“Sui-qəsdin konkret məqsədləri var” Dünya

“Sui-qəsdin konkret məqsədləri var”

Musa Qasımlı: "Suriyada atəşəkəsin əldə olunmasına dair Moskva danışıqlarını əngəlləmək, Türkiyənin nüfuzuna zərbə vurmaq"

Sahib Alıyev: "İlk növbədə qardaş ölkənin prestijinə vurulan zərbədir"

Elxan Şahinoğlu: "Bu, Moskvanın Suriyada Bəşər Əsədə verdiyi dəstək və Hələb şəhərinin Əsəd ordusunun nəzarəti altına keçməsi ilə bağlıdır"

Əli İsgəndərov: "Təhlükəsizlik sistemin bizim əlimizdədir" mesajı verilir"


Rusiya Federasiyasının Ankaradakı səfiri Andrey Karlovun qətlə yetirilməsi dünya meiasının gündəmini zəbt edib. Hadisə bir çox versiyalara yol açıb və qaranlıq qalan suallar çoxdur.
Millət vəkili, professor Musa Qasımlı deyib ki, Rusiya Federasiyasının Ankaradakı səfiri Andrey Karlovun qətlə yetirilməsi məlum Rusiya təyyarəsinin vurulmasının və 15 iyul tarixindəki dövlət çevrilişinə cəhdin növbəti qanlı davamıdır: "Sui-qəsdin konkret məqsədləri var: rus-türk münasibətlərini pozmaq, Suriyada atəşəkəsin əldə olunmasına dair Moskva danışıqlarını əngəlləmək, Türkiyənin nüfuzuna zərbə vurmaq". O bildirib ki, bu qanlı terror hadisəsinin arxasında hansı dairələrin dayandığını da təxmin etmək olar: "Bəzən doğru olmasa da, bu yerdə tarixdən misalların gətirilməsi yürüdülən iyrənc siyasətin davam etdiyini göstərir. Belə ki, ötən əsrin 20-ci illərinin əvvəllərində Antanta ölkələri Rusiyada mövcud rejimi məhv etmək və türk torpaqlarına yiyələnməyi hədəfləmişdilər. Hərbi əməliyyatlar aparılarkən qarşılıqlı maraqların qorunması üçün rus-türk yaxınlaşması baş verdi. Rusiya başa düşdü ki, əgər Antanta ölkələri Anadoluda, Yaxın və Orta Şərqdə türk xalqı üzərində qələbə çalsalar, onda Cənubi Qafqaza girəcəklər və Şimali Qafqazı ayıracaqlar. Belə şəraitdə rus və türk xalqlarının bərabər hərəkət etməkdən başqa çarələri qalmamışdı. Lakin bu yaxınlaşmaya mane olmağa çalışan bəlli dairələr də fəaliyyətlərini dayandırmamışdılar. Arxiv sənədlərində aydın şəkildə yazılır ki, rus-türk yaxınlaşmasına mane olan qüvvələr deyiridlər: "Rus-türk sərhədində bir rus əsgərini öldürüb türk hərbi hissəsinin yaxınlığına atın. Onların münasibətləri pozulacaqdır".
İndiki terror aktını törədənlər eyni zamanda, Rusiya və Türkiyə prezidentlərinə də bir işarə verirlər. Bundan sonra digər diplomatlara, dövlət adamlarına qarşı terror hadisələrinin, zəhərlənmələrin də şahidi olmaq mümkündür".
Musa Qasımlının sözlərinə görə, bu gün Yaxın, Orta Şərqdə aparılan qanlı müharibə, günahsız insanların öldürülməsi təkcə neft və qaz uğrunda savaş deyil. Onun daha geniş məqsədləri var:"Terror təşkilatlarını yaradıb, arxasında gizlənərək onlara silah verən dövlətlər İraq və Suriyanın ərazi bütövlüyünü pozmaq, coğrafiyanı yenidən cızmaq, regionda yeni dövlətciklər qurmaq, bundan sonra özlərinin iyrənc siyasətlərini (neft, qaz, geosiyasi, geoiqtisadi və s.) reallaşdırmaq istəyirlər. Bu, Türkiyə, Rusiya, İran, Suriya, İraq və bir çox digər dövlətlərin də maraqlarına qətiyyən uyğun deyil.
Bəlli dairələr nə edirlərsə-etsinlər, rus-türk dostluğunu pozmağa gücləri çatmaz. Bu münasibətlərin kökləri çox dərindir.
Rus-türk münasibətlərinin normallaşdırılmasında xüsusi rol oynamış Rusiya səfirinin qətlə yetirilməsi terrora qarşı daha amansız mübarizə aparmağa əlavə imkanlar verəcək, rus-türk dostluğunu daha da möhkəmləndirəcək. Həm də qeyd edək ki, səfirlərin terrorçular tərəfindən öldürlüməsi hadisəsi yeni bir şey deyil. Hələ ötən əsrin 70-ci illərində Türkiyə səfirləri erməni terrorçuları tərəfindən qətlə yetirilmişdilər. Digər ölkələrin səfirlərinə qarşı da məlum hadisələr törədilib".
Millət vəkili Sahib Alıyev deyir ki, Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi ilk növbədə qardaş ölkənin prestijinə vurulan zərbədir: "Terrorçunun kimliyi bəllidir. Terrorun arxasında hansı gücün durduğu da sirr deyil. Bu terrorun Türkiyə, Rusiya və İranın xarici işlərlə müdafiə nazirlərinin Moskva görüşünə bir gün qalmış törədilməsi özlüyündə hər şeyi açıq-aydın göstərir. Üç dövlət Suriya məsələsində razılığa gəlmək və ümumiyyətlə regionda yeni bir əməkdaşlıq modeli qurmaq üçün intensiv danışıqlar aparırlar. Son zamanlar bir-birinin ardınca törədilən terror aktlarıyla sanki biriləri Türkiyəyə xəbərdarlıq edir ki, bu plan, özəlliklə də Rusiyayla sıx əməkdaşlıq ona baha başa gələcək. İlkin reaksiyalardan belə görünür ki, həm rəsmi Moskva, həm də Ankara Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsinin arxasında kimin durduğunu yaxşı anlayırlar və bu olay ötən ilin noyabrındakı insidentdən fərqli olaraq iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq"
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Rusiya səfiri Andrey Karlovun Ankarada öldürülməsi Moskvanın Suriyada Bəşər Əsədə verdiyi dəstək və Hələb şəhərinin Əsəd ordusunun nəzarəti altına keçməsi ilə bağlıdır: "Əlbəttə, Rusiya tərəfinin ilk reaksiyası bu olacaq ki, Türkiyə tərəfi sərgiyə qatılan səfirin təhlükəsizliyini təmin etməli idi. Səfirə kimin atəş açdığı da vacibdir. Əgər Rusiya səfirini İŞİD deyil, Suriya silahlı müxalifətinin təmsilçisinin vurduğu təsdiq olunarsa. Moskvanın Ankaradan tələbi Suriyanın silahlı müxalifətinə dəstəkdən əl çəkməsi olacaq. Moskvanın Ankaraya ünvanlayacağı əsas mesaj bu olacaq: "Bu da Sizin dəstək verdiyiniz hərbi müxalifət. Onların İŞİD -dən heç bir fərqi yoxdur". Türkiyənin problemi az idi, biri də əlavə olundu".
Politoloq hesab edir ki, buna baxmayaraq, olay təyyarə olayında olduğu kimi Rusiya-Türkiyə münasibətlərinə mənfi təsir etməyəcək: "Tam əksinə Ankara əlindən gələn hər şeyi edəcək ki, Suriya məsələsində Moskva ilə ortaq məxrəcə gəlsin. Çünki, Ankara səfirin vurulmasına görə üzərində mənəvi məsuliyyət hiss edəcək. Başqa sözlə Rusiya səfirini itirsə də, olay sanki Kremlin işinə yarayacaq, Türkiyəni daha çox özünə tərəf çəkməyə müvəffəq olacaq".
"Oğuz" Müstəqil Araşdırmalar Qrupunun sədri, politoloq Vüqar Zifəroğlu isə qeyd edir ki, kritik Moskva görüşündən bir gün əvvəl, gözlərin Rusiya və Türkiyənin Suriya ilə bağlı İranı da oturdacaqları masaya dikildiyi, hər kəsin görüşdə hansı qərara gələcəklərini müzakirə etdikləri bir zamanda, paytaxt Ankaranın ən önəmli nöqtəsində rus səfirinə edilən sui-qəsd planlı idi və onun veridyi mesajlar açıqca ortadadır: "Türkiyənin paytaxtında, rus səfirinə, Rusiya paytaxtında keçiriləcək kritik görüşdən bir gün əvvəl, "Hələb qisası" sloqanı ilə törədilmiş bir qəsd. Hər bir məqamı öz-özlüyündə bir mesajdır. Hələb hələ uzun müddət müzakirə predmeti olacaq və bu şəhərin iqtidar qüvvələrinin nəzarətinə keçməsi, hələ o demək deyil ki, onun haqqında fərqli xəbərlər eşitməyəcəyik. Yaxın Şərq elə bir çıxmaza daxil olur ki, təsiri dünyanın hər nöqtəsində hiss ediləcək". Vüqar Zifəroğlu deyib ki, birinci-dünya müharibəsi də belə sui-qəsdlə başlamışdı: "İndi hər şey Rusiyanın baş verənlərə nə dərəcədə olqun davranacağından asılıdır. Moskvadan gələn ilk açıqlamalar onu göstərir ki, Rusiya baş verən terrorun bir provokasiya olduğunu qəbul edir və baş verən olay Türkiyə ilə münasibətlərə təsir etməyəcək. Tətikçinin arxasında hansı qüvvənin durduğu isə yaxın 1-2 gün ərzində aydınlaşacaq. Hər halda ümid edək ki, Karlov XXI əsrin Ferdinandı olmayacaq".
"Rusiyanın Türkiyədəki baş elçisinin vurulma səhnəsinə baxdım. Əsas sözü kriminalistlər deyəcək əlbət ki", - deyən analitik Əli İsgəndərov "məni bir məqam maraqlandırır",- deyə bildirib: "1.Operator soyuq qanlı şəkildə bunu tam lentə alır. Deyə bilinər ki, kamera ştativə bərkidilmiş olub. Bu halda da kameraman aparatın arxasında olur. Qorxub qaçarsa da kameraya toxunaraq optik baxış istiqamətini dəyişməsi, yaxud tullaması daha optimal idi. Operatorda özünü müdafiə hissi yaranmır. Tam aydınlığı ilə hadisəni lentə alır. 2.Qatil rahatlıqla ortdaca çıxışını edir. Nəzərə alaq ki, o poıis işçisidir, bu halda dərhal mühafizə xidmətinin ona yaxınlaşacağını bilməmiş deyil. Nə qədər beyni qızmış, affekt halında olsa da psixoloji olaraq hərəkətində buna yönəli instikt davranma olmalıydı. Ancaq, əksini, görürük. Adam tələsmədən çıxışını tamamlayır. 3. Qətllə bu çıxış arasında azı bir dəqiqə zaman keçdi. Bu müddət ərzində təhlükəzizlik xidmətindən kimsə ona yaxınlaşmır. Nəzərdən qaçırmayaq ki, tədbir zamanı azı iki fərqli mühafizə xidməti mövcud olur. Biri səfirliyin, digəri isə polis və digər qurumlara aid. Nədən heç biri avtomotik hərəkətə keçmir? Ona nitqini tam aydınlığı ilə bitirməyə izn verirlər. Belə ehtimal edək ki, planı düzənləyənlər mühafizənin iş sxeminə də müdaxilə edib, istədiyi yerdəyişməyə nail olub. Rusiyanın xüsusi xidmət orqanları bu cür diletantlığa yol verməzdi məncə. Onlar zərgər dəqiqliyiylə işləyir. Sifarişçinin kim olduğunu bilmirəm, ancaq, yerli xüsusi xidmət orqanında qara əlin olduğuna şübhə yeri qalmır. Özü də kifayət qədərində əli uzun qüvvə. Hansı ki, yuxarıdakı qeyd etdiyim kimi fərqli qurumlardan təşkil olunmuş mühafizənin yerdəyişməsinə belə nail olub. Qatilin polis işçisi olması da sifarişçilər tərəfdən siqnaldır. Yəni, "təhlükəsizlik sistemin bizim əlimizdədir" mesajı verilir".
Siyasi şərhçi Azər Rəşidoğlu diqqətə çatdırıb ki, Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətlə yetirilməsi sıradan məsələ deyil: "Hələ dəqiq bir fikir söyləmək mümkün deyil, lakin bu məsələnin "Hələb qisası" olduğu fikrini qəbul etmirəm. Qısaca, onu deyim ki, qətlin arxasında ya burbaşa ABŞ, ya da Rusiya özü dayanır. Səfirin qətli ciddi məsələdir və proseslərə ciddi təsir göstərəcək. Zənnimcə, bu qətl Rusiya - Türkiyə münasibətlərinə ciddi təsir göstərəcək. Əgər, qətlin sifarişçisi Ankaranın Moskva ilə münasibətlərini korlamaq istəyən qüvvələrdisə, ehtimal edirəm ki, bunun davamı olacaq və Ərdoğanı Kremlə qarşı çıxmağa vadar edəcəklər. O da istisna deyil ki, qətlin sifarişçisi Rusiya özüdür. Əgər belədirsə, Kreml Ankaranı "Türk axını", "Suriya problemi"ndə ciddi güzəştlərə vadar edəcək və anti-Amerika siyasi kursu yeritməyə zorlayacaq. İstənilən halda səfirin qətli ilə məsələ bitməyəcək və tərəflər cavab atəşi açacaqlar".