Rusiyadan ABŞ koalisiyasına Suriyanı parçalamaq ittihamı Dünya

Rusiyadan ABŞ koalisiyasına Suriyanı parçalamaq ittihamı

Rusiyanın BMT-dəki səfiri ABŞ koalisiyasını Suriyanı parçalamağa çalışmaqda ittiham edib. Rusiya xəbər agentliklərinin məlumatına görə, səfir deyib ki, koalisiya İslam Dövləti (İŞİD) ekstremist qrupundan təmizlənən ərazilərdə yerli idarəetmə qurumları yaratmaqla buna çalışır.
Rusiyanın səfiri Vasily Nebenzya noyabrın 29-da BMT-nin Təhlükəsizlik Şurasında çıxış edib. Onun sözlərinə görə, bu yaxınlarda Raqqa şəhərini İŞİD-dən təmizləmiş kürd və ərəb döyüşçülər idarəetmə qurumları yaratmağı, iqtisadiyyatın Suriya hökumətinin iştirakı olmadan bərpasını götür-qoy edirlər. Rusiya Suriyadakı münaqişədə prezidenti Bəşər Əsədi dəstəkləyir.
"Aldığımız xəbərlərə görə, koalisiya İŞİD-dən azad olunmuş ərazilərdə yerli hakimiyyətin yaradılmasında birbaşa iştirak edir", – "Interfax" agentliyi Nebenzyaya istinadla yazır. "Koalisiyanın elədiyi ölkəni parçalamağa yönəlik konkret addımlara bərabərdir", – o deyib. Rusiyanın bu giley-güzarı dilə gətirdiyi bir məqamda Cenevrədə Suriya danışıqlarının səkkizinci raundu keçirilir. Hökumət və üsyançı qruplar ölkədə altı ildən çoxdur davam edən müharibəni bitirməyin yollarını arayırlar.
Suriya hökuməti Rusiyanın dəstəyilə ölkə ərazisinin 55 faizi üzərində nəzarəti artıq bərpa edib. Şimalda yerləşən, İŞİD-in özünə paytaxt elan etdiyi Raqqa şəhərini isə Birləşmiş Ştatlarla müttəfiq qüvvələr azad edib. ABŞ-ın dəstəklədiyi, əsasən kürd və sünni ərəb döyüşçülərdən ibarət Suriya Demokratik Qüvvələri azad olunmuş regionda özünüidarəetmə yaratmaq istədiyini açıqlayıb. Pentaqon bu planı dəstəkləyib və koalisiyaya dəstək məqsədiylə regionda ABŞ qüvvələri saxlayıb.
Nebenzya BMT şurasında deyib ki, Rusiya daha sərhədlər və münaqişə xətləri boyunca BMT humanitar yardımını qəbul etməyəcək, çünki bu, "Suriyanın suverenliyinə zərbə vurur". Onun sözlərinə görə, Rusiya yardımın çatdırılmasına dəyişiklik istəyir, belə ki, "humanitar yardımın paylaşdırılmasında nizam olmalıdır, yardım terrorçuların əlinə keçməməli, daha sonra Suriya xalqına daha baha qiymətə satılmamalıdır".
BMT-nin humanitar başçısı Mark Lovcok isə şuranı yardımları bərpa etməyə çağırıb, bunu "həyatların xilasından ötrü vacib" adlandırıb. Onun deməsinə görə, 2017-ci ilin 10 ayı ərzində "hər ay ortalama 750 mindən çox adam BMT-nin yardımından faydalanıb". ABŞ-ın BMT-dəki səfirinin köməkçisi Michele Sison da yardım proqramının təzələnməli olduğunu söyləyib.