Qərbin Türkiyə ilə bağlı inanılmaz planı Dünya

Qərbin Türkiyə ilə bağlı inanılmaz planı

Bu gün Qərbin Türkiyəni tamamilə Mosul əməliyyatlarından kənarda saxlamağa çalışması ciddi səbəblərə söykənir. Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi uğurlu əməliyyatlardan sonra, Mosul vasitəsilə İraqın şimalına da müdaxilə edərək sərhədi boyu təhlükəsizlik halqası yaratması, əslində, Qərbin, İranın, Səudiyyənin, hətta qarşılıqlı referanslara rəğmən, Rusiyanın belə marağında deyil.
Bu sözləri açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, hazırda Qərb Türkiyəni Suriyanın şimalında Fəratın sol sahili ilə yetindirib, dolayısı ilə Mosul əməliyyatlarından təcrid etməklə İraqın şimalından kənarda saxlamağa çalışır:
"Bu, Qərbin Türkiyə ilə bağlı böyük taktiki planıdır. Türkiyə Cerablus və onun ətrafında bəzi məntəqələr vasitəsilə yaradılacaq təhlükəsizlik zonası ilə kifayətləməyə məcbur buraxıla bilər. Çünki Qərb istər Rakka, istərsə də Hələbin qardaş ölkənin nəzarəti altına keçməsində maraqlı deyil. Məhz bu səbəbdən də Türkiyə Qərbin bütün israrlarına və Rakkanı başlıca hədəf olaraq işarə etməsinə rəğmən, təkbaşına hücum əməliyyatı keçirməyəcəyini birmənalı şəkildə, ən yüksək səviyyədə bəyan etdi. Unutmaq olmaz ki, bölgədə vəziyyət son dərəcə həssasdır və əməliyyatların hər hansı bir mərhələsində uğursuzluğa düçar olacağı təqdirdə Türkiyə əldə etdiklərini də itirmək təhlükəsi ilə üz-üzə qala bilərdi".
Analitik əsas strateji maraqların bundan sonra Hələb və Mosul üzərində toqquşacağını və proseslərin çıxılmaz hal ala biləcəyini deyib:
"Rusiya Hələblə bağlı öz marağını birmənalı şəkildə ortaya qoyur. Əsəd bu şəhər üzərində minimum olsa belə, nəzarətini saxlamağa çalışır. İran da rejimə hər cür dəstəyini davam etdirməkdədir. Qərb isə dəstəklədiyi kürd peşmərgələri və başqa müxalif qüvvələrin əli ilə bu şəhəri öz nəzarətinə keçirməyə çalışır. Nəhayət, ərəb ölkələri ASO-nun tərkibində olan müxtəlif radikal qruplaşmalar - Nüsrə Cəbhəsi, həmçinin ərəb tuqayları ilə prosesdə iştirakını təmin etməyə çalışır. Belə bir qarışıq şəraitdə, əslində, Türkiyənin hazırlıqsız şəkildə Rakka və Hələb üzərinə getməsi çox risklidir".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk hərbçilərinin Mosulun azad edilməsi əməliyyatında iştirakı ilə bağlı ABŞ-la razılaşdığını bildirib.
Bu arada Suriya Silahlı qüvvələrinin rəsmi bəyanatına istinadən Reuters agentliyi məlumat yayıb ki, Suriya hərbçiləri bəyan ediblər ki, əgər Türkiyənin hərbi təyyarələri ölkənin hava məkanını pozsalar, onları vuracaqlar.
"Suriya ordusu və silahlı qüvvələri xəbərdarlıq edirlər ki, Türkiyə hərbi təyyarələri yenidən Suriyanın hava məkanını pozacaqları təqdirdə onları istənilən mümkün vasitələrlə vurmağa hazırdırlar", - deyə bəyanatda bildirilir.
Suriya ordusunun komandanlığı, Ankaranı həmçinin Hələbin şimalındakı yaşayış məntəqələrinə zərbələr endirərək 150 dinc sakini öldürməkdə günahlandırıb.
Daha əvvəl Suriya kürdləri bildirmişdilər ki, türk aviasiyasının təyyarələri onların mövqelərinə 26 dəfə basqın ediblər.
İraqın baş naziri isə Mosulun İŞİD-in nəzarətindən geri alınması prosesinə gözlənildiyindən daha tez başlanılacağını bildirib.
Heydən Əl-Əbədi bunu Qərb və Yaxın Şərq ölkələrinin xarici işlər nazirlərinin şəhərin geri alınmasından sonra sülh və sabitliyin bərqərar edilməsinə dair Paris görüşündə deyib.
"Qüvvələr sürətlə şəhərə doğru irəliləyir"-deyə Əbədi bildirib.
ABŞ-ın İraqdakı quru koalisiyasının rəhbəri, general Qeri Voleski isə deyib ki, qüvvələrin Mosula sürətlə yaxınlaşması düşmənə imkan yaratmaq deməkdir.
General bildirib ki, İŞİD şəhəri itirməyincə tamhüquqlu müdafiə metodundan istifadə edəcək. O deyib ki, bundan sonra yaraqlılar qeyri-adi üsullarla İraq qüvvələri və mülki əhaliyə qarşı hücuma keçəcək.
Genişmiqyaslı əməliyyatların hədəfi olan Mosulda 1.5 milyon mülki vətəndaşın olduğu təxmin edilir. Yardım agentlikləri şəhərdən əhalinin qaçmağa çalışması ilə fövqəladə vəziyyətlə qarşılaşıb. Vəziyyət onsuz da qırılma nöqtəsinə çatan İraqda çıxılmaz hal yaradıb.
5 minə yaxın insanın son 10 gün ərzində Suriya sərhədlərinə yaxın qaçqın düşərgəsində yer aldığı bildirilir. Qaçqınların sayının artması ilə düşərgələrdə yer olmayacağı riski artır.
Pentaqon sözçüsü müxbirlərə deyib ki, Birləşmiş Ştatlar hərbçiləri İraqın ikinci böyük şəhəri olan Mosulu geri almaq üçün genişmiqyaslı əməliyyatlarda iştirak edən 10 minə qədər kürd döyüşçüsü, İraqın 18 min nəfərlik hərbi qüvvələri və minlərlə İraq polisinə yardım edir.