Putin: “Heç kimi ölkədən qovmayacağıq” Dünya

Putin: “Heç kimi ölkədən qovmayacağıq”

"Biz amerikalı diplomatları ölkəmizdən çıxarmayacağıq".
Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Biz amerikalı diplomatlar üçün problemlər yaratmayacağıq, heç kimi ölkədən qovmayacağıq. Yeni il bayramında övladlarının vərdiş etdiyi istirahət yerlərinə getməyi qadağan etməyəcəyik" deyən Rusiya prezidenti amerikalı diplomatların uşaqlarını Kremldə keçiriləcək Yeni il şənliklərinə dəvət edib.
Bununla belə Putin bildirib ki, beynəlxalq təcrübəyə əsasən Rusiyanın cavab addımlar atmaq üçün əsasları var. Lakin Moskva "mətbəx" diplomatiyası səviyyəsinə enmək istəmir.
Rusiya lideri ABŞ administrasiyasının addımlarını təxribatçı adlandıraraq onların ikitərəfli əlaqələrin daha da pisləşməsinə yönəldiyini bildirib. "Bu, həm Rusiya, həm də ABŞ xalqının fundamental maraqlarına ziddir. Rusiya ilə ABŞ-nın dünya təhlükəsizliyinin qorunmasında xüsusi məsuliyyəti nəzərə alsaq, bu addım bütün beynəlxalq münasibətlər kompleksinə zərbə endirir".
Putinin qənaətinə görə, Rusiya-ABŞ münasibətlərinin bərpasına yönəlik addımlar yeni seçilmiş prezident Donald Trampın siyasətindən asılı olacaq.
Qeyd edək ki, Rusiya XİN-i prezident Vladimirə Putinə ABŞ səfirliyinin 31 diplomatını və Sankt-Peterburqdakı baş konsulluğun 4 əməkdaşını ölkədən çıxarmağı təklif edib.
Xatırladaq ki, ABŞ 35 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib.