Avropa Məhkəməsinin baş örtüyü qərarına etirazlar Dünya

Avropa Məhkəməsinin baş örtüyü qərarına etirazlar

Avropa Məhkəməsinin qərarına görə, şirkətlər işçilərinə baş örtüyü, eləcə də başqa dini geyimləri qadağan edə bilərlər. Bu qərar dini liderlərin, həm də insan haqları təşkilatlarının etirazlarına səbəb olub. "Reuters" agentliyi qərarın Hollandiya və Fransada seçkilər dövrünə, həm də millətçilərin fəal olduğu seçkilər dönəminə düşdüyünü qeyd edir. Hər iki ölkədə gündəmdə olan müsəlman miqrantların məsələsidir. Hollandiyada Türkiyə prezidentiylə söz savaşına çıxan millətçi liderlər durumdan yararlanmağa, özlərinə daha çox seçici toplamağa çalışırlar. Prezident seçkisinə hazırlaşan Fransada da işə baş örtüyü ilə getmək bu yaxınlarda yasaqlanıb.
Fransa prezidentliyinə namizəd, mühafizəkar François Fillon Avropa Məhkəməsinin qərarını alqışlayıb, bu qərarın şirkətlərin işini yüngülləşdirdiyini, sosial sülhə töhfə verəcəyini deyib. Baş örtüyünə qadağaları ləğv edən Türkiyə isə məhkəmənin qoyduğu qaydanı pisləyir. "Avropa Ədalət Məhkəməsinin baş örtüyü qərarı antimüsəlman meyllərin, ksenofobiyanın yalnız güclənməsinə səbəb olacaq". Türkiyə prezidenti R.T.Ərdoğanın sözçüsü İbrahim Kalın Tvitter hesabında belə yazıb.
Baş örtüyünə görə işindən məhrum olanların tərəfdarları da qərarı pisləyiblər. Onlar məhz bu qərara görə müsəlman qadınların işsiz qalacağını deyirlər. Məhkəmənin də öz arqumentləri var. Hakimlər hesab edirlər ki, müraciətlərinə baxılan qadınların (biri Fransada, digəri isə Belçikada baş örtüyünü çıxarmadığına görə işdən qovulub) işindən məhrum edilməsi AB-nin dini ayrıseçkilik əleyhinə qanunlarının pozulması kimi qiymətləndirilə bilər. Məsələn, fransalı mühəndis Asma Bougnaouinin müştərinin etirazından sonra qovulması ayrıseçkilik sayılıb. Ancaq Belçika şirkətinin müştərilərə xidmətlə məşğul olan işçisini baş örtüyünə görə cəzalandırması fərqli dəyərləndirilib. Məhkəmə bildirib ki, bu cəza işçilərin şirkət qaydalarına əməl etməsi – neytral geyimdə olması tələbindən irəli gəlir. "Şirkətin daxili qaydaları – siyasi, fəlsəfi və dini əlamətləri olan geyimləri yasaqlaması ayrı-seçkilik deyil". Məhkəmənin qərarında belə deyilir.
Beynəlxalq insan haqları təşkilatı "Amnesty International" fransalı işçiylə bağlı qərarı alqışlayıb, şirkətlərin işçiylə, qərəzli müştərinin tələbinə uyğun rəftar etməyə ixtiyarı çatmadığını bildirib. Belçikalı iddiaçının işinə gəlincə, qurum neytrallıq naminə verilən qərarın elə qərəzli şəxslərə yol açdığını söyləyib.