktiv fərəh yaradır. Qürurverici "Rusiya yenidən böyük dövlətdir" fikrinin ağıllara yerləşdirilməsi, Kremlin ən böyük və bəlkə də, yeganə oyun kartıdır. Onlar hələ bu kartdan təkrar-təkrar oynayacaqlar.
Tanınmış iqtisadçı Robert Kaplan bu yaxınlarda yazdığı məqaləsində qeyd edirdi ki, Putinin "xarici siyasəti yaradıcı olmalı və öz ölkəsində sabitliyin təminatını nəzərə alıb, düzgün hesablar aparılmalıdır". Doğrudanmı Rusiya prezidenti Qərbə nifrət bəsləyir? Yoxsa, qəsdən özünü bu cür aparır? Məlum deyil, amma indi onun həyatda qalması bundan çox asılıdır.
Putinin bütün uğurları bir problem ilə toqquşur. Krımın zəbt olunması, hələ sanksiyalardan öncə də yaranmış çətin iqtisadi dövrləri kompensasiya edib. Putinin ictimaiyyətlə bağladığı – dövlətə tabe olmaq və liderlərinin varlanmasına icazə verilməsinin əvəzinə, əhalinin istehlak tələbinin durmadan artırılması kimi özünəməxsus müqaviləsi, bir mövzu kimi artıq arxada qalıb.
Kolesnikovun dediyi kimi, dövlət ideologiyası gələcəklə bağlı heç bir konsepsiya irəli sürmür, onun təklifinin fundamentində Rusiyanın keçmiş şöhrətinin qaytarılması dayanır. Bu baxımdan belə bir konsepsiyanın yaşama müddəti çox məhdud ola bilər. Robert Kaplan bu fikirlə razılaşaraq deyir: "Putin öz rejimini iqtisadi kollapsın ziyanlarının törədəcəyi nəticələrdən qoruya bilməyəcək".
Londondakı xarici siyasət üzrə "Chatham House" araşdırmalar mərkəzində çıxışı zamanı, hazırda Florida Universitetinin professoru olan və Putinin ilk prezidentlik müddətində iqtisadiyyat nazirinin birinci müavini işləyən Mixail Dmitrev özünü ehtiyatlı iqtisadçı nümunəsi kimi aparırdı. Onun fikrinə görə, Rusiya iqtisadiyyatını mütləq şəkildə fəlakətli adlandırmaq olmaz. Mərkəzi bank iqtisadi çöküşün önünü ala bilib. İşsizlik bəzi qərb ölkələrinə nisbətən aşağı – 6%-lik səviyyədədir. Neftdən asıllıq isə iqtisadiyyatın digər sahələrinin diversifikasiya edilməsinə marağı artırıb.
Ancaq bütün bunlara baxmayaraq, ölkə əvvəlki kimi yenə də tənəzzül vəziyyətindədir. Göstəricilərə əsasən bu il iqtisadiyyat 1,5 faiz daralacaq. Ən yaxşı halda iqtisadi artım 2017-ci ildə 0,9%, 2018-ci ildə isə 1,2 % təşkil edə bilər. Əgər şans yaranarsa, böhrandan əvvəlki Ümumi Daxili Məhsulun səviyyəsinə ölkə yalnız on ildən sonra çatar.
İşsizlik ona görə aşağı səviyyədədir ki, əməkdaşların işdən çıxarılması əvəzinə, müəssisələr onların məvaciblərini azaldırlar. Hər şeydən öncə, ən çox istehlaka zərbə dəyir.
Yuxarı siyasi sinfin populyarlığının aşağı düşməsi təəccüblü deyil. Baş nazir Dmitri Medvedyevin nüfuzu, bir çox regionların qubernatorları səviyyəsindədir. Bunu Vladimir Putin haqqında söyləmək olmaz. Digər avtokratlar kimi Rusiya prezidenti siyasi mübarizə içərisindədir. O, bir qayadır və rejim bu qayanın üzərində qurulub. Ona görə də, o əvəzedilməz insandır. Əgər Putinə olan dəstək və hətta, əksər rusiyalının ona qarşı bəslədiyi məhəbbət laxlayarsa, onda indiki hakimiyyət strukturu hər şeyi itirəcək.
Belə olarsa, biz naməlum əraziyə düşmüş olacağıq. Burada Rusiya artıq bir lider ətrafında birləşməyəcək. Dmitrev qeyd edib ki, Rusiyadakı manifestasiyalar həmişə olduğu kimi iqtisadi burulğanlardan bir neçə il gecikir. 2011-ci ildəki etiraz dalğası, 2008-ci ildəki iqtisadi geriləmədən üç il sonra baş vermişdi. Etiraz hərəkatları lider qismində-daha güclüsünü, aqressiv millətçi qrupları və ya putinizmin sona çatması ilə bu böyük ölkəni Avropa ilə yeni münasibətlər reysinə sala biləcək şəxslərə ehtiyacı yetişdirir.
"Avropa taleyi" ideyası, Mixail Qorbaçovun 1980-cı illərin sonunda Sovet İttifaqının dünyaya açılmasına etdiyi cəhddən irəli gəlir. Müəyyən mənada bu ideya Boris Yeltsinin rəhbərlik etdiyi hakimiyyət dövründə də aktuallığını saxlayırdı. Həmin mövzu ətrafında bir qədər Vladimir Putin də oynamışdı. Lakin sonradan o bu məsələdən qətiyyətli şəkildə uzaqlaşdı.
Əgər Putin uğursuzluğa düçar olarsa, onda heç olmazsa yenidən dirçəlmək üçün şans var. Yox, əgər Avropa ideyasına söykənənlər uğursuzluqla qarşılaşarsa,onda biz təhlükəli ərazinin dərinliklərinə qərq olacağıq.