PKK-nın siyasi qanadının rəhbərləri həbs edildi Dünya

PKK-nın siyasi qanadının rəhbərləri həbs edildi

Türkiyənin Xalqların Demokratik Partiyasının həmsədrləri Səlahəddin Dəmirtaş və Figən Yüksəkdağ barəsində həbs-qətimkan tədbiri seçilib. Noyabrın 3-də saxlanılaraq polis idarəsinə aparılan hər iki deputatın həbs edilməsi barədə prokurorluq məhkəməyə vəsatət vermişdi.
Məhkəmə hər iki vəsatəti təmin edib və həmsədrlər barədə həbs-qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb. Partiyanın noyabrın 3-də saxlanılan digər bir deputatı Sırrı Süreyya Öndər isə polis nəzarətində olmaq şərtilə sərbəst buraxılıb. Ona həmçinin ölkədən çıxış qadağası qoyulub.
Türkiyədə PKK tərəfdarı siyasi partiyanın rəhbərlərinin həbsini dəyərləndirən jurnalist-yazar Ömər Dinçər ölkəsində çox ciddi proseslər yaşandığını deyib:
"Bu gün bizim ölkəmizdə əvvəllər heç olmayan kimi PKK və siyasi uzantıları ilə ciddi mübarizə başlayıb. Terror təşkilatının içəridə və sərhəddən kənardakı bütün hədəfləri yox edilir. Türk ordusunun Suriya və İraqın şimalında hərbi əməliyyatları tək İŞİD-ə qarşı yox həm də PKK-ya qarşıdır. HDP-li millət vəkillərinin həbsi məsələsinə gəlincə, əvvəlki hökumətlərin zamanında PKK ilə mübarizə aparılsa da, terror təşkilatının parlamentdəki siyasi uzantılarına toxunulmurdu. Hökumətlər bundan çəkinirdilər. Çünki PKK-nı tam olaraq zəiflətmədən onların propaqandasını edən siyasətçilərlə bacarmaq çətin idi. Ancaq bu gün vəziyyət fərqlidir. Türkiyə Silahlı Qüvvələri və polis təşkilatımız terrorçulara ən ağır zərbələrini vurur. PKK üzvlərinin sayı kəskin şəkildə azalıb. Və terrorçuların sayı azaldıqca onları dəstəkləyən siyasətçiləri qoruyacaq heç kim qalmır. Bu gün gecə baş verən həbsləri mən bu cür dəyərləndirərdim".
Mövzuya Türkiyədə yaşayan azərbaycanlı politoloq Orxan Qafarlı da münasibət bildirib. PKK-ya yaxınlığı ilə bilinən HDP-li deputatların polis nəzarətinə alınmasını Sputnik-ə dəyərləndirən Orxan Qafarlı, iqtidarın terror təşkilatına qarşı siyasətdə ciddi dəyişiklik etdiyini deyib: "Hazırda Türkiyədə vəziyyət çox çətindi. Fövqəladə vəziyyət davam edir. Ordu və polis anti-terror əməliyyatları aparır. Evlərinə polis basqını edilən HDP-li millət vəkilləri bir neçə dəfə məhkəməyə ifadə verməyə çağırılsalar da, onlar bundan imtina ediblər. Ona görə də, prokurorluq polisə müraciət edərək həmin şəxslərin məhkəməyə gətirilməsini istəyib. Bu gücə baş verənlər məhz bundan ibarətdir. Yəni hələlik heç bir həbsdən söhbət gedə bilməz. Ümumiyyətlə hökumətin PKK ilə bağlı siyasəti dəyişib. Əvvəl daha liberal, açılım siyasəti aparılırdısa, bu gün təhlükəsizlik xarakterli sərt siyasət başladılıb. Ümid edirik ki, hər şey sakitçiliklə bitəcək". Qeyd edək ki, bu ilin may ayında millət vəkillərinin toxunulmazlıq hüququnun ləğvini nəzərdə tutan konstitusiya düzəlişi referenduma ehtiyac olmadan parlamentin 376 deputatı tərəfindən təsdiq edilib.