Poroşenko Ukraynanı birləşdirə biləcəkmi? Dünya

Poroşenko Ukraynanı birləşdirə biləcəkmi?

Ekspertlərə görə, Rusiyanın dəstəklədiyi separatçılar üzərində qələbə Qərbin hərbi yardımından asılı olacaq


Cavid

Ukraynanın yeni prezidenti Pyotor Poroşenkonun inaqurasiya mərasimi iyunun 7-ə planlaşdırılır. Prezident seçilməzdən öncə və seçkilərdə qələbəsindən sonra Poroşenko xalqa bir neçə vəd verdi. Bu vədlərdən ən mühümü ölkə daxilində vəziyyətin normallaşması və Krımın Rusiyanın nəzarətindən geri alınmasıdır ki, indi bütün ukraynalılar bu möcüzənin nə vaxt baş verə biləcəyini gözləyirlər. Rusiya isə Ukraynanın şərqində nəinki separatçılara dəstəyini azaltmayıb, əksinə Ukraynaya qarşı beynəlxalq səviyyədə ikinci cəbhə açmağa çalışır.
Qeyd edək ki, Rusiya BMT Təhlükəsizlik Şurasının toplantısında Ukraynanın şərqində baş verən hadisələrlə bağlı "humanitar dəhliz" yaradılmasını nəzərdə tutan layihə irəli sürüb. "Unian"ın verdiyi xəbərə görə, Rusiyanın təklif etdiyi layihə Ukraynada əhalinin münaqişə bölgələrindən çıxarılmasını, onlara humanitar yardımın çatdırılmasını nəzərdə tutur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya BMT-nin bu layihəni qəbul etməsinə, humanitar yardımın həyata keçirilməsinə ümid edir.
Bu təklifə ABŞ-dan sərt reaksiya gəlib. ABŞ Dövlət Departamentinin mətbuat katibi Jen Psaki mətbuata açıqlamasında Rusiyanın bu addımını "ikiüzlülük" adlandırıb.
Ekspert Hail Cəlil hesab edir ki, Poroşenko Ukraynanı birləşdirməyi bacaracaq: "Yeni hakimiyyət Rusiyadan xahiş etdi ki, separatçıları sakitləşdirsin. Lakin Rusiya daha da azğınlaşır, separatçılara dəstəyini artırır. Separatçılıq artıq Ukrayna ərazisində vətəndaş müharibəsi mərhələsinə keçib. Rusiya nə emissarlarını oradan çıxardı, nə də gərgin vəziyyəti sakitləşdirdi. Belə olan halda Kiyevin Moskvaya qarşı çıxmaqdan başqa yolu qalmadı. Prezident seçkilərindən sonra ümid vardı ki, rəsmi Moskva bir qədər sakitləşəcək. Rusiyanın son bəyanatları xoş səslənsə də, əslində real faktlara söykənmir. Hazırda Ukrayna öz daxili problemlərinin həlli ilə məşğuldur".
Ekspertə görə, indi yeni seçilən prezidenti nədəsə günahlandırmaq olmaz: "Ukraynanın müxtəlif bölgələrindən gedən döyüşlərin günahkarı Poroşenko deyil. Poroşenko vəzifəsinin icrasına başlayandan, hakimiyyəti formalaşdırandan sonra ondan nəsə gözləmək olar. Amma mən hesab edirəm ki, Poroşenko Ukraynanın yenidən birləşdirməyi bacaracaq. Ukrayna xalqı belə dönəmlərdə birləşməyi bacaran xalqdır. Bir də Rusiya sonadək Ukraynada bu vəziyyəti saxlaya bilməyəcək. Rusiyanın öz daxili və xarici problemləri yetərincədir. Hər halda Ukraynanın arxasında kifayət qədər güclər dayanır. Onlar ölkəni xilas etməyə calışacaqlar. Ümumilikdə mən hesab edirəm ki, Ukrayna taktiki planda uduzsa da, strateji planda mütləq qalib gələcək".
Politoloq Zərdüşt Əlizadə isə bildirib ki, Poroşenko hökumətinin indi əsas məqsədi şərqi Ukraynanı qorumaqdır: "Bu da asılıdır onların siyasətindən. Hər halda Rusiya ilə münasibətlər fonunda Poroşenkonun ölkəni asanlıqa idarə edə biləcəyi, Qərbə qovuşduracağı çətin olacaq".
Politoloq Elçin Xalidbəylinin fikrincə isə Ukraynanın yeni prezidenti Pyotr Poroşenkonun öz ölkəsi üçün faydalı ola biləcəyi tamamilə inandırıcıdır: "Birincisi, prezident Pyotr Poroşenko Ukrayna üçün faydalı olmağa məcburdur. Çünki o, Rusiya-Ukrayna qarşıdurmasına qədər inkişaf etmiş bir inqilabın nəticəsində prezident postuna sahiblənə bilib. Deməli, Pyotr Poroşenko bir prezident kimi onun üzərində olan siyasi məsuliyyətin yükünü anlamamış deyil. İkincisi, Ukrayna inqilabı ABŞ və Qərbin "texnoloji mətbəx"ində hazırlanmış siyasi proses idi. Bu isə o deməkdir ki, ABŞ və Qərb hazırda prezident Pyotr Poroşenkonun və Ukraynanın arxasında heç vaxt olmadığı qədər israrla dayanacaq. Yəni ABŞ və Qərb Ukraynanı MDB-nin Rusiyanın təsir dairəsindən qoparılmış nəhəng bir parçasına çevirməyə çalışacaq. Yaxın gələcək perspektivdə Ukrayna digər MDB dövlətləri üçün ən real örnək rolunu oynaya bilər. Və nəticədə Rusiya öz sərhədləri içərisinə həbs olunmiş keçmiş superdövlətə çevrilə bilər. Bütün bunları nəzərə aldıqda, strateji əhəmiyyəti daha da artmış Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko həm ABŞ və Qərbin birbaşa dəstəyini öz arxasına almasından, həm də hakimiyyət infrastrukturunun verdiyi gücdən yararlanaraq, ölkənin üzləşdiyi problemləri tədricən həll etmək imkanına malikdir. Yəqin ki, yeni və legitim prezidentin seçilməsi Ukraynadakı rus separatizminin boğulmasında önəmli rol oynayacaq. Və böyük ehtimalla yeni prezident Pyotr Poroşenko Ukraynanı parçalanmadan xilas edərək yenidən vahid dövlətdə birləşdirməyə başlayacaq. Rusiya isə buna əngəl törətmək imkanlarını artıq itirməkdə davam edir".
Ekspert Tərlan Həsənov isə deyib ki, Poroşenko o zaman Ukraynanı bütövləşdirə bilər ki, rəsmi Moskvanın şərtlərini qəbul etsin: "Rusiya heç vaxt Poroşenkonu rahat buraxmayacaq. Rusiya Ukraynanı o zaman bütöv görə bilər ki, maraqları orada təmin edilsin. Bu baş verməzsə rəsmi Moskva separatçılarını orada saxlayacaq. Amma mən inanmıram ki, bu zaman Qərb Rusiyanın qarşısını kəsə bilsin. Kəssəyədi Gürcüstan hadisələrində kəsərdi. Deməli, Poroşenko da verdiyi vədlərə əməl edə bilməyəcək. Yeni hakimiyyət də Ukrayna böhranının həllini Rusiyada axtaracaq".
Maraqlıdır ki, ABŞ prezidenti Barak Obama hərbi xərclər üçün əlavə 1 mlrd. dolların ayrılması məqsədi ilə Konqresə müraciət edib. Bu vəsait Şərqi Avropada ABŞ hərbi mövcudluğunun gücləndirilməsinə yönəldiləcək.
Obamanın təşəbbüsü ABŞ qoşunlarının maliyyələşməsinin artırılması ilə yanaşı NATO-ya daxil olmayan ölkələrin, o cümlədən Ukrayna, Gürcüstan və Moldovanın potensialının gücləndirilməsini nəzərdə tutur.
Ekspertlərə görə, separatçılar Rusiya tərəfindən müasir səyyar zenit-raket kompleksləri ilə təchiz ediliblər və onlarla savaş Ukrayna ordusu üçün heç də asan olmayacaq. Faktiki olaraq hazırda Rusiya-Ukrayna savaşı gedir və bu, beynəlxalq aləmə də yaxşı məlumdur. Bununla belə, Krımı açıq şəkildə ilhaq edən Rusiya ruslar yaşayan Donbas, Luqansk və digər yerlərdə daha ehtiyatlı hərəkət etməyə məcburdur. Çünki bu, Rusiyanın beynəlxalq aləmdən daha sərt şəkildə təcrid edilməsinə gətirib çıxara bilər. Bu baxımdan belə bir vəziyyətdə Rusiya separtçıları silahandırmaq və oraya muzdlular göndərmək yolu ilə bölgənin ilhaqı planını həyata keçirməyə çalışır. Belə bir vəziyyətdə isə Ukraynanın separatçılar üzərində qələbə çalması Qərbdən alacağı hərbi yardımdan asılı oacaq.