Rusiya və Belarusda “Zpad 2017” təlimləri başlayır Dünya

Rusiya və Belarusda “Zpad 2017” təlimləri başlayır

Rusiya və qonşusu Belarus birgə hərbi təlimlərə başlayıblar. Təlimlər NATO-nun şərq qanadı yaxınlığında, Moskvayla Qərb arasında gərginliyin dərinləşdiyi bir dönəmdə keçirilir.
Moskvayla Minsk bildirirlər ki, sentyabrın 14-dən 20-dək Belarusda keçiriləcək "Zapad (Qərb) 2017" təlimlərində 12 min 700 hərbçi iştirak edəcək.
Ancaq Qərb rəsmilərinin fikrincə, manevrlərə 100 minədək heyət qatıla bilər və bu, Rusiyanın güc nümayişi sayılır. Rusiyanın Ukraynaya təcavüzü üzündən Qərblə qarşıdurma davam etməkdədir.
"Məqsəd bizi təhrik etmək, müdafiəmizi sınamaqdır. Bu səbəbdən güclü olmalıyıq", – Britaniyanın müdafiə naziri Mixael Fallon sentyabrın 10-da BBC-yə deyib.
Moskvaysa israrla bildirir ki, təlimdə 13 mindən artıq hərbçi iştirak etməyəcək. Vyana sənədi kimi tanınan ATƏT qaydalarına görə, bu hədd keçilərsə, digər ölkələrə bildirilməli, manevrlər müşahidəçilərin üzünə açılmalıdır.
Rusiyalı general polkovnik Andrei Kartapolov sentyabrın 13-də Rusiya ordusunun rəsmi "Krasnaya Zvezda" qəzetinə deyib ki, təlimə qatılan hərbçilərin və ağır texnikanın sayı "Vyana sənədinə tam uyğun olacaq".
"Zapad" təlimi hər dörd ildən bir keçirilir.
2014-cü ildə Rusiya Ukraynanın Krım vilayətini ilhaq edib. Qərb hökumətləri bu hərəkətə iqtisadi və digər sanksiyalarla cavab verib.
NATO da şərq cinahdakı üzvlərində iştirakını gücləndirib və Kremlin regiondakı niyyətləri sarıdan narahatlığı qalır
NATO-nun baş katibi Stoltenberg ötən həftə Estoniyada deyib ki, hərbi alyansa təlimə üç müşahidəçi göndərəcək.