Fransada prezident seçkiləri Dünya

Fransada prezident seçkiləri

Elçin Mirzəbəyli: "Seçkinin ikinci mərhələsində Emmanuel Makronun qalib gəlmə ehtimalı daha çoxdur"

Fransada prezident seçkilərinin ilk turunda 23,75 faiz səslə mərkəzçi Emmanuel Makron qalib gəlib, ifrat sağçı Marin Le Pen isə səslərin 21,53 faizini qazanıb. Fransanın yeni prezidenti mayın 7-də baş tutacaq seçkilərin ikinci turunda müəyyənləşəcək. Keçmiş bankir olan Makron heç vaxt seçki kampaniyasına qatılmayıb. Seçiləcəyi halda o, Fransanın ən gənc prezidenti olacaq.
Fransanın hazırkı prezidenti Fransua Hollande Makrona qeyri-rəsmi olaraq telefon zəngi edərək onu təbrik edib. Uduzan namizədlər də ikinci turda ona səs verməyə çağırış ediblər. Almaniya kansleri Angela Merkel və Avropa Komissiyasının sədri Jean-Claude Juncker də cənab Makrona dəstək verib. Beşinci respublikanın tarixində ilk dəfə (1958-ci ildən etibarən) nə sosialist, nə də sağçı-mərkəzçi namizəd seçkilərin ikinci mərhələsinə keçməyib.
Səsvermə zamanı "Respublikaçılar" partiyasının namizədi, keçmiş baş nazir Fransua Fillon səslərin 19,91 faizini, "İtaətsiz Fransa" hərəkatının lideri, ifrat solçu Jean-Luc Melenkon isə 19,64 faizini toplayıb. İkinci tura çıxan namizədlər tamamilə zidd nəzər nöqtəsinə malikdirlər. Emmanuel Makron azad beynəlxalq ticarət və Avropa Birliyi uğrunda çıxış edir, Marin le Pen isə qloballaşma əleyhinədir və Fransanın Avropa İttifaqından çıxması məsələsilə bağlı referendum keçirmək istəyir.
Seçici fəallığı 69.5 faiz olub. Lakin namizədlər arasında fərq azlığı proqnozları çətinləşdirir. Səsvermə zamanı ölkə üzrə təxminən 50 min polis və 7 min əsgər seçki məntəqələrində təhlükəsizliyi təmin etmək üçün xidmət başında olub. Seçkilərdə ifrat sağçılardan tutmuş ifrat solçulara qədər müxtəlif partiyaları təmsil edən 11 namizəd ölkənin növbəti prezidenti olmaq uğrunda mübarizə aparıb.
Politoloq Elçin Mirzəbəyli bildirib ki, Makronun ikinci turda qalib gəlmək ehtimalı daha çoxdur: "Fransada seçkilərdə 23,75% səs toplamış "En Marche" (İrəli) Hərakatının lideri Emmanuel Makronla birinci mərhələni 21, 53% səslə başa vurmuş "Milli Cəbhə" partiyasının lideri Marin Le Pen ikinci turda yarışacaqlar.
Respublikaçıların namizədi Fransua Fiyon 19,91%, solçu namizəd Jan-Lyuk Melanşon isə 19,64% səs toplayıblar.
Seçkinin ikinci mərhələsində Emmanuel Makronun qalib gəlmə ehtimalı daha çoxdur. "En Marche" (İrəli) Hərakatı sosial-liberal siyasi partiyadır. Yəni sol cəbhəni təmsil edir. "En Marche"nin ideoloji prioritetləri – mərkəzçilik, xristian-demokratiya, liberalizm seçki marafonundan kənarda qalan Fransua Fiyon və Jan-Lyuk Melanşonun təmsil etdiyi siyasi partiyalarla üst-üstə düşür. Jan-Lyuk Melanşon da seçkidə sol cəbhəni təmsil edirdi. Bu baxımdan, onun və seçki marafonundan kənarda qalan digər sol qüvvələrin səslərinin ikinci turda Makrona veriləcəyi ehtimalı çoxdur. Fransua Filyonun partiyası – respublikaçılar – sağ-mərkəzçi cəbhəni təmsil etsələr də, onların da ideoloji baxışları Emmanuel Makronun "En Marche" (İrəli) Hərakatının prinsiplərindən bir o qədər də fərqlənmir: Mərkəzçilik, xristian-demokratiya... Makron, Filyon və Melamşonun təmsil etdiyi siyasi qüvvələrin üst-üstə düşən prioritetləri həm də Avropa İttifaqına münasibətlə bağlıdır. Bu baxımdan, Fransua Fiyonun tərəfdarlarının da ikinci turda Emmanuel Makrona səs verəcəkləri şübhə doğurmur. Bu baxımdan, seçkilərin ikinci turunda sabiq iqtisadiyyat naziri Emmanuel Makronun qalib gəlmək ehtimalı daha çoxdur. Lakin "Milli Cəbhə" partiyasının lideri Marin Le Penin seçkidən ana müxalifət kimi çıxmasının özü belə Fransa və Avropa İttifaqı üçün ciddi problemlər yaradacaq".
Politoloq Vasif Əfəndiyevin fikrincə, Fransada keçirilən prezident seçkilərinin birinci turunun başa çatması ilə ölkədə siyasi temperatur daha da artdı. Emmanuel Makron cəmiyyətin elitasının və orta təbəqənin əsas səslərinə sahib çıxaraq birinciliyi əldə etdi. İkinci turda fransızların böyük səs çoxluğu ilə Makronu dəstəkləyəcəyi şübhəsizdir. Marin Le Pen populist çıxışları ilə seçicilərin 22 faizinin səsini qazanması ona növbəti turda müvəffəqiyyət vəd etmir. Hesab edirəm ki, Makron Fransa cəmiyyətinin böyük hissəsinin etimadını qazana biləcək. Marin Le Pen həm də çox qalmaqalllı şəxsiyyətdir. Fransanın tanınmış və lider siyasətçilərindən olan ata le Pen hətta qızının prezidentliyə namizəd olacağı təqdirdə onu övladlıqdan çıxaracağını bəyan etmişdi. Marin Le Pen isə atasına qarşı hörmətsizlik nümayiş etdirərək, açıq şəkildə atasına etiraz etmişdi.
Onun sözlərinə görə, seçki marafonu ərəfəsində Marin Le Pen ermənilərin səsini qazanmaq niyyətilə Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyindən danışmışdı: "Rusiya siyasi kluarlarında isə eynilə ABŞ prezidenti Donald Trampın seçkilərində olduğu kimi Le Penin dəstəklənməsi kampaniyası aktiv olaraq aparılmaqdadır. Lakin Donlad Tramp seçildikdən sonra "Rusiyanın adamı" şayiəsini alt-üst etdi. Hər halda Fransada seçkiləri fransız xalqı müəyyən edir. Marin Le Penin prezident seçiləcəyi təqdirdə bu xanımın nə erməniləri, nə də rusları qane edəcəyinə əmin deyiləm. Bu siyasi texnologiyadır. Ümumilikdə isə fransızların ermənilərə sevgisi məlum məsələdir. Fransada kimin prezident seçilməsindən asılı olmayaraq ermənilərə olan məhəbbəti azaltmayacaq. Azərbaycanın bu ölkə ilə qurduğu münasibət və əlaqələr hələ ki, fransızların Ermənistana olan dəstəyinin hüquqi müstəviyə keçməsinin qarşısını ala bilir".