Qərb Rusiyanı dalana dirəyib Dünya

Qərb Rusiyanı dalana dirəyib

ABŞ və Avropa Birliyi əlavə sanksiyalar elan etdi, Kanada və Yaponiya da Putinin yaxın adamlarını hədəfə aldı

Cavid

Ukraynanı işğal edən Rusiya Qərbin yeni saknsiyaları ilə üzləşib. ABŞ prezidenti Barak Obama Rusiya hökumətinin 7 rəsmisinə və Putinə yaxın olan 17 şirkətə qarşı sanskiyaları elan edib. Sanskiyalar hesabların dondurulmasını, viza və lisenziya qadağalarını nəzərdə tutur.
Ağ ev bildirir ki, yeni siyahıdakı adlardan 2 nəfər Putinin yaxın çevrəsinə daxildir. Hərçənd bunların konkret kim olmağı deyilmir. Ancaq müşahidəçilərin fikrincə, həmin 2 nəfərdən biri "Rosneft" şirkətinin prezidenti, digəri isə hökumətdə texnoloji məsələlərə rəhbərlik edən Sergey Çemezovdur.
Sankiya siyahısına salınan 17 şirkətə Putinə yaxın olan adamlar rəhbərlik edirlər. Bunların arasında Gennadi Timçenkonun, Boris və Arkadi Rotenberq qardaşlarının şirkətləri də var. Onların hər üçünün adı ABŞ-ın mart ayında elan etdiyi sanskiyalar siyahısındadır.
"Associated Press" yazır ki, sanksiyaya məruz qalanlardan biri də 2003-cü ildə Mixail Xodorkovskinin "Yukos" şirkətinin dağıdılmasının "memarı" Çexindir. O, Putinlə 1990-cı illərdən bir yerdə işləyir.
Siyahıda adı olan Çemezov dövlət şirkəti olan "Rostex"in rəhbəridir. 1980-ci illərdə Putin Şərqi Almaniyada KQB agenti kimi işləyəndə Putin və Çemezov Şərqi Almaniyada bir binada yaşayırdı.
Yeni siyahıda baş nazirin müavini Dmitri Kozak da var. Onu Krımın ilhaqından sonra bu yarımadanın inkişafına cavabdeh təyin ediblər.
ABŞ-ın Rusiyanın Ukraynadakı fəaliyyətinə görə əlavə sanksiya tətbiq etmək qərarına cavab olaraq Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiyanın olduqca əhatəli bir cavab verəcəyini söyləyib. Jurnalistlərin suallarını cavablandıran Ryabkov ABŞ-ın aldığı qərarın qanunauyğun olmadığını bildirib: "Rusiya üzərində təzyiqi artırmaq üçün alınan sanksiya qərarlarını qəti şəkildə qınayırıq. Təktərəfli sanksiyalar təbii olaraq qanuni deyil. Bu qərarlar beynəlxalq hüququn tələblərinə uyğun olmadığı kimi, dövlətlərarası və beynəlxalq əlaqələrə də uyğun gəlmir".
Ryabkov kimsənin Rusiya ilə sanksiya dili ilə danışmağa haqqı olmadığını açıqlayıb: "Biz sanksiyalara qətiliklə cavab verəcəyik. Bunun üçün alınacaq tədbirlər olduqca geniş olacaq. Heç kim Rusiyaya nəyisə diktə etmə haqqına sahib deyil".
Nazir müavini həmçinin, Ağ Evdən edilən açıqlamaların Vaşinqtonun Ukraynada yaşananları səhv başa düşməsinin göstəricisi olduğunu dilə gətirib.
Qeyd edək ki, ABŞ tətbiq olunan sanksiyaların Rusiyanın siyasətində dərhal dəyişikliyə səbəb olacağını gözləmir, ancaq tədricən Rusiyaya nümayiş etdirmək istəyir ki, daha ağrılı iqtisadi sanksiyalar və siyasi təzyiq ola bilər, Rusiya indiki siyasətini davam etdirdikcə, ödədiyi haqq da daha ağır olacaq.
Çin isə Ukraynada baş verənlərlə bağlı "Böyük Yeddilik"in Rusiyaya sanksiyalar tətbiq etməsinə qarşı olduğunu bildirib. Çin Xarici İşlər Nazirliyinin rəsmisi Çin Ganq bu açıqlama ilə Pekin rəhbərliyinin məsələ barədə mövqeyini bildirdiyini deyib. Onun sözlərinə görə, Çin beynəlxalq əlaqələrdə sanksiya tətbiq olunmasına qarşıdır: "Sanksiyaların tətbiqi problemin həllinə yardım etməyəcək, hətta mövcud vəziyyəti daha da gərginləşdirəcək. Düşünürük ki, sanksiyanın tətbiqi tərəflərin mənfəətinə uyğun sistem deyil. Çin tərəfləri dialoq və danışıqlar yolu ilə mövcud fikir ayrılıqlarını həll etməyə çağırır. Ukraynada siyasi yolla məsələnin həlli prosesi başladılmalıdır".
Obama isə bildirir ki, yeni sanksiyalara səbəb Rusiyanın Ukrayna böhranını həll etmək üçün beynəlxalq razılaşmalara əməl etməməsidir. Bununla belə, ABŞ prezidenti hesab edir ki, Moskvanın Ukrayna haqda sülh sazişinin şərtlərinə əməl etmək imkanı var, ancaq bunu etmir. Filippində səfərdə olarkən də Obama deyib ki, Rusiyanın davranışını dəyişmək üçün nəzərdə tutulan sanksiyaların əməli nəticə verəcəyinə əmin deyil. Onun sözlərinə görə, məqsəd Rusiya prezidenti Putini Ukraynada böhranı həll etməkdə hərəkət etməyə sövq etməkdir.
Qeyd edək ki, Avropa Birliyi hökumətləri də Rusiyaya qarşı yeni sanksiyalara daha 15 nəfərin əlavə olunmasına razılaşıblar. Həmin adamların Avropa Birliyinə səfərinə viza qadağası qoyulacaq və onların hesabları dondurulacaq.
15 nəfərdən ibarət yeni siyahıya Ukraynanın şərqində fəaliyyət göstərən Rusiyayönümlü separatçıların bəzi liderləri da daxil edilib.
Siyahıda Rusiya baş nazirinin müavini Dmitri Kozak, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimov, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi İqor Serqun, Rusiya prezidentinin Krımdakı daimi nümayəndəsi Oleq Belaventsev, Krım işləri üzrə nazir Oleq Savelyev, Dövlət Dumasının sədr müavinləri Lüdmila Şevtsova, Sergey Neverov, Sevastopol qubernatoru səlahiyyətlərinin icraçısı Sergey Menyalo, Federasiya Şurasının Krım və Sevastopoldan olan üzvü Olqa Kovitidi, Ukraynanın Luqansk vilayətində "xalq qubernatoru" elan edilmiş Valeri Bolotov, Luqansk "özünümüdafiə qüvvələri"nin nümayəndəsi German Prokopyev, uydurma "Donetsk Xalq Respublikası"nın liderləri Denis Puşilin, Andrey Purgin, Sergey Tsıplakov və Slavyansk şəhərində fəaliyyət göstərən silahlı dəstənin rəhbəri, "İqor Strelkov" təxəllüsü ilə tanınan Rusiya Baş Kəşfiyyat İdarəsinin zabiti İqor Girkinin adları var.
Beləliklə, AB-nin Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi əleyhinə fəaliyyət göstərdiyinə görə sanksiyalar tətbiq etdiyi Rusiya və Ukrayna vətəndaşlarının sayı 48-ə çatıb. Bu şəxslərin Avropadakı aktivləri (əgər varsa) dondurulacaq və onların Avropa Birliyi ölkələrinə səfərləri qadağan ediləcək.
Yeni sanksiyaların elan olunmasından az sonra Ağ Ev Rusiyanın yüksək texnologiyalı müdafiə ixracatı məhsullarının da hədəfə alınacağını vurğulayıb.
Rusiya baş nazirinin müavini Dmitri Roqozin Twitter-də yazıb ki, ABŞ-ın Rusiyanın kosmik sənayesinə qarşı sanksiyaları cavabsız qalmayacaq: "ABŞ bizim kosmik sənayeyə qarşı sanksiya tətbiq edib. Biz xəbərdarlıq etmişik: bəyanata bəyanatla hərəkətə hərəkətlə cavab verəcəyik".
Bu arada Kanada və Yaponiya hökuməti də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyini bəyan edib. Sanksiyalar Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı mövqeyi ilə əlaqədar tətbiq edilib. Söhbət aralarında dövlət strukturlarının nümayəndələrinin də olduğu 23 Rusiya vətəndaşına Yaponiyaya vizanın verilməsinə qadağadan gedir. Yapon hökuməti həmin şəxslərin adlarını hələ açıqlamayıb.
Xatırladaq ki, mart ayında da Yaponiya Krımın ilhaq edilməsi ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar paketi tətbiq etmişdi.
Kanada isə sanksiya tətbiq etdiyi Rusiya vətəndaşlarının adlarını açıqlayıb.
"BBC"nin verdiyi məlumata görə, sanksiyaya məruz qalan rusiyalı məmurlar bunlardır:
- Rusiya Prezident Administrasiyası başçısının müavini Viyaçeslav Bolodin;
- Baş nazirin müavini Dmitriy Kozak;
- Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov;
- Dövlət Dumasının hərbi sənaye kompleksinin inkişafı üzrə komissiyasının sədri Aleksandr Babakov;
- Rusiya Prezidentinin Krım üzrə səlahiyyətli nümayəndəsi Oleq Belavançev;
- Federal Təhlükəsizlik Xidmətinin sədri Yevqeniy Murov;
- Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski;
- İş adamları Arkadiy və Boris Potenberq qardaşları.
Bundan başqa Kanada Rusiyanın iki bankına - "Ekspobank" və "Rosenerqobank"a qarşı da sanksiya tətbiq edilməsi ilə bağlı qərar verib.
Kanadanın baş naziri Stiven Xarper isə deyib ki, həmin şəxslərin Kanadaya girişinə də qadağa qoyulub. Baş nazir bildirib ki, sanksiyaların tətbiqi Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti və hərbi təcavüzüdür.
Rusiya prezidenti Putin isə Qərbin yanında yer alan Ukraynanın daha çox itirəcəyini bildirib. O, Petrozavodsk şəhərində Rusiya müdafiə sənayesinin nümayəndələri ilə görüşündə deyib ki, Rusiyanın Ukraynadan müdafiə-xarakterli məhsulların ixracatını əvəzləməsi üçün cəmi 1-2 il vaxt tələb olunur. Putin bildirib ki, Ukraynanın müdafiə sənayesi şirkətləri ilə onların rusiyalı müştəriləri arasında əlaqələrin "fəlakətə sürüklənəcəyi" istisna edilmir. Putin bunu Rusiya Ordusunun Ukraynanın müdafiə məhsullarının yeganə alıcısı olması ilə əsaslandırıb: "Rusiya və onun müdafiə sənayesi həm maliyyə, həm də texnoloji cəhətdən ixracat əvəzlənməsi adlanan bu prosesi həyata keçirmək qabiliyyətinə malikdir. Bunun üçün əlavə vəsait və vaxt tələb olunur. Nə qədər vaxt tələb olunur? İstehsalın növündən asılı olaraq, bir və ya iki il. Ukraynanın hərbi-sənaye kompleksi üçün rusiyalı müttəfiqlərlə əlaqələrin qırılması fəlakətə gətirib çıxara bilər. Niyə? Çünki bu məhsullar üçün başqa bazar yoxdur. Bu bazar sadəcə mövcud deyil. Yeganə alıcı Rusiya silahlı qüvvələridir".
Vladimir Putin ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə də münasibət bildirib. Onun sözlərinə görə, Rusiyanın Ukraynadan müdafiə-xarakterli məhsulların ixracatını dayandırmasının qarşısını almaq məqsədi daşıyan bu sanksiyalar uğursuzluğa düçar olacaq: "Bu, bir-birinə uyğun gəlməyən vasitələrlə edilən cəhdlərdir. Biz adekvat əvəzləmənin yolunu tapacağıq. Biz irəli gedəcəyik, müttəfiqlərimiz isə uğursuzluğa düçar olacaqlar".