Təxliyə razılaşması “yenidən qüvvəyə minib” Dünya

Təxliyə razılaşması “yenidən qüvvəyə minib”

Hələbin şərq hissəsində üsyançıların nəzarət etdiyi son ərazilərdə təxliyə barədə saziş pozulduqdan bir gün sonra yenidən qüvvəyə minib. Şəhərdə olan yaraqlılar və mülki şəxslər çərşənbə günü ərazini tərk etməli idi, lakin barışıq təxirə salınıb. Üsyançı qruplar çərşənbə günü bildirib ki, əhalinin köçürülməsi cümə axşamı erkən saatlarda yenidən həyata keçiriləcək. Lakin Suriya hökuməti və ya onun əsas müttəfiqi olan Rusiyadan bu məsələyə təsdiq verilməsi barədə indiyədək məlumat yoxdur.
Suriya hökumətinin tərəfdarı Livanın şiə müsəlman hərəkatı Hizbullaha aid media bloku bildirib ki, danışıqlar zamanı "böyük çətinliklər" yaranıb və hələ də bitməyib. Yeni sövdələşmə şimal-qərbi Suriyada üsyançılar tərəfindən mühasirəyə alınmış iki kəndin eyni vaxtda köçürülməsinə imkan yaradacaq. Suriya hökuməti və müttəfiqi İran israr edib ki, Hələbin təxliyəsı yalnız həmin kəndlər təxliyə edilərsə, baş verə bilər.
Çərşənbə günü səhər saatlarında üsyançıların və onların ailələrinin təxliyəsinə avtobus və təcili tibbi yardım maşınları cəlb olunub, yalnız qısa zaman sonra geri dönüb. Rusiya və Türkiyənin vasitəçiliyi ilə meydana gəlmiş ilk razılaşma pozulduqdan bir neçə saat sonra azı 50 min dinc sakinin olduğu üsyançıların nəzarət etdiyi ərazilərə hava zərbələri yenidən başlayıb. BMT bildirir ki, Suriya hökuməti və onun müttəfiqləri tərəfindən "dinc sakinlərin olduğu" ərazidə reydlərin keçirilməsi beynəlxalq hüquq normalarının pozulmasıdır.
Bu arada, BBC öyrənib ki, Qərb qüvvələri Hələb və Suriyanın digər bölgələrində mümkün müharibə cinayətləri faktlarını toplamaq üçün peyk və pilotsuz təyyarələrdən istifadə edir. Mühasirədə olan sakinlər həftələrlə davam edən bombardıman, xroniki ərzaq və yanacaq qıtlığı ilə üzləşib. Şəhərdəki tibb müəssisələri xarabalığa çevrilib, üsyançılar Rusiya hərbi hava qüvvələri tərəfindən dəstəklənən iri hökumət qüvvələri tərəfindən daha kiçik ərazilərə çəkilməyə məcbur edilib.
Mühasirədə olan sahələrdə nə qədər adamın qaldığı aydın deyil. BMT nümayəndəsi Staffan de Mistura bu rəqəmin 50 min olduğunu bildirir. Onun sözlərinə görə, ərazidə təxminən 1500 üsyançı var ki, bunun da 30 faizi əvvəllər əl-Nüsrət Cəbhəsi kimi tanınan cihad qrupuna aid olub. Digər yerli mənbələr ərazidə qalan insan sayının 100 min olduğunu qeyd edirlər və əlavə edirlər ki, insanların çoxu bu yaxınlarda hökumət tərəfindən ələ keçirilmiş rayonlardan gəlib. Bu arada, Almaniyanın Hamburq, Bosniyanın Sarayevo və Mərakeşin Rabat şəhərləri də daxil olmaqla bir neçə şəhərdə Hələb xalqı ilə həmrəylik əlaməti olaraq nümayişlər keçirilib.
Bu arada Hələbin şərqində hökumət qüvvələrinın mühasirəsi altında qalmış sakinlər əvvəl təxirə salınmış və daha sonra dayandırılmış təxliyə və atəşkəsin pozulması nəticəsində yaranan qeyri-müəyyənlik barədə yaşadıqları hissləri sosial şəbəkələr və dünya mediası ilə paylaşırlar. Müxalif üsyançılar tərəfindən idarə edilən ərazilərdə fəaliyyət göstərən Ağ Dəbilqəlilər adlı könüllü xilaskarlar qrupunun üzvü İsmail Alabdullahın Tvitterdə paylaşdığı videoda şərqi Hələbdə dağılmış bir küçə görünür və yaxında partlayışlar və silah atəşləri eşidilir.
Salah Aşkar adlı yerli fəal və jurnalist Tvitterdə paylaşdığı videoda şərqi Hələbdə qaldığı binaya dəyən zərbənin yerini göstərir. Video ilə paylaşdığı şərhdə o, "indicə bizim binanın damına bomba düşdü" deyir və əlavə edir ki, "avtobusları gözləyən insanlar özlərini xilas etmək üçün qaçıb sığınacaq axtarmağa məcbur qalıblar".
Jurnalist Zouhir al-Shimale paylaşdığı videoda kasetli bombaların partlayış səslərinin eşidildiyini iddia edib. Müxalifət fəallarının şəbəkəsi Yerli Koordinasiya Komitəsi də çərşənbə günü kasetli bombaların istifadə edildiyini idda edir. Bəzi sakinləri isə Tvitter vasitəsilə dünya liderlərinə müraciət edərək kömək istəyiblər.
Aylardır ki, üsyançılar tərəfindən idarə olunan şərqi Hələbdən tvitlər paylaşan yeddi yaşlı Bana Alabedin anası Fatemah, Türkiyə xarici içlər naziri Mevlet Çavuşoğluya müraciət edib: "Cənab Mevlut Cavusoglu, bizim dünən ümidimiz var idi, amma indi nə baş verir? Xahiş edirik bizə dərhal kömək edin. Artıq vaxt qalmayıb. Təşəkkür edirik - Fatemah".
Digərləri yerdəki qeyri-müəyyənlikdən danışır. ABC müxbiri Molly Hunter tvitində yerli fəallardan aldığı məlumatı paylaşıb: "Şərqi Hələbdən bir fəal: Biz burdan getmək istəyirik, biz bu şəhəri tərk edəcəyik, biz yenə qırğın istməirik, bizə getməyə imkan verin, nə baş verir?"
AFP xəbər agentliyinin Livanın Beyrut şəhərində yerləşən jurnalisti Maya Gebeily Hələbdə əməkdaşlarından aldığı məlumatı paylaşıb: "AFP müxbiri qorxu içində sakinlərin küçələrdə qaçaraq uğursuz sığınacaq axtarışına şahid olub." BBC-ə canlı müsahibəsində yerli fəal Monther Etaky törədilən zorakılıqlara görə Rusiya və İranı günahlandırıb. Müsahibə zamanı eşidilən partlayışlar barədə suala cavabında o, "biz buna artıq öyrəşmişik" deyib.
Son bir neçə ay ərzində hökumət yönümlü qüvvələr tərəfindən mühasirəyə alınan şərqi Hələbdə yaşayış şəraitləri getdikcə ağırlaşıb. Yerli Ağ Dəbilqəlilər fəalı İsmail Alabdullahın üç gün əvvəl paylaşdığı videoda şəhərdə binalar arası həyətlərdən birinin məzarlığa çevirildiyini göstərib. Ağ Dəbilqəlilərin Tvitter hesabında deyilir ki, bu, yerli icmalardan olan, başqalarını xilas etmək və ümid gətirmək üçün öz həyatlarını riskə atan 2900 könüllüdən ibarət axtarış və xilasetmə qrupudur.