Dünya Putinin üzərinə gedir Dünya

Dünya Putinin üzərinə gedir

Kreml Ukrayna böhranına görə məsuliyyəti indi də ABŞ-ın üzərinə atmağa çalışaraq vəziyyətdən çıxmağa çalışır

Cavid

Rusiyanın vəziyyəti getdikcə ağırlaşır. Ukraynanı işğal edən rəsmi Kreml rəsmilərinə qarşı sanksiyaların tətbiqi Putin hakimiyyətini çıxılmaz vəziyyətə salıb. Dünən Rusiyaya qarşı təzyiqlərin artırılmasını dəstəkləyən qanun layihəsi ABŞ Senatına təqdim edilib.
Respublikaçılar Partiyasının üzvləri Rusiyanın Ukraynaya qarşı aqressiyasını əsas gətirərək, bu ölkəyə təzyiqlərin artırılmasının vacibliyini vurğulayıblar. Bu məqsədlə partiyanın Senatda təmsil olunan nümayəndələri effektli addımların atılması üçün qanun layihəsini hazırlayaraq, quruma təqdim ediblər.
Qanun layihəsində NATO-nun tədbirlərinin arıtırlması, hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, o cümlədən Rusiyaya qarşı iqtisadi, bank, enerji sahələrində sanksiyaların stimullaşdırılması yer alıb.
Ukrayna da Rusiyaya qarşı mövcud gücündən istifadə etməkdədir. Belə ki, Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin hərbi dəniz attaşesini "persona non-qrata" elan edib. Bu barədə Ukrayna Xarici İşlər Hazirliyi xəbər verib.
Ukrayna bu addımı 1961-ci ildə imzalanan diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun atıb və mövqeyini Rusiya nümayəndəsinin diplomatik statusu ilə bir araya sığmayan fəaliyyəti ilə əlaqələndirib. Casusluqda günahlandırılan attaşe üç dün ərzində Ukraynanı tərk etməlidir.
"Aprelin 30-da uğurla həyata keçirilən əks-kəşfiyyat əməliyyatı nəticəsində Ukrayna təhlükəsizlik xidməti tərəfindən Rusiya diplomatı saxlanılıb", - məlumatda qeyd olunub.
ABŞ prezidentini milli təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi Zbiqnev Bzejinski isə Ukrayna dövlətçiliyinin qorunması ilə bağlı öz reseptini verib. Bu barədə 112.ua saytı "The Wall Street Journal"a istinadən xəbər verib. Onun sözlərinə görə, Qərb eyni vaxtda iki məqsəd güdməlidir: "Birincisi, dəqiqləşdirmək ki, Rusiya ilə anlaşmaq mümkündür ya yox? İkincisi, rusiyalılara, xüsusən də Putinə bunu başa salmaq ki, anlaşma alınmasa hansı nəticələr olacaq. Qərb Rusiya ilə bu məsələdə anlaşmalıdır ki, Ukrayna sərbəst şəkildə, özünün müəyyən elədiyi avropalaşma hədəfinə doğru gedir. Bu zaman Ukrayna NATO-ya girməməli, onun AB-nin tamhüquqlu üzvlüyü bir qədər ertələnməlidir. Eyni zamanda Avrasiya İttifaqına da qoşulmamalıdır".
Politoloq həmçinin, hesab edir ki, Krım məsələsinin həllini başqa vaxta saxlanmalı, zamanı yetişəndə isə yarımadaya "kondominium" prinsipi əsasında sahiblənmək haqda saziş əldə eləməkdə ona Qərb kömək eləməlidir: "Ukraynaya şəhər döyüşləri üçün yararlı olan müdafiə xarakterli silahlar təklif etmək lazımdır, özü də bu vədi indi, silahı isə lazım olanda vermək lazımdır".
O, Qərbi Kiyevə Ukrayna ordusunu bərpa etmək və şəhər şəraitində uzunmüddətli müqavimət göstərməkdə köməkçi olmağa da çağırıb.
Obamanın Rusiyaya qarşı sanksiyalarını təqdir edən siyasi xadim bu ölkənin iqtisadiyyatının sanksiyaların genişlənməsinə tab gətirə bilməyəcəyi qənaətindədir: "Odur ki, cəzaların miqyası genişləndirilməlidir".
Bundan başqa, Bzejinski rusiyalılara "Ukrayna ilə qeyri-dost ölkə olarsa nələrin olacağı haqda yaxşı-yaxşı götür-qoy eləməyi, Putinə isə xarici qüvvələrin Rusiya daxilində iri etnik azlıqlar problemi yaratmaq imkanında olmasından ehtiyatlanmağı" məsləhət görüb.
Almaniya kansleri Angela Merkel də Ukraynadakı böhranla bağlı Rusiyanı yeni sanksiyalarla hədələyib. Bu barədə o, Berlində Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşdən sonra bəyan edib: "Vacibdir ki, Ukraynada mayın 25-ə təyin edilmiş prezident seçkiləri vaxtında baş tutsun. Ölkənin gələcəyi ilə bağlı məsələni kimsə başqası yox, yalnız Ukrayna əhalisi azad və ədalətli seçkilərin gedişində həll edə bilər".
Onun sözlərinə görə, Rusiya ilə danışıqlar nəticə verməsə, o zaman yeni sanksiyalar tətbiq edilməlidir.
ABŞ və Rusiya isə Ukraynada vəziyyətin gəginləşməsində bir-birlərini ittiham edirlər.
Dövlət katibi Kerri Moskvanı Ukraynada vəziyyəti qızışdırmaqda ittiham edib. Putin isə deyib ki, vəziyyəti qarışdıran ABŞ-dır, indi Rusiyanın əli ilə vəziyyətdən çıxmaq istəyir.
Putin həmçinin deyib ki, Ukraynada Rusiyanın təhlükəsizlik qüvvələri və ya əsgərləri yoxdur.
Ukraynanın özündə isə vəziyyət hər ötən gün daha da pisləşir. Bir yandan parçalanmaqda olan ölkə, digər yanda isə ölkəni idarə etmək üçün keçirləcək prezident seçkisnin yaxınlaşması. Ölkənin bu çətin vəziyyətdən hakimyyətə gəlib, Ukraynanı bu durumdan çıxracaq siyasətçi hər halda işi bacararsa, ölkəsi üçün tarixi şəxsiyyətə çevrilər.
Ukraynanın Donetsk şəhərində rusiyayönümlü fəallarla ukraynalı nümayişçilər arasında toqquşma baş verib. Polis ilk əvvəl rusiyayönümlü etirazçıları geri çəkməyə çalışsa da, etirazçıların döyülməsindən sonra geri çəkilərək, hadisələrin inkişafını kənardan seyr edib. Toqquşmalarda xəsarət alanlar yerli xəstəxanalara aparılıb.
Sonra Rusiya qoşunları Ukrayna sərhədləri yaxınlığında hərbi təlimləri başa vuraraq daimi mövqelərinə geri qayıdıblar. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib.
Vladimir Putin isə ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə münasibət bildirib. Onun sözlərinə görə, Rusiyanın Ukraynadan müdafiə-xarakterli məhsulların ixracatını dayandırmasının qarşısını almaq məqsədi daşıyan bu sanksiyalar uğursuzluğa düçar olacaq.
Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, Rusiya və onun müdafiə sənayesi həm maliyyə, həm də texnoloji cəhətdən ixracat əvəzlənməsi adlanan bu prosesi həyata keçirmək qabiliyyətinə malikdir: "Bunun üçün əlavə vəsait və vaxt tələb olunur. Nə qədər vaxt tələb olunur? İstehsalın növündən asılı olaraq, bir və ya iki il".
Ukraynanın hərbi-sənaye kompleksi üçün rusiyalı müttəfiqlərlə əlaqələrin qırılması fəlakətə gətirib çıxardacağını deyən Putin, bunun səbəbini həmin məhsulların yeganə alıcısının məhz Rusiya olması ilə əlaqələndirib.
Rusiya prezidenti Vladimir Putin sanksiyalara qarşı daha effektiv təzyiq "silahı" olduğunu diqqətə çatdırıb.
O, bu addımların Rusiya ilə Qərbin yanacaq münasibətlərinə təsir edəcəyi haqda ABŞ və Avropa Birliyinə xəbərdarlıq edib.
Putin bildirib ki, "bizim sanksiyalara reaksiya verə biləcək çox tendensiyamız var. Ümid edirəm ki, iş bu həddə çatmayacaq. Amma əgər belə davam etsə, şübhəsiz Rusiyanın enerji sektoru burada başlıca cavab olacaq".
Qeyd edək ki, Putinin bu sözləri ABŞ, Avropa və Yaponiyanın son vaxtlar Rusiyanın bir çox hüquqi və fiziki şəxslərini, həmçinin, Rusiyanı dəstəkləyən Ukrayna vətəndaşlarını baykot etdikdən sonra səslənib.
"Qazprom"a xəbərdarlıq edilib ki, yeni sanksiyaların nəticəsində Avropaya qaz verilməsi dayandırıla bilər.
Putin onu da deyib ki, Ukrayna böhranı ABŞ tərəfindən idarə edilir: "ABŞ-ın Ukrayna böhranının həll prosesində sərgilədiyi davranış böhranın yarandığından bu yana ABŞ tərəfindən idarə edildiyini göstərir. Ancaq lap əvvəldən kögədə qalmağı seçdilər".
V.Putin hər şeyin Kiyevin Ukraynanın maraqlarına uyğun olmayan razılaşmalara qarşı çıxmasından sonra başlandığını qeyd edib: "Ukrayna hökuməti bu razılaşmalara qarşı çıxdı. Ancaq daha sonra hər kəsin də bildiyi kimi, Qərb başqa bir ssenarini ortaya atdı. Əli silahlı bəzi qruplar hökuməti ələ keçirdi. Lakin kimsə bunun hansı nəticələr doğuracağını düşünmədi".
Rusiya dövlət başçısı Ukrayna xalqının böyük əksəriyyətinin Qərbin bu hərəkətlərinə qarşı olduğunu ifadə edib.
Moskvada keçirilən mətbuat konfransında Beynəlxalq Valyuta Fondunun (BVF) Rusiyadakı missiyasının başçısı, qurumun Avropa İdarəsinin məsləhətçisi Antonio Spilimberqo isə bildirib ki, Rusiyanın iqtisadiyyatı artıq geriləmə dövrünə girib. Ölkədə iki kvartaldır ki, inkişaf tempi aşağı düşüb.
O, Rusiya iqtisadiyyatında geriləməni öncə mövcud olan struktur problemləri və Ukraynadakı konflikt nəticəsində geosiyasi qeyri-müəyyənliyin dərinləşməsi ilə izah edib.
Qurum rəsmisinin sözlərinə görə, BVF bu il Rusiyadan təxminən 100 milyard dollar həcmində kapitalın çıxarılacağını proqnoz edir. Özü də hazırkı kapital axınının böyük hissəsi rublun başqa valyutalara çevrilməsi ilə əlaqədardır.
BVF yetkilisi onu da deyib ki, sanksiyaların sərtləşəcəyi ehtimalı Rusiya iqtisadiyyatına sanksiyaların özündən daha güclü zərbə vura bilər.
Bolqarıstan hökuməti isə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin bank hesablarını dondurub və onun ölkə ərazisinə girişini qadağan edib.
Bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Sergey Narışkinə qarşı tətbiq edilən sanksiya Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar siyahısına əsasən həyata keçirilib.
Bəyanatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində Sergey Narışkinin rəhbərlik etdiyi millət vəkillərindən ibarət nümayəndə heyəti mayın 6-dan 8-dək Bolqarıstana səfər edəcəyi barədə xəbərlər yayılıb. Buna görə də Bolqarıstan XİN Sergey Narışkinin ölkə ərazisinə daxil olmasını qadağan edən bəyanatla çıxış edib.
Bolqarıstan XİN-in açıqlamasında həmçinin qeyd olunur ki, Sergey Narışkinin ölkə banklarında olan bütün bank hesabları dondurulub.
Digər bir məlumata görə, Ukrayna hadisələri ilə əlaqədar Rumıniya artilleriya və havadan müadifə sistemlərini ölkənin şərq sərhədlərinə cəmləşdirir.
Son günlər Rumıniya ərazisində Ukraynaya doğru hərbi hissələrin intensiv hərəkəti müşahidə olunur.
Qeyd edək ki, yerli sakinlər Buxarestdən çıxan böyük sayda ağır texnikanın dislokasiyasını kameralara alıblar. Rumıniya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, havadan müdafiə sistemləri, yük maşınları və tankla dolu 10 vaqondan ibarət qatar Konstansiyaya istiqamət alıb. Məqsəd Ukrayna sərhədlərində Rumıniya, Amerika, Bolqarıstan və Makedoniyanın hərbi hissələrinin birgə təliminin keçirilməsidir.
Rusiyanın xarici işlər naziri Serqey Lavrov isə Ukraynanın Slovyansk şəhərində Rusiya-yönümlü separatçılar tərəfindən girov götürülmüş ATƏT müşahidəçilərinin azad edilməsinə çağırıb. Peruya səfəri zamanı bu barədə danışan Lavrov, Kiyev rəhbərliyini də bu məsələdə hərəkətə keçməyə səsləyib.
"Biz müşahidəçilərin azad edilməsinə çağırırıq, lakin biz "xalq üsyanı"na görə qərar verə bilmərik. Bu insanlar daim Kiyevdən səslənən hədə-qorxu ilə üz-üzədir, Kiyev onlara qarşı ordu qüvvələrindən, zirehli texnikadan istifadə ediləcəyini bəyan edir, bunu ekstremistlərdən gələn təhlükə ilə əsaslandırır" - Rusiyanın xarici işlər naziri Serqey Lavrov belə deyib.
Lavrov həmçinin vurğulayıb ki, Rusiya Ukrayna rəhbərliyi ilə onların ölkənin digər regionlarındakı rəqibləri arasında dialoqun ATƏT bayrağı altında başladıla biləcəyinə inanır.