Tillerson top-tüfənglə qarşılandı Dünya

Tillerson top-tüfənglə qarşılandı

Qətərə qarşı embarqonun əsasını qoyan 4 ölkə - Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn böhranı daha da kəskinləşdirəcək birgə bəyanatla çıxış edib. Bəyanatda Dohaya təqdim edilən tələblərin hamısı yerinə yetirilənə kimi embarqonun davam edəcəyi vurğulanıb. ABŞ və Qətər arasında imzalanan terrorizmlə mübarizə üzrə qarşılıqlı anlaşma haqqında memoranduma toxunan ərəb ölkələri bunun kifayət etmədiyini bildiriblər. Bəyanatda Qətərin terroru dəstəklədiyi və maliyyələşdirdiyi, radikallara qucaq açdığı və digər ölkələrinin daxili işlərinə müdaxilə etdiyi iddia olunub.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillersonun Səudiyyə Ərəbistanının Ciddə şəhərində yuxarıda adı çəkilən 4 ərəb ölkəsinin xarici işlər nazirləri ilə görüşdə Qətər böhranının həlli yolları müzakirə olunacaq. ABŞ xarici siyasət idarəsinin başçısı Dohada olub. ABŞ və Qətər terrorizmlə mübarizə üzrə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıb. Razılaşma böhranın həlli baxımından müəyyən ümid verirdi. Bundan başqa, Tillerson Qətərdə jurnalistlərə açıqlamasında bildirib ki, Dohanın ərəb qonşuları ilə yaşadığı böhrandakı mövqeyi son dərəcə dəqiq və məqbuldur. ABŞ Qətər böhranı ilə əlaqədar daha əvvəl verdiyi bəyanatlarında Körfəz ölkələrinin qərarını dəstəklədiklərini açıqlamışdı. Bu mövqe dəyişikliyi Vaşinqtonun ərəb ölkələrinə də böhranın həlli üçün təsir edəcəyini düşünmək üçün əsas verirdi. Lakin Tillersonun Ciddəyə səfərindən saatlar əvvəl verilən bəyanat böhranın asanlıqla həll olunmayacağını göstərir.
Qeyd edək ki, iyunun 5-də BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı və Misir terrorizmə dəstək verməkdə ittiham edərək Doha ilə diplomatik əlaqələri kəsdi. Daha sonra analoji addımı Mavritaniya, Maldiv adaları, Mavrikiy, Cibuti və İordaniya atdı. Qətərin blokadasına Fars körfəzinin ərəb ölkələri Əməkdaşlıq Şurasının üzvlərindən yalnız Oman və Küveyt qoşulmadı.
İyunun 23-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Doha ilə münasibətlərin normallaşması üçün 13 tələb irəli sürdülər. Ərəb ölkələri, xüsusi halda, Qətərdən İranla diplomatik münasibətləri kəsməyi, Türkiyə hərbi bazasını və "Əl-Cəzirə" peyk telekanalını bağlamağı tələb etdilər. Bundan başqa, Doha yuxarıda adı çəkilən 4 ölkənin terrorçuluqda ittiham etdiyi bütün şəxsləri təhvil verməli idi.
Tələblərin yerinə yetirilməsi üçün Qətərə 10 gün vaxt verilmişdi. Daha sonra bu müddət Küveytin xahişi ilə daha 48 saat uzadıldı. Lakin Qətər tələbləri yerinə yetirməkdən imtina edib.