“Rusiya bölgəyə nə qədər qoşun yeridib...” Dünya

“Rusiya bölgəyə nə qədər qoşun yeridib...”

Vəfa Quluzadə: "Amma heç bir nəticəsi olmayıb"
Seymur Həsənli: "Cənubi Qafqaz nəinki Rusiya üçün, bütün dünya üçün əsas strateji bölgədir"

Son zamanlar Rusiyanın atdığı addımlar bölgədə yeni proseslərin yaranacağını ilə bağlı ehtimalları gücləndirir.
Qeyd edək ki, Rusiya 2014-cü ildə Şimali və Cənubi Qafqaz, Qara dəniz sahili ərazilərə cavabdeh olan Cənub Hərbi Dairəsi (CHD) qoşunlarının arsenalına 1500-dən artıq müasir silah və hərbi texnika daxil etməyi planlaşdırır.
Rusiyanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, cari ildə Qara dəniz donanması və Xəzər flotiliyasının döyüş sıralarına təxminən 20 yeni gəmi, həmçinin 636 layihəli "Novorossiysk" və "Rostov Don" dənizaltıları, 11356 layihəli "Admiral Qriqor" və "Admiral Essen" gözətçi gəmiləri, 21 631 layihəli "Velikiy Ustyuq" kiçik raket gəmisi, patrul, anti-diversiya katerləri və köməkçi gəmilər daxil ediləcək.
Hərbi Hava Qüvvələri 60-dan artıq uçuş vasitəsi alacaq. Bura təxminən 40 ədəd Su-27SM döyüş təyyarəsi, Su-30SM, Su-34, Su-30M2, Su-35S döyüş təyyarələri, 10 ədəd Mi-26T və Mi-8MTVV- 5-1 hərbi nəqliyyat helikopterləri daxil olacaq.
Quru Qoşunlarının silahlanmasına isə 1400-dən artıq müxtəlif döyüş və artilleriya texnikalarının daxil edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, CHD-yə Qara dəniz donanması və Xəzər flotiliyası, Şimali Qafqazdakı, o cümlədən Gürcüstan və Azərbaycanla sərhəddəki hərbi birləşmələr, Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarındakı hərbi hissələr və Ermənistanda - Gümrüdə yerləşən 102-ci hərbi baza daxildir.
Rusiya mətbuatı xəbər verir, ruslar bu addımı ilə NATO-nun bu ölkə ərazisinə yaxınlaşmaqda olan sərhədlərini gücləndirmək niyyəti güdür.
Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə Şimali Qafqaz Nazirliyi yaradılıb. Artıq qurumun yeni naziri Krasnoyarsk vilayətinin qubernatoru Lev Kuznetsov təyin edilib.
Məsələni şərh edən politoloq Vəfa Quluzadə Putinin bu addımını "gözə kül üfürmək" adlandırıb. Vəfa Quluzadə qeyd edib ki, nazirlik yaratmaqla heç bir məsələni həll etmək olmaz. Politoloqun sözlərinə görə, artıq yüz illərdir ki, Rusiya Qafqaz problemini həll edə bilmir. "Qafqaz xalqları azadlıq sevəndirlər, bunun üçün canlarından da keçərlər",- deyən Vəfa Quluzadə bildirib ki, Şeyx Şamildən başlayan azadlıq müharibəsi indi də davam edir: "Rusiya regiona nə qədər qoşun, texnika yeridib, xüsusilə çeçenlərin əleyhinə dəfələrlə vakuum bombalarından istifadə edib, amma heç bir nəticəsi olmayıb. Yaxşı yadımdadır, vaxtilə SSRİ-nin Misirdəki səfirliyinin attaşesi işləyəndə misirlilər ölkəni cənginə alan bürokratizmdən narazı idilər. Həmin vaxt Ənvər Sədatın qərarı ilə Bürokratiya ilə Mübarizə Nazirliyini yaratdı. Ondan sonra həmin qurum bürokratiyanın ən parlaq nümunəsi oldu. Demək istəyirəm ki, nazirlik yaratmaqla Qafqaz məsələlərini heç kəs həll edə bilməz. Boş məsələdir. Belə bir qurumun yaradılması Rusiyanın Qafqaz problemini həll etmək iqtidarında olmamasından xəbər verir. Lakin bununla həll etməyə doğru getmək görüntüsünü yaratmaq istəyir". Vəfa Quluzadə gələcəkdə Şimali Qafqazda vəziyyətin ən kritik həddə gərinləşə biləcəyini də istisna etmir. O, bildirib ki, Rusiyanın regionda həyata keçirdiyi soyqırım, işğal siyasəti proseslərin gərginləşməsi üçün qızışdırıcı katalizator rolunu oynaması mümkündür: "Gələn xəbərlərdən bəlli olur ki, Şimali Qafqazda əhali qorxu altında yaşayır. Rusiyanın xüsusi təyinatlıları "vəhhabi" damğası ilə bölgədə istədiyi hərəkətləri icra edirlər. Zaman-zaman qafqazlıların müqaviməti gah artır, gah da azalır. Amma bir gün tamam başqa cür ola bilər".
Siyasi şərhçi Seymur Həsənli isə diqqətə çatdırdı ki, Rusiya ətrafındakı ölkələrdə baş verən proseslər 10 ildən artıqdır Kremli ciddi narahat etməyə başlayıb. Onun sözlərinə görə, ayrı-ayrı ölkələrdə baş verən hadisələr beynəlxalq proseslərin Rusiya sərhədinə yaxınlaşdığını, hətta onu təhdid səviyyəsinə gəldiyini Kreml artıq anlayır: "Hələ 2008-ci ildə Gürcüstana müdaxilə, hazırda Ukraynaya davam edən müdaxilə həmin narahatçılığın açıq şəkildə birüzə verilməsidir. Cənubi Qafqaz nəinki Rusiya üçün, bütün dünya üçün əsas strateji bölgədir. Gürcüstan uzun müddətdir ki, Rusiyanın təsir dairəsindən çıxıb. Rusiya Gürcüstanda son barıtını istifadə etdi amma uduzdu. Baxmayaraq ki, Rusiya Abxaziya və Cənubi Osetiyanı öz nəzarətində saxlamaqla Gürcüstan ərazi bütövlüyü üçün hər zaman təhdidedici funksiya rolunu oynayır". Onun fikrincə, Azərbaycan müstəqil siyasəti ilə yeri gələndə Qərbə və ya Rusiyaya öz sözünü deyə bilir: "Bu baxımdan, Rusiya Azərbaycana çox da güvənmir. Rusiya üçün hazırda bir nömrəli məsələ olan Ukrayna hadisələrində BMT-də səsvermə zamanı Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi və faktiki Rusiya əleyhinə səsverməsi onun hər hansı bir dövlətdən aslı siyasət yürütmədiyini ortaya qoydu. Rusiya üçün Cənubi Qafqazda təhlükə yaratmayan yeganə ölkə Ermənistandır. Çünki Ermənistanın Rusiyanın fortpostu olduğu - hava, quru sərhəddini, rabitə sahəsini, gömrük sisteminə qədər Rusiyanın nəzarətinə verdiyi bəllidir. Bu halda Rusiyanın Cənubi Qafqazda kimə hərbi güc nümayiş etdirməsinin gizli olmadığı üzə çıxır. Baxmayaraq ki, Rusiya tərəfi dəfələrlə Ermənistanda yerləşən hərbi bazaların başqa ölkələr üçün təhlükə olmadığını açıqlayıb. Ukrayna məsələsində Rusiya Qərbin reaksiyasını görüb Cənubi Qafqazda öngörmə adddımları da ata bilər. Onu da vurğulayım ki, Azərbaycan yürütdüyü uğurlu siyasət ilə Rusiyaya hər zaman lazımdır. Bu elə bir xarici siyasətdir ki, müstəqildir və Azərbaycan hər hansı xarici dövlətin Rusiyaya qarşı istifadə edilə biləcəyi ölkə deyil".
Polşanın "TVN24" telekanalının isə Rusiyanın hərbi qüvvələri ilə bağlı hazırladığı analizdə deyilir ki, Rusiya Federasiyası Şimali Atlantika İttifaqı (NATO) ilə müharibədə qələbə qazanmaq üçün heç bir nəzəri şansa malik deyil. NATO-nun hərbi gücünün Rusiya hərbi gücünü dəfələrlə üstələdiyi qeyd olunan analizdə həmçinin bildirilir ki, ruslarda nüvə silahının olması mümkün hərbi qarşıdurma ehtimalını azaldır. "Texnologiya daha pis, daha kiçik hərbi xərclər, daha az əsgər. Kağız üzərində Rusiya NATO ilə müharibədə qələbəyə şanslarına malik deyil", - Polşanın məşhur xəbər kanalının analizində qeyd edilir.
Analizə görə, Şimali Atlantika ittifaqının hərbi xərcləri azalmasına baxmayaraq, 950 milyard dollar təşkil edir. Bu rəqəm Rusiyada 90 milyarddan da azdır ki, bu da ölkənin müdafiə qabiliyyətinə böyük təsir edir: "NATO ordusunda 3,5 milyon, Rusiyada isə 766 min əsgər xidmət edir. İttifaqda 14 min təyyarə və vertolyot, ruslarda 900, ittifaqda 2,5 hərbi gəmi, ruslarda isə yalnız 250 hərbi gəmi var. İttifaq həmçinin, daha yeni tank və zirehli texnikaya malikdir. Rusiyanın silah arsenalında isə daha çox SSRİ dövründə istehsal olunmuş silahlar yer alıb".
Eyni zamanda analizdə qeyd edilir ki, Rusiyanın NATO üzərində əsas üstünlüyü onun müstəqil qərar qəbul etməsidir. Halbuki, NATO daxilində qəbul edilən qərarlarda bütün üzv ölkələrin razılığı olmalıdır. Analizdə bildirilir ki, silahlı konflikt nüvə silahından istifadəyə gətirib çıxara bilər ki, bu da bəşəriyyətin məhv olma təhlükəsi qarşısında qoyur: "Rusiyanın hərbi doktrinası nəzərdə tutur ki, "daha güclü adi silahlı qüvvələr"in hücum edəcəyi halda Moskva nüvə silahı ilə cavab vermək hüququnu özündə saxlayır. Bu müddəa məhz NATO ilə hərbi gücün bərabərsizliyinə görə doktrinaya daxil edilib. Kremldə qərar qəbul edənlər də adi silahlı qüvvələrinin zəifliyini anlayırlar".
Dünya mediasında isə zaman-zaman ABŞ və Rusiyanın hərbi potensialı müqayisə edilir. Polşa kanalının hərbi analizindən göründüyü kimi ABŞ-ın üzvü olduğu NATO ilə müqayisədə Rusiyanın hərbi potensialı çox azdır. Amma nəzərə alaq ki, NATO-nun hərbi gücünün və hərbi xərclərinin əsas hissəsi ABŞ-ın payına düşür.
İlk növbədə bildirmək lazımdır ki, ABŞ ordusu daha müasir texnoloji yeniliklərdən istifadə edir. Pentaqonun 2014-cü il üçün təsdiq olunmuş hərbi büdcəsi 526,8 milyard dollardır. Bu Rusiyanın hərbi büdcəsindən 7-8 dəfə çoxdur. Qabaqcıl texnologiyalardan məhrum olan Rusiya hərb sənayesi dünyanın əksər ölkələrindəki ənənəvi silah bazalarını itirib, ordusunu ixtisara salmağa məcbur olub. Buna baxmayaraq, Qərbi Rusiyaya hərbi supergüc kimi baxmağı vadar edən yeganə amil bu ölkənin nüvə silahlarıdır. cəbbəxanasıdır. "Silahlar üzərində nəzarət, təftiş və müqavilələrin icrasının monitorinqi" təşkilatının 2013-cü ilin yekun məlumatına görə, ABŞ orsunun arsenalında 1688, Rusiya ordusunda isə 1400 nüvə başlıqlı qitələrarası ballistik raketin mövcud olduğu bildirilir. Qeyri-nüvə başlıqlı ballistik raketlərin sayında da Amerika üstünlüyə malikdir. Ölkənin hazır vəziyyətdə olan 809, Rusiyanın isə 473 belə raketi var.
ABŞ və Rusiyanın Hərbi Dəniz qüvvələrinin müqayisə etsək aydın olar ki, Amerikadan fərqli olaraq, Rusiyanın heç bir zaman aviasiya daşıyıcı hazırlamaq ənənəsi olmayıb. Məhz bu səbəbdən Rusiya 2008-ci ildə Fransadan 2 "Mistral" tipli aviadaşıyıcı almaq barədə razılaşma imzalayıb. Lakin Ukrayna hadisələrinə Rusiya-Qərb münasibətlərinin gərginləşməsinin nəticəsi olaraq razılaşma yerinə yetirilməyə bilər. Fransa gəmilərin Rusiyaya satılıb-satılmayacağı barədə yekun qərarı bu ilin payızında verəcək. ABŞ Hərbi Dəniz Donanması 2013-cü ilin məlumatlarına görə, öz sıralarında "Nimits" tipli 10 aviadaşıyıcı birləşdirir. Dünyanın ən böyük aviadaşıyıcı gəmisi olan "Corc Buş" ABŞ-a məxsusdur. Rusiyada 12 atom sualtı qayığı olmasına qarşılıq ABŞ-da bu say 54-ə bərabərdir.

Əli