Rusiyanın Krım planı Dünya

Rusiyanın Krım planı

Kreml Ukrayna üzərində imperialist siyasətini davam etdirmək fikrindədir
Gennadi Moskal: "Tatarlar olmasaydı, biz də çoxdan öz Qarabağımızı, Osetiya və Dnestryanı problemlərimizi yaşayardıq"

Cavid

Şərqi Avropanın ən böyük və qüdrətli dövlətlərindən biri olan Ukrayna artıq Rusiyanın orbitindən çıxmaq üzrədir. Putin hakimiyyəti sonadək Yanukoviç hakimiyyətinə dəstək verə bilmədi. Prezident Yanukoviçin müxalifətlə xalqın birliyi qarşısından geri çəkilməsini görən Putin hakimiyyəti vəd etdiyi krediti də dondurub. Artıq Putin hakimiyyəti Ukraynanı özündən asılı vəziyyətə salmaq üçün altenrantiv planlar üzərində baş sındırmaq məcburiyyətində qalıb.
Təbii ki, Putin hazırda Ukraynada baş verənləri kənardan müşahidə etməklə kifayətlənir. İndi onun başı Soçi Olimpiadasına qarışıb. Fevralın 23-də olimpiada başa çatandan sonra Putin Cənubi və Şimali Qafqazla yanaşı, Ukrayna məsələsinə də yenidən baxacaq. O zamana kimi isə Yanukoviç müxalifətin bütün şərtlərini qəbul edə və növbədənkənar prezident və parlament seçkilərinin tarixi də müəyyənləşə bilər. Əgər Ukraynada yeni hakimiyyət Putinin maraqlarına cavab verməzsə, onun layihələrinə yox, Avropaya inteqrasiya yolunu tutarsa, onda Kreml ənənəvi siyasətə - şantaj və təxribatlara əl atacaq. Bu variant Rusiyanın imperialist siyasətinnin mayasıdır.
Bəs bu zaman Kreml məkrli siyasətini necə, hansı vasitə ilə həyata keçirəcək? İlk növbədə Krım göz önünə gəlir.
Tarixə qısa nəzər salaq: Sov İKP MK-nın o vaxtkı birinci katibi Nikita Xuruşov hələ 1944-1947-ci illərdə Krımın Ukraynaya birləşdirilməsi məsələsini düşünürdü. Həmin illər Nikita Xruşşov Ukraynada Hazirlər Sovetinin sədri idi. Stalinin ölümündən bir il keçməmiş, 1954-cü ilin yanvarın 25-də Krımın Rusiyadan alanaraq Ukraynanın tərkibinə keçirilməsi haqqında məsələ Sov İKP MK Rəyasət Heyətində müzakirəyə çıxarıldi. Məsələ 11 bəndən ibarət idi, vur-tut 15 dəqiqə müzakirə edildi. Rəyasət Heyəti Krımla bağlı təklifi qəbul etdi. Krım Rusiyadan alınaraq Ukraynaya verildi. Partiyanən bu qərarına əsasən 1954-cü il fevralın 19-da SSRİ Ali Sovetinin Rəaysət Heyəti fərman verdi. Buna qədər Rusiya Sovet Fedaritiv Respublikasının Rəyasət Heyəti məsələni müzakirə etmişdi. Rəyasət Heyətinin 29 üzvündən 13-ü iştirak etsə də qərar qəbul edilmişdi. Əslində yetərsay olmadığına görə Rəyasət Heyəti belə qərar qəbul etməyə səlahiyyətli deyildi. SSRİ vahid dövlətdi, bir ərazinin bu respublikanın, yaxud digərənin olması o qədər də əhəmiyyət kəsb etmirdi. Heç kim yerli əhalinin fikrini soruşmamışdı, məsələ ilə bağlı referendum keçirmək günfəlikdə olmamışdı. Tarixçilərin fikrincə, partiya rəhbərləri bu mövzunu dilə belə gətirmədilər.
Araşdırmaçı Surxay Hüseynlinin sözlərinə görə, SSRİ adlı imperiya dağılandan sonra, 1990-ilin iyul ayının 16-da Ukrayna müstəqiliyini elan etdi. Bir il sonra bu respublika SSRİ-nin tərkibindən çıxdı. Əlbəttə Krım da Ukraynanın tərkibində qaldı. Nikita Xruşşovun oğlu Sergey Xruşşov Krımımn Ukraynaya verilməsində atasının rolunu şişirdinlərə müsahibəlrindən birində belə cavab verib: "Əgər rusiyalılar Krım məsələsinə görə günahkar axtarırlarsa, Belovejsk Puşede keçirilən üç respublika, Rusiya, Ukrayna və Belorus rəhbərlərinin SSRİ-nin dağılması haqqında sənəd imzaladıqları görüşü xatırlasınlar. Onda Ukrayna rəhbəri Kravçuk Rusiya prezidenti Boris Yeltsindən soruşur: Bəs Krım məsələsi necə həll ediləcək? Yeltsin isə "hə, istəyirsən götür" cavabını verib. Krımı Ukraynaya Xruşşov yox, Boris Yeltsin hədiyyə verib, abidəni Yeltsinə qoyun!"
Başqa bir versiyaya görə Krım Ukraynanın Rusiyaya birləşdirilməsinin 300 iliyinə görə Ukraynaya hədiyyə verilib. Əlbəttə, Krım əslində heç Rusiyanın da torpağı deyil! Krım tatarları Rusiyanın müstəmləkəsinə keçəndən bəri repressiyalara və zorla köçürülmə siyasətinə məruz qalıb. Sovet hakimiyəti qurulduqdan sonra Krımda tatar adlarının dəyişdirilməsinə başlandı. 1948-ci il sentyabrın 25-də Krımda tatar mənşəli yer, küçə adları dəyişdirilməsi haqqında sərəncam imzalandı. Həmin il Krımın da adının dəyişdirilməsi məsələsi qaldırıldı.
Bəs tarixin indiki dönəmində Ukraynada baş verən böhran ölkəni parçalaya bilərmi? Hər halda rusiyapərəst Krım hakimiyyəti Kiyevə avrointeqrasiya kursu seçiləcəyi halda Ukraynadan ayrılacaqları barədə ultumatumu verirlər.
Krım rəhbərliyi Ukraynadan ayrılacağından danışır, amma bir məqamı unudurlar ki, 230 il əvvəl Osmanlı İmperiyası ilə çar Rusiyası arasında bağlanmış Kiçik Qaynarca müqaviləsinə görə yarımadanın müstəqillik hüququ yoxdur. Həmin müqavilə bu gün də qüvvədədir və 1783-ci ildə çar II Yekatirina tərəfindən imzalanmış həmin müqavilədə yazılıb ki, yarımada öz müstəqilliyini elan edə bilməz və üçüncü ölkəyə verilə bilməz. Belə olan halda Krım avromatik şəkildə Türkiyənin ərazisi hesab olunur.
1991-ci ildə SSRİ dağıldı, Ukrayna öz müstəqilliyini elan etdi. Həmin il Türkiyə Kiçik Qaynarca müqaviləsinə istinad edərək Krımı geri tələb edə bilərdi. Amma o vaxt Türkiyə prezidenti Turqut Ozal yaranmış geosiyasi vəziyyəti nəzərə alaraq bu məsələni qaldırmadı. Türkiyə hökuməti Krım tatarlarının huquqlarının qorunması ilə bağlı bəyanatla kifayətləndi. İndi həmin hadisələrdən xeyli vaxt keçib. Krım Rusiyaya birləşməsi üçün əvvəlcə Ukraydan ayrılmalıydı. Türkiyə yalnız Krım ayrılandan sonra öz sözünü deyə bilərdi.
Əgər bu tarixi faktlara istinadə etsək, onda Krım uğrunda Rusiya - Türkiyə mübarizəsi başlaya bilər.
Bu gün Ukraynanın ərazi bütövlüyünün təhdid olunmasının arxasında məhz Rusiya dayanır. Bu Kremlin ənənəvi siyasətidir. Hecə ki, 90-cı illərin əvvəllərində Azərbaycana, Gürcüstana və Moldovaya qarşı tətbiq olunub.
Fikir verin, Kremlin oyunu ilə 1990-cı il sentyabrın 2-də bölgədə referendum keçirilərək, SSRİ-nin tərkibində Dnestryanı Moldova Muxtar Respublikası təsis edilib. 1990-cı ilin dekabrında isə referendum keçirilərək, Dnesrtyanı Moldova Respublikası "müstəqil dövlət" elan olunub. O vaxt Dnestryanıda dislokasiya olunmuş Rusiyanın 14-cü ordusu general Lebedin rəhbərliyi ilə separatçıların müdafiəsinə qalxıb, Moldova qüvvələrini geri sıxışdırıb. İyulun 22-də Rusiya və Moldova rəhbərləri Boris Yeltsin və Mirça Snequr arasında atəşkəs haqqında saziş imzalanıb. İmzalanma mərasimində Dnestryanı separatçılarının lideri İqor Smirnov da iştirak edib. Atəşkəs sənədinə əsasən, təhlükəsizlik zonası yaradılıb. Sülhyaratma əməliyyatlarına birgə sülhyaratma qüvvələri cəlb olunub. Qüvvələr nisbəti isə belə müəyyənləşdirilib: Moldovadan 300, Dnestryanıdan 300, Rusiyadan isə 500 hərbçi... O vaxtdan problemin həlli istiqamətində sonu bitməyən danışıqlar başlayıb. Danışıqlar prosesi əvvəlcə tərəflərin öz arasında aparılsa da, sonradan format genişlənib və dəyişib.
Cənubi Osetiya və Abxaziya, Dağlıq Qarabağ münaqişəsinin yaranmasında da Kreml mahiyyətcə eyni ssenariləri həyata keçirib.
Politoloq Musa Taipovun sözlərinə görə, Ukraynadakı hazırki siyasi proseslər Rusiyanın maraqlarına cavab verən şəkildə başa çatmasa, Putin Ukraynada təxribata əl atacaq: "Ola bilər ki, Krımın Rusiyaya birləşdirilməsi məsələsi gündəmə çıxarılsın. Amma burada Moskva üçün bir qədər çətinlik yaranır. Axı Krım Osmanlı Türkiyəsinə məxsus olub. Tarixi faktlara istinad etsək, əslində Krım türklərə məxsusdur. Amma Rusiya imperiyası torpaq ələ keçirmək, qan tökmək, millətləri üz-üzə qoymaq siyasətini çox asanlıqla həyata keçirir. Mənə elə gəlir ki, bu məsələ Putin hakimiyyəti tərəfindən qaldırılacaq, amma bu sonadək davam etməyəcək. Putin hakimiyyəti üçün əsas şərt millətləri üz-üzə qoymaq, qarşıdurma yaratmaqdır. Bunu asanlıqla bacarır, baxın, Şimali və Cənubi Qafqaza. Ukrayna Putinin əlindən çıxarsa, əvvəlcə bu ölkəyə iqtisadi basqılar edəcək, sonra isə milli münaqişə yaradacaq".
Politoloq Vaqif Arzumanlının fikrincə, Krım, Qarabağ, Osetiya, Abxaziya, Dnestryanı zəncirvari münaqişələrə aiddir: "Hələ Ukrayna SSRİ tərkibindən çıxan zaman Rusiya çox istədi ki, Krım ətrafı, Qara dəniz hövzəsində öz hərbi donanmasını saxlasın. Yanukoviçdən öncə üç prezident buna razılıq vermədi. Yanukoviç hakimiyyətə gələndən sonra Rusiya bu planından bəhrələndi. İndi Rusiya Krımdan Yanukoviçi dəstəkləyən bir ərazi kimi istifadə edir. Amma burada bir məsələ var, bu da Krım tatarlarının muxtariyyət statusu Rusiyaya mane olur. Bu məsələ olmasaydı, Rusiya çoxdan Krımı öz təsiri altına almışdı. Ukrayna nə Azərbaycan, nə Gürcüstan, nə də Moldova deyil. Rusiya Ukraynaya təsir edə bilməyəcək".
Ukrayna Daxili İşlər nazirinin keçmiş müavini, Krım milisinin keçmiş rəhbəri, 2006-2007-ci illər üçün prezidentin Krım üzrə xüsusi nümayəndəsi və "Batkivşina" partiyasından olan xalq deputatı Gennadi Moskal Ukrayna təhlükəsizlik orqanı nümayəndələrindən separatçı çağırışların dərhal incələnməsini tələb edib: "Krım Ukraynanın tərkib hissəsidir. Odur ki, Rusiya tərəfindən hər hansı müdafiədən söhbət gedə bilməz! Hanı bizim təhlükəsizlik orqanlarımız? Niyə ərazi bütövlüyünü nəzərdə tutan 110 maddəyə uyğun cinayət açılmır? Belə görünür ki, Krım Ali Radası müstəqil deyil və prezident tərəfindən idarə olunur. Krımın qorunması faktoru olan tatarlar olmasaydı, biz də çoxdan öz Qarabağımızı, Osetiya və Dnestryanı problemlərimizi yaşayardıq".
Qeyd edək ki, 19 fevralda Krım parlamenti öz növbəti sessiyasında muxtar vilayətin statusu ilə bağlı referendum keçirilməsi üçün Rusiyaya müraciət etməyi planlaşdırır.
Krım parlamenti üzvlərinin muxtar vilayətin hüquq və səlahiyyətlərinin artırılması ilə bağlı Rusiyaya müraciət təşəbbüsündə bulunması Ukrayna müxalifəti tərəfindən şiddətlə qınanıb.