Türkiyə S-400 almasa regiondakı nüfuzu zəifləyər Dünya

Türkiyə S-400 almasa regiondakı nüfuzu zəifləyər

Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri alıb. Bu barədə Türkiyənin müdafiə naziri Nurettin Canikli bildirib. "Bu iş başa çatıb. S-400 sistemləri alınıb", - deyə nazir qeyd edib. Onun sözlərinə görə, Türkiyənin bununla məhdudlaşmaq niyyəti yoxdur: "Özümüzə məxsus havadan müdafiə sistemi yaratmaq üçün "Eurosam" konsorsiumu ilə əməkdaşlıq edəcəyik".
Bəs Türkiyənin S-400 zenit-raket kompleksləri almasının səbəbi nədir? Politoloq Rasim Ağayev bildirib ki, Türkiyənin regionda konkret statusu var və onu qorumalıdır: "Necə ki, Amerika və Rusiya arasında müxtəlif sahələr, o cümlədən hərbi sahə istiqamətində rəqabət gedir, eləcə də Türkiyə də belədir. Bu, beynəlxalq xəstəlikdir. İndi isə məsələ Yaxın Şərqdə vəziyyətin gərginliyi ilə bağlıdır. Avropada belə hal müşahidə edilmir. Çünki orada artıq illərdir, neytrallıq hökm sürür və bunun yolunu tapıblar. Lakin regionda vəziyyət belə deyil. Bilirsiniz, bizim yerləşdiyimiz ərazi neft-qaz regionudur. Bu baxımdan Amerika, Rusiya və digər ölkələr gözlərini bura dikiblər. Onlar təbii olaraq ərazini öz nəzarətləri altında saxlamaq istəyirlər. Bu məsələ çoxdan başlayıb. İndi isə münasibətlər ikiləşib. Çünki Suriyanın aqibəti bütün dünyaya təsir göstərir. Biri var güclü beynəlxalq qüvvələrin nəzarəti, biri də var yerli regional qüvvələrin münasibəti. İran da, Türkiyə də özlərini regionun aparıcı qüvvələrindən biri kimi hiss edir və çalışırlar ki, bu statusu saxlasınlar. Status isə bilavasitə silahlarla bağlıdır".
Politoloqun sözlərinə görə, artıq beynəlxalq münasibətlər də dəyişib: "Əgər Türkiyə silahlar almasa, bir növ regiondakı yeri zəifləyəcək. Bu ölkə gərək hər il, hər dəqiqə öz nüfuzunu təsdiqləsin. Bu, ümumi-siyasi məsələdir. Bundan başqa hazırda Türkiyənin regionda özünü fəal apardığını görürük. Söhbət regionda neft və qaz çıxarılmasının kimin nəzarətində olacağından gedir. İndi beynəlxalq münasibətlərin nə qədər dəyişildiyini də görürsünüz. Türkiyə faktiki olaraq Rusiya ilə yaxın dost münasibətindədir.
Beş il bundan qabaq bunu etmək olardımı? Xeyr. Buna görə də qeyd etdiyim faktları nəzərə alsaq, raketlərin alınması normaldır və hətta xırda hadisədir. Aydın məsələdir ki, Türkiyə özbaşına deyil. Lakin bəzi beynəlxalq qüvvələr regiondan yeni qüvvənin yaranmasını istəməyə bilər. Bu dəqiqə Türkiyə ilə NATO arasında oyun gedir. Lakin Türkiyə heç vaxt NATO-dan çıxmayacaq və hər şey eyni qalacaq. Sadəcə olaraq Yaxın Şərq regionunda müəyyən dəyişikliklər, təhlükələr gözləmək olar".