“Kataloniyadakı qanunsuz referendum göstərir ki, dünyada separatizmə qarşı vahid münasibət formalaşdırılmalıdır” Dünya

“Kataloniyadakı qanunsuz referendum göstərir ki, dünyada separatizmə qarşı vahid münasibət formalaşdırılmalıdır”

Aydın Hüseynov: "Bütün dövlətlərin Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış əraziləri var"


Tofiq Abbasov: "Nankorluq xisləti ilə məkr üst-üstə düşdükdə dağıdıcı qığılcım yaranır"


Fikrət Sadıqov: "Aparıcı Avropa dövlətləri Ermənistanı heç vaxt bu məsələdə dəstəkləməyəcəklər"


Şimali İraqda baş verən separatizm hadisəsindən sonra dünyanın diqqəti İspaniyaya yönədli. Bu dəfə katalonlar referendum keçirdilər və İspaniya hökuməti sərt tədbirlər görmək zorunda qaldı. Referendumların demək olar ki, eyni ərəfədə keçirilməsi maraqlı detaldır və təsadüfə oxşamır. Görünən odur ki, dünya yeni ssenarilərlə üz üzə qalacaq. Ekspertlər bu hadisələrin presedent yarada biləcəyini düşünür və həyəcan təbili çalırlar.
Millət vəkili Aydın Hüseynov bildirib ki, Kataloniya bölgəsində separatçı qüvvələrin müstəqillik istəməsi yolverilməzdir: "Kataloniyadakı qanunsuz referendum göstərir ki, dünyada separatizmə qarşı vahid münasibət formalaşdırılmalıdır. Bütün dövlətlərin Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış əraziləri var. Bu gün həmin sərhədlər dəyişilməzdir, toxunulmazdır. Hər bir dövlətin sərhədləri daxilində muxtariyyət ola bilər, amma orada dövlətin suverenliyinə qarşı hər hansı separatçı addımın atılması yolverilməzdir. Kataloniya bölgəsində də separatçıların müstəqillik istəməsi qəbuledilməzdir. İspaniyanın ərazi bütövlüyü qorunmalı, ərazilərdə İspaniya qanunları hakim olmalıdır".
Politoloq Tofiq Abbasov deyib ki, Kataloniya əhvalatı dünyada daha bir separatçı hərəkatın coşmasıdır ki, bunun üçün heç bir ciddi səbəb yoxdur: "Əslində bu bölgə muxtariyyəti olanlar sırasındadır. Lakin yerli millətçilər faktiki olaraq qiyam qaldırmaqla İspaniyadakı daxili vəziyyəti gərginləşdiriblər". Politoloq qeyd edib ki, referendum hüquqi baxımdan qanunsuzdur. Çünki bu vaxta qədər kataloniyalılar İspaniya qanunları çərçivəsində öz istəklərini reallaşdırırdılar. T. Abbasov vurğulayıb ki, onların yerli parlamenti var, qanunvericilik aktları toplusu da mövcuddur, bölgə kifayət qədər inkişaf edib və inkişaf meylləri və sosial-iqtisadi göstəricilərə görə İspaniyanın digər bölgələrindən xeyli irəlidədir: "Bu məqam Qarabağ bölgəsinin Azərbaycan daxilindəki vəziyyətini xatırladır. Lakin, görünür, nankorluq xisləti ilə məkr üst-üstə düşdükdə dağıdıcı qığılcım yaranır ki, həm Qarabağda, həm də İspaniyanın Kataloniya bölgəsində biz bunun şahidi olmuşuq". Politoloqun fikrincə, rəsmi Madrid heç nəyə məhəl qoymadan gərək ölkənin bütövlüyünü qoruyub saxlasın: "Çünki əks-təqdirdə spekulyasiyalar dalğası qalxacaq və separatçılar kənardan dəstək aldıqca haşiyədən çıxıb hərc-mərclik yaradacaqlar". T. Abbasov hesab edir ki, baş nazir Mariyana Raxoy gərək yaxın zamanda həm ölkədə, həm də Kataloniyada növbədənkənar seçkilərin keçirilməsini elan etsin və bununla da separatçı dalğanın qarşısını alsın.
Politoloq Fikrət Sadıqov diqqətə çatdırıb ki, Kataloniyada baş verən hadisələr əsl seperatçılıqdır: "Buna başqa ad vermək mümkün deyil". Politoloqun fikrincə, sevindirici haldır ki, bir sıra beynəlxalq təşkilatlar bu referendumu tanımır: "Aparıcı ölkələr referenduma mənfi yanaşır və onlar hesab edir ki, İspaniyanın ərazi bütövlüyü danılmazdır". Politoloq vurğulayıb ki, burada ikili standartlar da özünü göstərir: "Beynəlxalq təşkilatlar uzun illər ərzində bildirirdi ki, Dağlıq Qarabağ problemi dinc yolla, orada ermənilərin maraqlarını nəzərə almaqla həll edilməlidir. Amma İspaniyada mərkəzi hökumət Kataloniyaya qoşun yeritdi, seçki qutularını məhv etdilər. Dinc əhali ilə toqquşmalar baş verdi. Bu ikili yanaşmadır". Politoloq hesab edir ki, digər tərəfdən də bu hadisələr ermənilərin maraqlarına ziddir: "Vaxtilə Dağlıq Qarabağ erməniləri hesab edirdi ki, öz müqəddəratını təyin edən hər bir qurum tanınmalıdır və aparıcı dövlətlər buna müsbət yanaşır. Lakin indi vəziyyət tamamilə dəyişib. Aparıcı dövlətlər Kataloniyada referendumu tanımır, güc tətbiq edilir. Bundan belə nəticə çıxarmaq olar ki, seperatçı rejimlər sağlam düşüncəli siyasətçi və dövlətlər tərəfindən tanınmır və tanınmayacaq. Bu erməni seperatçılarına zərbədir".
F. Sadıqov vurğulayıb ki, beynəlxalq hüquq güc tətbiq etməmə prinsipini qeyd etsə də, kataloniya hadisələri göstərdi ki, seperatizmin qarşısını almaq üçün qanunun aliliyi və beynəlxalq hüquq çərçivəsində güc istifadə etmək olar.
Politoloq həmçinin Ermənistanın bu hadisələrdən yararlanma istəyinə də toxunub. O, əlavə edib ki, Ermənistanda Sərkisyan başda olmaqla rejimə qarşı vəziyyət getdikcə kəskinləşir: "bu, artıq Ermənistanda acı siyasi reallıqlardan xəbər verir. Ermənistanda, Sərkisyan başda olmaqla, rejimə qarşı vəziyyət getdikcə kəskinləşir. Daxili, xarici siyasətdə və iqtisadi inkişaf məsələlərinin həllində heç bir irəliləyiş görmədiklərindən, insanların etirazı daha dərinləşəcək. Bütün ümidləri puça çıxan ermənilərin vəziyyəti olduqca mürəkkəbdir. Əmin deyiləm ki, hazırda Ermənistandakı bu etirazlar birmənalı olaraq Rusiyaya qarşı yönəlib. Sadəcə olaraq, onlar çıxış yolları axtarırlar, bu üzdən də Avropa İttifaqına ümidləri çox böyükdür. Qərbə meyillənmələr fonunda İrəvan separatçı rejimə dəstək vermək fikrinə düşübsə və bu mənada Avropanın onlara kömək göstərəcəyinə ümid edirsə, yanılır. Çünki Avropanın özündə çox güclü separatçılıq tendensiyaları baş qaldırıb. Aparıcı Avropa dövlətləri Ermənistanı heç vaxt bu məsələdə dəstəkləməyəcəklər. Çünki Qərb başa düşür ki, əks halda bu, domino effekti yarada bilər. İrəvan hələ də Moskvanın onları kifayət qədər müdafiə etmədiyini düşünür. Nəinki Ermənistan cəmiyyəti, hətta ölkənin siyasi elitası belə fiziki, siyasi və mənəvi bir yorğunluq keçirib, bu isə işğalçı dövlət üçün yaxşı heç nə vəd etmir".

Əli