Rusiya meydana girir: “Kürdüstan” silinir Dünya

Rusiya meydana girir: “Kürdüstan” silinir

"Müstəqil kürd dövlətinin yaranmasına qarşı çıxanların siyahısına Türkiyə, İran, İraqla birlikdə, dördüncü dövlət də daxil ola bilər".
Bu sözləri politoloq Qabil Hüseynli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə keçirəcəyi görüş haqda münasibətində deyib. Onun sözlərinə görə, Türkiyə, İraq, İran kimi Rusiyanın da kürd dövlətinin yaranmasına müdaxiləsi mümkündür:
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında çox aktual bir görüş gözlənilir. Çünki Yaxın Şərqdə ABŞ, İsrail və başqa bir sıra bu kimi dövlətlər var ki, sərhədləri yenidən biçmək fikrinə düşüblər. Hazırda ən təhlükəlisi kürd dövlətinin yaradılmasından ibarət ideyadır. Düşünürəm ki, Kürd Muxtariyyətinin lideri Bərzaninin özündənrazı şəkildə belə bir referendum keçirməsi ona verilən gizli dəstəklə bağlıdır. İndi bölgə dövlətləri yeni bir davakar dövlətin yaranmasının, həmçinin, İraqın tarixi sərhədlərinin pozulmasının qarşısını almaq üçün bir araya gəliblər. Söhbət İran, İraq və Türkiyədən gedir ki, artıq buraya Rusiyanın da daxil ola biləcəyini söyləmək mümkündür. Çünki Rusiya İraqın ərazi bütövlüyünü dəfələrlə təsdiqləyib".
Politoloq bildirib ki, bölgədə artıq Türkiyə, İraq və İran arasında ciddi razılaşma əldə edilib:
"Rusiyanın da bu razılaşmaya qatılması, xüsusilə dünən Rusiya xarici işlər naziri Sergey Lavrovun İraqın ərazi bütövlüyü ilə bağlı bəyanat verməsi, Suriya daxil olmaqla, Yaxın Şərq dövlətlərinin ərazi bütövlüyü uğrunda mübarizəyə dördüncü dövlətin daxil ola biləcəyindən xəbər verir. Söhbət prinsipcə mərkəzi qüvvələr nisbətinin yaranmasından gedir. Bir tərəfdə Amerika, İsrail və onların tərəfində olan əsasən Qərb dövlətləridir, digər tərəfdə isə NATO üzvü olan Türkiyə, İran, İraq və Rusiya... Zənnimcə, Rusiyanın bu proseslərə müdaxilə etməsi işləri daha da canlandıracaq və İraqın ərazi bütövlüyünü bərqərar etmək mümkün olacaq. Hətta referenduma gedən şəxslər Bərzani başda olmaqla başa düşməlidir ki, onlar əllərində olan torpaqlardan da məhrum ediləcəklər və Səddam Hüseyndən sonrakı xaosdan istifadə edərək yaratdıqları muxtar qurumu itirəcəklər. Bölgədə kürdlərin süni şəkildə işğal etdikləri Kərkük və digər İraq torpaqlarının hamısı öz çərçivəsində qaydaya salınacaq. Kürd mahalına sonradan gəlmiş, xüsusilə PKK ilə bağlantıları olan müxtəlif qüvvələrin də ölkə ərazisindən çıxarılması prosesinə başlanacaq. Bu proses İraqın ərazi bütövlüyünü qoruyub saxlamaqla yanaşı, bu ərazilərdə məskən salmış separatçı qüvvələrin də axırına çıxacaq və bölgədə əvvəlkinə nisbətən xeyli sabit proseslər hökm sürəcək".
Qeyd edək ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqları aparıb. Tərəflər İraq Kürd Muxtariyyətində keçirilən referendumla bağlı danışaraq, İraq və Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar.
İki lider sentyabrın 28-də baş tutacaq görüşdə son olayları və ümumi məsələləri müzakirə etmək barədə razılaşıblar.