Turçinov separatçılarla danışıqlara hazırdır Dünya

Turçinov separatçılarla danışıqlara hazırdır

ABŞ isə Rusiyanı ram etmək barədə düşünür

Cavid

Ukraynada prezident səlahiyyətlərini icra edən Ali Radanın spikeri Aleksandr Turçinov mərkəzi hakimiyyətin separatizmin alovlandığı şərq vilayətlərinin rəhbərləri ilə danışığa hazır olduğunu bildirib. Ukrayna mətbuatı xəbər verir ki, spiker Ukraynanın sabitliyi və inkişafı üçün bu addımın vacib olduğunu vurğulayıb.
"Hakimiyyətin hədəfi sabitliyi və demokratik, müstəqil Ukraynanın inkişafını təmin etməkdir. Bunun üçün biz müzakirələrə hazırıq",- deyə A. Turçinov qeyd edib. Prezident səlahiyyətlərinin icraçısı onu da deyib ki, separatçılarda kim könüllü təslim olarsa, onlara Ukrayna hakimiyyəti cəza kəsməyəcək.
Turçinov bununla belə xəbərdarlıq edib ki, mayın 9-da iğtişaşları törətməyə cəhd edənlərə layiqli cavab veriləcək.
Xalqa müraciətində Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Ali Rada sədri həmçinin Rusiya rəhbərliyinə səslənib. O, Ukraynaya qarşı düşmənçiliyi dayandırmağı tələb edib və məsuliyyətli beynəlxalq siyasətin nə olduğunu xatırlamağa çağırıb.
Ukrayna prezident administrasiyası rəhbərinin səlahiyyətlərini icra edən Sergey Paşinski isə bəyan edib ki, hökumət ölkənin cənubi-şərqində aparılan antiterror əməliyyatını dayandırmaq niyyətində deyil: "Biz dinc əhali arasında itkinin qarşısını almaq üçün qoşunları yeritmirik, lakin antiterror əməliyyatı davam edəcək, Slavyansk və Kramatorsk şəhərindəki terrorçular ələ keçiriləcək və yaxud məhv ediləcəklər".
Eyni zamanda Paşinski vurğulayıb ki, antiterror əməliyyatı zamanı girov götürülmür, nümayişçilər isə saxlanılmır: "Biz yalnız terrorla və silahlılarla mübarizə aparırıq".
Dünən axşam saatlarında Donetskdə silahlı separatçılar "Ukrpoçt" və "Ukrtelekom"-un binalarını zəbt edib. Bağlamaların qəbulu və göndərilməsi dayandırılıb.
Həmçinin binada yerləşən pensiya fondunun şöbəsi, əhalinin məşğulluq mərkəzi və vergi müfəttişliyinin silahlılar tərəfindən ələ keçirildiyi bildirilir.
Qeyd edək ki, Ukraynada vəziyyət günü-gündən gərginləşir. Şərq vilayətlərinin Ukraynadan ayrılmaq təhlükəsi yaranıb.
Ukraynadakı böhran və "kollektiv təhlükəsizlik" məsələsi mayın 8-də Rusiya prezidenti Vladimir Putinin Ermənistan, Belarus, Qırğızıstan və Tacikistan prezidentləri ilə danışıqlarında əsas müzakirə mövzusu olub. Məlumata görə, bəzi dövlətlərin Rusiyanın rəhbərlik etdiyi Gömrük Birliyinə daxil olmaqdan imtina etməsi də görüşdə müzakirə olunub.
Kremlin sözçüsü Dmitry Peskov iki tərəfli danışıqların keçiriləcəyini də deyib.
ABŞ prezidenti Barak Obama isə Rusiya üçün xüsusi ticarət imtiyazlarını dayandırmaq istəyir. Prezidentin sözlərinə görə, Rusiya iqtisadi cəhətdən kifayət qədər inkişaf edib və artıq bu imtiyazlara ehtiyacı yoxdur.
ABŞ-ın ticarət imtiyazlarından inkişaf etməkdə olan ölkələr yararlanır. Lakin Obamanın bu qərarı Kremlin ilhaqı və Ukraynada sabitliyi pozmaqda iştirakına görə Rusiyanı cəzalandırmaq məqsədi daşıyır.
Obama ötən gün Konqresi məlumatlandırıb ki, o, Rusiyanın Ümumi İmtiyaz Sistemi proqramına çıxışını dayandırmaq niyyətindədir. Proqrama əsasən bəzi məhsullar rüsumdan azad edilir.
Ötən il Rusiya bu proqramdan ən çox yararlanan 9-cu ölkə olub və Rusiyadan ABŞ-a göndərilən əmtəəyə görə 296 milyon dollar dəyərində endirim əldə edib. Ağ Ev Rusiyanın "kifayət qədər inkişaf" edən iqtisadiyyatının bu qərar üçün əsas olmağa yetdiyini açıqlayıb.
Qərbin təzyiqlərinə və sanksiyalarına baxmayaraq, Rusiya Ukraynada prezident seçkilərini pozmaq niyyətindən əl çəkmir.
Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Mixail Oxendovski bildirib ki, Ukraynada prezident seçkiləri mayın 25-də istənilən halda keçirilməlidir: "Mən həqiqətən də seçkilərin mayın 25-də keçiriləcəyinə, üstəlik hər hansı vəziyyətdən asılı olmayaraq keçiriləcəyinə əminəm".
Sosioloji araşdırmalara görə, prezidentliyə namizəd Pyotr Poroşenkonun artıq seçkilərin birinci turunda qalib gəlmək şansı var.
Yuliya Timoşenko isə bir gün əvvəl bildirib ki, prezident seçkilərində qalib gəlməsə, Ukraynada "inqilabın üçüncü mərhələsi" mümkündür, çünki onun fikrincə, ölkəni böhrandan yalnız o çıxara bilər.
ABŞ və Rusiya arasında Ukrayna məsələsinə görə, gərginlik isə günbəgün artır. Lakin birmənalı şəkildə Amerika cəmiyyətində o qədər də məşhur olmayan Ukraynaya görə, Pentaqonun, yaxud NATO-nun Rusiyaya müharibə elan etməsi ehtimalı aşağıdır. ABŞ hələlik məsələni iqtisadi və Rusiyanın da üzv olduğu beynəlxalq qurumlar sferasında həll etmək istəyir. Rusiyanın G-8-dən çıxarılması və iqtisadi sanksiyaların tətbiq edilməsi eyni qəbildəndir. Rusiya iqtisadiyyatı Avropaya bağlı olsa da qitə ölkələrinin federasiyadan enerji asılılığı var. Enerji faktoru ciddi sanksiyaların tətbiq edilməsinin qarşısındakı ən böyük maneədir. Lakin yenə də ABŞ-ın Rusiyanı dayandırması üçün 4 variantı var: hərbi, diplomatik, iqtisadi addımlar və Səudiyyə Ərəbistanı.
ABŞ-ın hərbi variantı həyata keçirmək üçün NATO-ya güvənə bilər. Pentaqon və NATO-nun bu məqsədlə Aralıq və Qara dənizinə hərbi qüvvələrini yerləşdirməsi barədə məlumatlar yayılsa da Müdafiə Nazirliyi tərəfindən bu təkzib edildi. Digər tərəfdən Ukrayna məsələsi hələ də həllini tapmayıb və buna görə, Vaşinqtonun hərbi varianta əl atacağı inandırıcı deyil. Birinci, Ukrayna ABŞ-ın milli maraqlarını təyin edən əsas faktor deyil. Ağ Ev dəfələrlə səsləndirdiyi bəyanatlarda Ukraynanın yalnız müəyyən maraqlar çərçivəsində olduğunu bildirib. İkinci, Ukrayna NATO və Avropa İttifaqı üzvü deyil, yəni ki, ABŞ-ın müttəfiqləri arasında yoxdur. Orta Şərq planlarını təyinedici qüvvəsi olan Suriya üçün ABŞ hərbi varianta əl atmayıbsa, nə Ağ Ev, nə yerli cəmiyyət belə bir qərarı istəməz. Üçüncü, Konqres prezident Barak Obamadan məsələni diplomatik yollarla həll edilməsini tələb edir. Dördüncü, Konqres, hökumət daxilindəki müəyyən qruplar, yəhudi lobbisi və cəmiyyət Ukraynaya görə, ABŞ-ın Rusiya ilə müharibə etməsini istəmirlər. Beşinci, Rusiya da ABŞ kimi nüvə dövlətidir. Belə bir müharibə dəhşətli nəticələrə yola açacaq.
Brukinq İnstitutunun politoloqu Maykl Onlonun sözlərinə görə, ABŞ-ın regiondakı manevrlərilə Rusiyaya qarşı blef etdiyini Putin yaxşı bilir. "Heritage Foundation"nun siyasi analitiki Ceyms Sarafano da Rusiyaya qarşı hərbi variantın mümkün olmadığı qənaətindədir. Avropa İttifaqı, xüsusilə qurumda söz sahibi olan Almaniya da Rusiya ilə müharibənin əleyhinədir. Bununla ABŞ-ın seçimində diplomatik təzyiq və iqtisadi sanksiyalar qalır.
O da bildirilir ki, ABŞ və Avropa İttifaqının əlində Rusiyanı dayandırmaq üçün əsas kart iqtisadi sanksiyalardır. Ağ Ev və Konqres də bu variantın üzərində təkid edir. Aİ liderləri Rusiya ilə iqtisadi əməkdaşlığın tamamilə dayandırılmasını təklif edirlər. Rusiya iqtisadiyyatının Qərbdən asılılığını nəzərə alsaq, sanksiyalar təsir göstərəcək. Lakin Rusiyanın Avropadan asılılığı qədər qitə ölkələrinin də federasiya ilə ciddi ticari əlaqələri var. ABŞ-ın Rusiyaya tətbiq edəcəyi iqtisadi sanksiyalardan federasiya ilə yanaşı İngiltərə, Almaniya və Hollandiya da ciddi zərər çəkəcək. Rusiya isə yaranacaq problemləri nəzərə alsa, mexanizmini dəyişdirə bilər. Lakin Moskva eyni vaxtda həmin güclü iqtisadiyyata sahib dövlət olmaq, həm də keçmiş SSRİ-ni yenidən bərpa etmək niyyətindədir. Rusiya gələcək 10 il ərzində müdafiə sektorunu 600 milyard dollarlıq modernizasiya etməyi planlaşdırır. Bu modernizasiya isə enerji ixracatı olmadan mümkün deyil. Çünki Rusiya iqtisadiyyatı tamamilə enerji ixracatından asılıdır. Ancaq Putin sanksiya təhdidlərini ciddiyə almaya bilər. Putin Avropanın Rusiya enerjisinə ehtiyacının olduğunu bilir və buna görə ruslardan asılılıq var. Proseslər daha ciddiyə getsə, Moskva çətin qərar vermək məcburiyyətində qalacaq. ABŞ öz enerji balansından Avropaya neft-qaz tədarük edəcəyi halda Rusiya çətin vəziyyətlə üzləşəcək. Artıq Vaşinqton bununla əlaqədar siqnal verib. ABŞ-la yanaşı Avropa da Rusiyaya ciddi sanksiyaların tətbiq edilməsini dəstəkləməlidir. Lakin bundan olduqca zərərli çıxacağı üçün getməyə də bilər. Bu nöqtədə də Avropa ölkələri arasında konsensus təmin etmək çətin olacaq. Yenə də əsas məsələ enerji asılılığı və Avropanın Rusiyadakı yatırımlarıdır.