Lukaşenko kiminlə oynayır? Dünya

Lukaşenko kiminlə oynayır?

Və ya diktator diktatorun əleyhinə getməz

Cavid

Ukrayna hadisələrindən sonra Belorus prezidentin Aleksandr Lukaşenko ilə Rusiya prezidenti Vladimir Putin arasında narazılıqlar baş qaldırıb. Maraqlıdır ki, bu narazılıqlar son günlərə təsadüf edib. Lukaşenkonun son ifadə və bəyanatları Putin tərəfindən narazılıqla qarşılanıb. Amma bundan öncə Lukaşenko rəsmi Moskvaya qarşı başqa mövqe sərgiləyirdi.
Belə ki, Belarus prezidenti Aleksandr Lukaşenko telemüsahibələrindən birində Rusiyalı həmkarı Vladimir Putini hiddətləndirəcək fikirlər səsləndirib.
Lukaşenko deyib ki, Ukraynanın prezident əvəzi Aleksandr Turçinovu ölkə başçısı olaraq tamamilə legitim sayır.
"Məncə, bununla bağlı hər şey məntiqə uyğundur. Ukraynanın konstitusiyasına görə, prezident olmayanda onun səlahiyyətlərini Ali Radanın rəhbəri həyata keçirir. Belə də olub. Mən hesab edirəm ki, hazırda Ukraynanın prezidenti yoxdur. Konstitusiyaya görə isə prezident olmalıdır. Konstitusiyanın tələbi ilə prezident səlahiyyətini Turçinov yerinə yetirməlidir. Beləliklə, mənim üçün o tamamilə legitimdir. Ali Rada da tamamilə legitim orqandır", - deyə Lukaşenko bəyan edib.
Aleksandr Lukaşenko Ukraynanın federallaşması ilə bağlı səslənən fikirlərə də neqativ yanaşıb. Lukaşenko bu barədə NTV kanalının "Seqodnya" proqramında çıxışında bildirib. Lukaşenko vurğulayıb ki, Ukraynanı indiki dönəmdə federallaşmaya sürükləmək olduqca təhlükəlidir: "Əgər siz Ukraynanın monolit bir şəkildə bütövlüyünü qorumaq istəyirsinizsə, federallaşma aparılmamalıdır. Bu, sabah Ukraynanı məhvə, dağılmağa aparar".
Xatırladaq ki, Rusiya hələ də Ukraynanın devrilmiş rəhbəri Yanukoviçi legitim prezident sayır və yeni hökuməti qəbul etmir. Bu baxımdan Lukaşenko öz açıqlaması ilə həm də Putinə qarşı getmiş olur.
Belorus prezidenti Putinin qatı diktator olduğunu deyib. Lukaşenko deyib ki, bu məsələdə Rusiya prezidenti Vladimir Putin ondan da önə keçib: "Mən ona deyirəm ki, indi sən məni bu məslədə qabaqladın və önə keçdin. İndi məndən əl çəkib, sənin yaxandan yapışacaqlar. Bunu deyəndən sonra o da, mən də gülürük".
Özünü diktator hesab etməyən Lukaşenko bunun səbəbini açıqlayıb: "Əgər mənim imkan və resurslarım olsaydı, o zaman mən diktator olmaq istərdim. Bunun üçün Stalin olmaq lazımdır, SSRİ olmalıdır, ən əsası isə nüvə silahın olmalıdır. Ondan sonra diqtə etmək olar. Amma biz belaruslar yerimizi yaxşı bilirik. Bizə düşən özümüzəməxsus olanı verməmək, qorumaqdır, daha kimsəyə diqtə etmək yox".
Lukaşenko onu da əlavə edib ki, Belarusda özünü diktator hesab etmək üçün gərək özünü tamam ağılsız hesab edəsən.
Belarus prezidenti ölkəsinin Rusiya ilə münasibətlərinin yaxşı olmasına baxmayaraq prezident Vladimir Putinin ora da qoşun yeridə biləcəyini deyib.
Lukaşenko Belarus xalqına və parlamentinə illik müraciəti zamanı Rusiya təhlükəsi barədə açıq və səmimi danışıb.
Parlament üzvlərindən biri Lukaşenkodan müraciətini niyə "rus məsələsi" ilə başladığını soruşub.
Belarus prezidenti ona belə cavab verib: "Bəli, bizi qorxudurlar. Mən boş yerə çıxışımı bu məsələdən başlamadım. Bizi qorxudurlar ki, sabah Putin gələcək, zəbt edəcək. Bir daha təkrar edirəm: kimin haradan gəlməsindən asılı olmayaraq biz öz ölkəmiz uğrunda vuruşacağıq. Bəzilərinə cavab olaraq isə deyirəm: əgər Putin bura gəlsə, o zaman buradakı rusların kimin tərəfində vuruşacağı məlum olmayacaq. Ona görə də bizi Putinlə, Rusiya və digərləri ilə qorxutmaq lazım deyil. Burada Rusiya ilə problem yoxdur. Yoxdur! Araqarışdıranlar var, o cümlədən Rusiyada. Xüsusən də indiki mərhələdə".
Bir müddət önəc isə Lukaşenkonun Rusiyaya qarşı mövqeyi tamamilə başqa cür idi. Fikir verin, Lukaşenko nə deyirdi.
Rəsmi Minsk mayın 29-da Astanada Avrasiya İqtisadi İttifaqının yaradılması ilə bağlı müqaviləni öz maraqlarına ziyan vuracaqsa, imzalamayacaq. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib: "Bu gün biz, bir daha qeyd edirəm, ilk növbədə Rusiya ilə bu məsələlər üzrə dialoq aparırıq. Bu məsələlər yaxın zamanda həll olunmalıdır, ona görə ki, iqtisadi ittifaqın yaradılması ilə bağlı mayın sonunda müqavilə imzalamalıyıq, bu səbəbdən bizi narahat edən suallar tezliklə gündəlikdən çıxarılmalıdır. Əks halda, biz iqtisadi ittifaqda bərabər olmayan şərtlərlə özümüzə ziyan gətirəcək addımı atmayacağıq".
Çıxışlarının birində isə Lukaşenko belə deyib: "Rusiya prezidenti Vladimir Putin mənim ən yaxın dostumdur, ancaq buna baxmayaraq bizim aramızı vurmağa çalışırlar".
Onun sözlərinə görə, Belarus Rusiyanın bu ölkəyə 10 il ərzində 2 milyard dollar kredit verdiyinə görə minnətdarlığını bildirir: "Biz Rusiya ilə dost, qardaşıq, ümumilikdə isə biz eyni xalqıq. Çətin günlərdə bizə kim kömək elədi? Beynəlxalq Valyuta Fondumu? Pul verə bilərdilər, ancaq siyasi motivlərə görə vermədilər. Rusiya isə bizə yardımını əsirgəmədi".
Kaluqa vilayətinin qubarnatoru Anatoli Artomonovla görüşdə isə o bildirib ki, Qərbin "cəfəngiyyata bənzəyən" sanksiyalarından Rusiyanın ehtiyat etməsinə gərək yoxdur: "Qərbin sanksiyaları sayıqlamaq, axmaqlıq və cəfəngiyyata bənzəyir. Avropa hazırda heç nəyə qadir deyil və biz bunun üzərindən keçməliyik. Belarus xalqı sanksiyaların nə olduğunu hamıdan yaxşı bilir. Çünki iki ildir ki, bu sanksiylara məruz qalıb. Rusiyaya tətbiq olunacaq sanksiayalar xalqlar arasında əlaqəni daha da dərinləşdirəcək. Əgər lazım gəlsə, biz Rusiyanın əvəzinə Ukraynada işləyəcəyik. Rusiyaya gərək olsa ki, biz dünyanın 39-na gedək, bunu həyata keçirəcəyik".
Rusiya-Belarus İttifaq dövlətinin yaradılması haqda danışan Lukaşenko deyib: "Doğrudur, bəzi səbəblərdən prosesi ləngitmişik. Amma düşünürəm ki, bu, keçilməz maneə deyil. Biz Rusiya ilə münasibətləri normallaşdıracaq, bunun yollarını tapacağıq. Bizə Rusiyasız, Rusiyaya isə Belarussuz çox çətin olar. Bizim normal münasibətlərimiz olmalıdır".
Bax belə, təzadlı fikirlər söyləyən "Batya"nın səmimiliyinə də şübhələr də buradan qaynaqlanır. Belorus-Rusiya, Lukaşenko-Putin fikir ayrılıqları hazırlanmış bir oyundur, yoxsa...?
Politoloq Arzu Hağıyevin fikrincə, Rusiya və Belorus özlərini nə qədər dost kimi aparmağa çalışsalar da vaxtaşırı onlar arasında da çəkişmələr baş verir: "Ukraynada baş verən məlum hadisələrdən sonra da Belorus "ehtiyatı əldən verməməyə" çalışır. Keçən il Rusiyanın "Uralkaliy" şirkətinin direktoru Vladislav Baumqentneri dövlət səviyyəsində Belorusa dəvət edərək həbs etdilər, bu həbsdən sonra Rusiya Belorusdan idxal olunan süddə "qeyri standartlar" aşkarladı və hətta Belorusdan süd ixracına qadağa da qoyuldu. Bununla dayanmayan rus tərəfi daha doğrusu, "Transneft", təmir işlərini bəhanə gətirərək neft ixracını azaldacağını bəyan etdi və Belorus benzininin keyfiyyətinin aşağı olduğunu bildirdi. Məqsəd əlbəttə ki, Baumqentneri azad etmək idi. Sonradan Süleyman Kərimova qarşı cinayət işi qaldırdılar. Bu isə Rusiyanın maraqlarına zidd addım idi, yəni Perm və Dağıstanda Kərimovun önəmli mövqeyi var. Yəni bu misalları çəkməkdə məqsəd odur ki, Lukaşenko Rusiya biznesinin Belorusa mənfi təsirini göstərməyə çalışır və bundan öz xeyirinə istifadə edir. Rusiya isə Belorus ilə birgə iş görməyə məcburdur, çünki demək olar ki, Qərblə onun arasında olan və Ukraynanı itirdikdən sonra ən strateji dövlətdir. İki dövlətin hərbi sahədə qarşılıqlı münasibətləri mövcuddur. Belə ki, Belorus ərazisində 2003-cü ildən "Volqa" RLS, eyni zamanda Atlantik, Hind və Sakit okeanda olan Rusiya Hərbi dəniz qüvvələrinin sualtı atom gəmilərinin hərəkətini tənzimləyən 43-cü rabitə hissəsi fəaliyyət göstərir. Bundan başqa Rusiya, Belorus və Qazaxıstan Gömrük ittifaqının üzvləridirlər. Bir sözlə Rusiyanın Belorusda öz özəl maraqları var və nə qədər bir-birinə qarşı ittihamlar yağdırsalar da, ümumi marqaları daha çox üstünlük təşkil edir".
Ekspert Hail Cəlilin fikrincə isə Lukaşenko sadəcə gözdən pərdə asır və rəsmi Moskvanı ittihamlamaqla Qərbin ona qarşı mövqeyinin necə olacağını yoxlayır: "Hər iki prezident öz ölkələrində diktatura rejimini qoruyub saxlamağa çalışır. Lukaşenko heç vaxt Putinin əleyhinə getməz. Çünki Gürcüstan və indi isə Ukrayna hadisələri ona dərs olub. Bir ara söz gəzirdi ki, bu iki ölkə birləşəcəklər, hansısa ittifaqda olacaqlar. Bu baş verə bilər. Belorus liderinə Avropadan saknsiyalar mövcuddur. Ona görə də onun güvən yeri Putindir. Putinə qarşı çıxacağı təqdirdə Avropa da onu yaxına buraxmayacaq. Çünki diktatordur. Ona görə də Putinlə münasibətlərində səhvə yol verməz".