Əsədin xeyrinə aparılan müharibənin nəticələri Dünya

Əsədin xeyrinə aparılan müharibənin nəticələri

5 milyon insan sığınacaq alıb, bir gündə 300-dən çox adam həlak olub

Suriya münaqişəsi 5 milyondan çox adamın qonşu ölkələrə sığınmasına yol açıb. Əsəd hökumətinin xeyrinə aparılan müharibə bir çoxlarını gələcəkləri haqda düşünməyə vadar edib. Rəqib döyüşüçlər, siyasi müxalifət və siyasətçilər Suriyanın gələcəyinə dair aydın təsəvvürə malik deyil. Onlar Əsəd rejimi hakimiyyətdə qalsa uzun müddət qürbətdə yaşamağa məcbur olacaqları, evlərinə qayıda bilməyəcəklərindən narahatdır. Hətta amnistiya belə elan edilsə, Əsəd hökumətinə etibar edilmir.
Müxalif fəal Barri Əbdilətif Türkiyədən bildirib ki, hətta amnistiya belə elan edilsə, Əsəd hökumətinə etibar edilmir. O, digər bir çox müxalif fəalın eyni fikirdə olduğunu deyib. "Amerikanın Səsi"nin keçirdiyi sorğuda onlarla müsahibə iştirakçısı bildirib ki, (siyasi fəallar, vətəndaş cəmiyyəti, rəqib döyüşçülər) müharibə Əsədin qələbəsi ilə nəticələnsə, onlar Suriyaya qayıda bilməyəcək. Suriyadakı GHT-lər və yardım işçiləri bildirir ki, Əsəd və onun Bəs partiyasının hakimittədə qalması ölkədə parlaq gələcəyin olmayacağı deməkdir.
Qonşu ölkələr və Avropa hökumətlərini düşündürən ən böyük sual Əsədin rəqib döyüşçüləri məğlub etdiyi təqdirda daha artıq qaçqın axını məsələsidir. Belə ki, Hələbdə Əsədin hərbi mövqeyi buna işarədir. Suriyanın ikinci böyük şəhəri Hələbin şərqində ölüləri basırmaq üçün qəbiristanlıqda yer yoxdur. Bu barədə Associated Press agentliyi xəbər yayıb. Sakinlər şəhərdə hava zərbələrindən ölənləri öz evlərinin həyətlərində basırmaq məcburiyyətində qalıblar. Yerli hakimiyyət deyir ki, kütləvi dəfni nəzərdən keçirirlər, ancaq bunu etməyə onların texnikası yoxdur.
Suriya İnsan Haqlarının Monitorinq Mərkəzi bildirir ki, noyabrın 15-də hakimiyyət qüvvələrinin zərbələri nəticəsində 300-dən çox adam həlak olub, onların 40-dan çoxu uşaq olub. Hakimiyyət qüvvələri şəhərin 60 faizinə nəzarəti ələ keçirə bilib.
2012-ci ilin avqustundan Hələb iki yerə ayrılıb, qərbə hakimiyyət, şərq hissəyə müxalifət qüvvələri nəzarət edir. Şəhərə tam nəzarəti ələ keçirmək Bəşər Əsədin əsas hədəflərindəndir.
Onu da qeyd edək ki, Suriyanın İdlib və Hələb vilayətinə qurudan və havadan endirilmiş zərbələr nəticəsində onlarla insan həyatını itirib və yaralanıb. Suriyanın şimalındakı İdlib və Hələb vilayətinin bombardman edilməsi zamanı 68 nəfər ölüb, 78 nəfər yaralanıb. Ölənlərin əksəriyyətinin mülki vətəndaşlar olduğu bildirilir.
İdlibin Marret el Numan rayonunun mülki müdafiə qüvvələrinin rəsmisi Əbdüləziz Kiytaz agentliyə bildirib ki, Suriya ordusuna aid hərbi təyyarələrin motosikl bazarını bombalaması nəticəsində 27 mülki şəxs ölüb, 40 nəfər yaralanıb. Kiytaz həmçinin bombardmana məruz qalmış ərazidə böyük dağıntıların baş verdiyini, çoxlu sayda iş yerinin istifadəsiz hala düşdüyünü də vurğulayıb. Bəşər Əsəd rejiminə məxsus hərbi təyyarələrin Kafr Nabl rayonuna etdiyi hücumlar nəticəsində isə 12 nəfər ölüb, 23 nəfər yaralanıb.
"Rejim bu gün İdlib vilayətində satış meydanlarını və bazarları hədəfə alıb. Əsədə məxsus hərbi qüvvələrin hücumları zamanı çoxlu sayda insan yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Rejim hücumlarını Hələbdən sonra İdlibə istiqamətləndirib" – deyə Kiytaz bildirib. Məlumatda həmçinin vurğulanır ki, son 19 gündə 773 nəfər mülki vətəndaş həyatını itirib.