“Tehranla olduğu kimi, Pxenyanla da dil tapmaq olar” Dünya

“Tehranla olduğu kimi, Pxenyanla da dil tapmaq olar”

"The Guardian" yazır ki, Almaniya kansleri Angela Merkel ölkəsinin Şimali Koreya ilə gələcək nüvə danışıqlarında fəal rol oynayacağını deyib. Merkel bildirib ki, Pxenyanla gələcək saziş 2015-ci ildə İranla bağlanmış sazişin nümunəsində tərtib edilə bilər.
Məqalədə deyilir ki, Merkelin bu məsələ barəsində bəyənat verməsi Qərbi Avropada Donald Trampın Koreya yarımadasına yönəlik siyasətindən narahatlığın artdığını göstərir.
2015-ci ildə İranla nüvə sazişinin imzalanmasında Almaniya, Fransa və Britaniya mühüm rol oynamışdılar.
"Əgər bu danışıqlarda bizim iştirakımıza ehtiyac olsa, mən dərhal "hə" deyərdim" - deyib Merkel "Frankfurter Allgemeine Sonntagszeitung" qəzetinə verdiyi müsahibədə.
Merkel 2015-ci ilin iyulunda Vyanada İranla imzalanmış sazişi model kimi gördüyünü deyib. Kansler, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü, Almaniya və İran arasında bağlanmış bu sazişi "uzun, lakin mühüm diplomatiya" adlandırıb.
Vyanada imzalanmış sazişə görə İran üzərindəki sanksiyaların qaldırılması müqabilində özünün nüvə proqramını məhdudlaşdırmağa razılaşıb.
Lakin bu saziş İranın atom bombası istehsal etməsinin qarşısını almalıydı, halbuki Şimali Koreyanın belə bir bombası artıq var.
Şimali Koreya lideri Kim Jong-un ölkəsinin sentyabrın 3-də hidrogen bombasını uğurla sınaqdan keçirməsi münasibətilə təntənəli ziyafət verib.
"The Guardian" yazır ki, BMT Təhlükəsizlik Şurası bu gün Şimali Koreya üzərinə daha sərt sanksiyalar qoyulmasına dair ABŞ-ın təklif etdiyi qətnamə layihəsini müzakirə edəcək.
Bu layihəyə əsasən Şimali Koreyaya neft embarqosu qoyulmalıdır.
Məqalədə deyilir ki, böyük bir ehtimalla Rusiya və Çin bu qətnamənin daha yumşaq olmasına çalışacaqlar. Digər tərəfdən Təhlükəsizlik Şurasının üzvləri Tramp administrasiyasının bundan qəzəblənərək BMT müzakirələrini tərk edə biləcəyindən narahatdırlar.
Avropa Şurası Xarici Əlaqələr analitik mərkəzindən Riçard Govan da deyir ki, avropalılar ABŞ-ın bu müzakirələrdən çıxacağından ehtiyat edirlər.
Donald Tramp bundan əvvəl bir neçə bəyanatında lazım gələrsə Pxenyana raket zərbələri endirəcəyi ilə hədələyib. Ekspertlər Şimali Koreya böhranının hərbi yolla həllinin böyük riskləri olduğunu deyirlər.
Britaniyanın müdafiə naziri Mixail Fallon deyib ki, belə məsələdə kiçicik bir səhv çox böyük fəlakətlərə səbəb ola bilər.
O deyib ki, Şimali Koreya Londonu vura biləcək raketlər yaradanadək onun nüvə proqramına son qoyulmalıdır.
"Birləşmiş Ştatların öz ərazisini, bazalarını və insanlarını müdafiə etmək haqqı var, - deyib Fallon, - Lakin bu işin içində biz də varıq. London Şimali Koreyaya Los Ancelesdən yaxındır".
Teresa Mayin hökuməti Tramp administrasiyasının İran sazişindən çıxa biləcəyindən də narahatlıq keçirir.
Tramp belə bir niyyətini dəfələrlə dilə gətirib. O deyib ki, oktyabrın ortalarında Konqreslə müəyyən razılığa gələrsə, İranın saziş üzrə öhdəliklərinə əməl etmədiyi barədə rəy verə bilər.
Bundan az əvvəl Beynəlxalq Atom Energetikası Agentliyi İranın indiyədək Vyana sazişinin şərtlərinə sadiq qaldığını bəyan edib.
Buna baxmayaraq ABŞ-ın BMT-dəki səfiri Nikki Haley işarə edib ki, bu sazişdə iştirak ABŞ-ın milli maraqlarına xidmət etmir.
Belə bir şəraitdə Avropa liderlərinin qarşıdan gələn BMT Baş Assambleyasında Trampı nüvə sazişində qalmağa inandıra biləcəklərinə ümid edirlər.