Tramp kabinetini formalaşdırmaqda davam edir Dünya

Tramp kabinetini formalaşdırmaqda davam edir

ABŞ prezidenti seçilmiş Donald Tramp yeni kabinetinin yüksək vəzifələrini doldurmaqdadır. O, maliyyə naziri vəzifəsinə Goldman Sachs şirkətinin rəhbəri Steven Mnuchin, ticarət naziri vəzifəsinə isə milyarder Vilbur Rossu nominasiya edib. Trampın keçid komandası bu iki şəxsin yeni prezidentin "Birinci Amerika" iqtisadi planının həyata keçirilməsində instrumental rol oynayacaqlarını deyirlər. Həmin plan növbəti onillikdə 25 milyon yeni iş yeri açılmasını nəzərdə tutur.
Bankir olaraq geniş təcrübəyə malik Mnuchinin nominasiyası Uol Stritə müsbət siqnal göndərmiş olacaq. Belə ki, Tramp qələbə çaldıqdan bəri səhm bazarlarında rekord artım qeydə alınıb. Ticarət naziri qismində Ross ABŞ bizneslərini ölkə daxilində və xaricdə təmsil edəcək. Mnuchin Tramp kampaniyasında milli maliyyə məsələləri üzrə sədr qismində xidmət göstərib. Goldman Sachsda 17 illik karyeradan sonra o diqqətini Hollivuda çevrirərək "Avatar" və "X-Men" hit filmlərini maliyyələşdirib. O, hazırda "Dune Capital" özəl investisiya fondunun rəhbəridir.
O da bildirilir ki, ABŞ prezidenti seçilmiş Donald Trampın bir zamanlar kəskin tənqidçisi olmuş Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni Trampla şam yeməyindən sonra onun haqda yüksək fikir söyləyib. "Biz dünya məsələləri ilə bağlı daha bir görüş keçirdik. Onunla apardığım müzakirələr informativ, maraqlı və xoş oldu və mən çox razı qaldım. Bütün bunlar məndə Trampın bizi daha yaxşı gələcəyə aparacaq bir insan olduğuna dair ümidləri gücləndirdi"- deyə Romni görüşdən sonra bildirib.
Trampın Romni ilə onun dövlət katibi vəzifəsinə namizədliyini müzakirə etmək üçün ikinci görüşü Nyu Yorkda Trampın hotelindəki restoranda keçib. Şam yeməyi əsnasında müzakirələr zamanı onları Trampın Ağ Evdə administrasiyanın rəhbəri vəzifəsinə seçdiyi Reyns Pribus müşayiət edib. Romninin görüş haqda müsbət açıqlamaları onun doqquz ay bundan əvvəl Trampın Respublikaçılar partiyasından nominasiya almaq üçün rəqiblərinə dəstək verdiyi çıxışından sonraya təsadüf edir.
Mart ayında etdiyi çıxış zamanı Romni Trampın iqtisadi planını həyata keçirdiyi halda, ölkənin "uzun müddətə tənəzzülə uğraya biləcəyini" və Trampın xarici siyasət sahəsində "ağıllı" olmadığını demişdi. Tramp yeni administrasiyasında ən yüksək vəzifələrdən biri olan dövlət katibi postuna hələ təyinat etməyib. Romni ilə bərabər bu vəzifəyə nəzərdən keçirilən digər namizədlər Nyu York şəhərinin keçmiş meri Rudi Culiani, Tennessi ştatından senator Bob Korker və Mərkəzi Kəşfiyyat Agentliyinin keşmiş direktoru, təqaüdə çıxmış ordu generalı Deyvid Petreasdır.