ABŞ-ın Nümayəndələr Palatası Ərdoğanın cangüdənlərinə dair qətnamə qəbul edib Dünya

ABŞ-ın Nümayəndələr Palatası Ərdoğanın cangüdənlərinə dair qətnamə qəbul edib

ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın cangüdənlərinin dinc nümayişçilərə qarşı hücumunu pisləyən qətnamə qəbul edib. Qətnamə səsverməyə qoyulduqdan sonra onun yekdilliklə təsdiqi uzun sürməyib. Sənəddə baş verənlərin məsuliyyətinin Türkiyə hökumətinin daşıdığı qeyd edilib. Bildirilib ki, bu, Ərdoğanın cangüdənlərinin Amerikada yol verdikləri üçüncü zorakılıq halıdır. Xarici Əlaqələr Komitəsinin sədri, respublikaçı Ed Roys deyib ki, cangüdənlər amerikalıların ifadə azadlığını kobud şəkildə pozub. O, bildirib ki, heç bir hökumətə vətəndaşlarımızın haqlarını əllərindən almasına göz yumulmayacaq.
Qətnamənin müəllifi biri, demokrat Eliot Engel qorxunc nəticələr verən olay vaxtı Türkiyə konsulluğuna dəvət edildiyini və nə yaxşı ki, getmədiyini bildirib. Dava Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri zamanı Türkiyə səfirinin iqamətgahı önündə Türkiyənin təhlükəsizlik işçiləri ilə etirazçılar arasında baş verib. Etirazçılar deyir ki, onlar dinc nümayiş keçirdikləri vaxt Türkiyənin mühafizə işçiləri tərəfindən hücuma məruz qalıblar. Türkiyə isə qarşıdurmaya görə nümayişçiləri günahlandırıb və onların Ərdoğanı görmək üçün orada toplanan insanları aqressiv bir şəkildə təhrik etdiyini iddia edib.
"Amerikanın Səsi"nin əməkdaşlarının hadisə yerində çəkdiyi videolarda Türkiyə mühafizə işçilərinin nümayişçilərə hücum etdiyi, onları yerə salıb, Amerika polisi onları ayıranadək etirazçıları döydükləri göstərilir. ABŞ rəsmiləri qısa müddətliyinə Ərdoğanın cangüdənlərindən ikisini həbs edib, lakin daha sonra səfərdə olan yüksək səviyyəli dövlət rəsmisini müşahidə edən köməkçiləri toxunulmazlıqla təmin edən diplomatik protokollar səbəbilə sərbəst buraxıb. Bəzi ABŞ qanunvericiləri Birləşmiş Ştatları Türkiyəyə qarşı daha sərt tədbir görməyə çağırır.