Avropa liderləri danışıqlara başlayıblar Dünya

Avropa liderləri danışıqlara başlayıblar

Britaniya çıxılmaz vəziyyətə düşüb

Cavid

Dünən Avropa Birliyi liderləri ikigünlük sammitə yığışıb. Ötən həftə Britaniya AB-dən çıxmağa səs verəndən sonra bu, ilk belə toplantıdır. Brüssel sammitindən bir gün öncə Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və İtaliyanın baş naziri Matteo Renzi birgə bəyanatlarında deyiblər ki, Avropa "bölünməzdir".
Liderlərin bildirdiyinə görə, Britaniya birlikdən çıxmağa dair rəsmi proseduru başlatmağı nəzərdə tutan Lissabon Sazişinin 50-ci maddəsini işə salmayınca, Britaniyayla gələcək münasibətlərlə bağlı heç bir qeyri-rəsmi danışıqlar olmayacaq. Vəzifəsindən gedən baş nazir David Kameron dəfələrlə deyib ki, o, vəzifədə əvəzlənməyincə, bu baş verməyəcək. Kameron sentyabrda gedir. Amma o da bu toplantıya qatılıb.
Xarici mətbuatın yazdığına görə, Avropa İttifaqının liderləri, London ölkənin ittifaqdan çıxışının başlanğıcı olacaq 50-ci maddəni imzalamayınca Britaniya ilə hər hansı rəsmi və ya qeyri-rəsmi danışqılardan imtina ediblər. Bu üç lider bildiriblər ki, Britaniya Avropa İttifaqı nizamnaməsinin ittifaqdan çıxış barədə 50-ci maddəsini işə salmadan Londonla heç bir dialoqa girilməyəcək. Bu Britaniya funt sterlinqinin son 31 ildə düşdüyü ən aşağı həddə London üçün son dərəcə xoşagəlməz xəbərdir. Az əvvə alınan xəbərə görə ölkənin kredit reytinqi yenə endirilib.
Angela Merkel deyib ki, Britaniyanın ittifaqı tərk etməsi nə qədər ağrılı olsa da, bu proses sürətləndirilməlidir. O deyib ki, Britaniya ilə ittifaqdan çıxışın şərtləri barədə danışıqlar, London çıxış qərarını rəsmən təsdiq etmədən baş verə bilməz. Olland və Renzi də buna bənzər bəyanatla çıxış ediblər.
Problem burasındadır ki, Britaniyanın baş naziri David Kameron istefasını elan edib və deyib ki, Avropa İttifaqından çıxışın təsdiqi olan 50-ci maddəyə start verməyəcək. Kameron bildirib ki, bunu ölkənin yeni baş naziri etməlidir. Ölkənin yeni baş nazirliyinə namizəd, keçmiş London meri Boris Conson da bu məsuliyyəti üzərinə götürmək istəmir. O ölkənin Avropa İttifaqından çıxması kampaniyasına rəhbərlik edib. İndi isə cənab Conson gözə dəymir və hətta parlamentin bugünkü iclasına qatılmayıb.
Təhlilçilər bildirirlər ki, Britaniyanın ittifaqdan çıxması ən azı ilkin mərhələdə ölkənin iqtisadiyyatına və maliyyə bazarına böyük zəlzələlər gətirəcək. Bunun ardınca başlanacaq tədbirlər olaraq bank faizlərinin və vergilərin qalxması, istehlak mallarının bahalaşması və iş yerlərinin itirilməsi göstərilir. Siyasi təhlilçilər bildirirlər ki, belə bir şəraitdə heç bir hökumət ictimai narazılığın qarşısında tab gətirə bilməz.
Bu arada Britaniyanın müxtəlif yerlərində etnik azlıqlar və miqrantlar üzərinə hücumlar qeydə alınır. Ayrı-ayrı dəstələr mühacirləri ölkəni tərk etməyə çağırırlar. Xüsusilə də ölkədəki Polşa vətəndaşlarına qarşı həqarət törədilir. Ölkənin qocaman siyasətçilərindən keçmiş xarici işlər naziri lord Heseltine deyib ki, hakimiyyəti məhz Avropa İttifaqından çıxmaq kampaniyası aparan Boris Consona və tərəfdarlarına vermək lazımdır. Onun fikrincə, onları qarşıdan gələn fəlakət üçün məsul etmək gərəkdir ki, günahı sonradan başqalarının üstünə ata bilməsinlər. Avropa İttifaqının Britaniya ilə heç bir danışıq aparmayacağına dair xəbərə rəsmi London heç bir reaksiya verməyib. Baş nazir Kameron sabah danışqılar üçün Brüsselə gedəcəyini elan etmişdi.