G7 Rusiyaya qarşı Dünya

G7 Rusiyaya qarşı

"Böyük yeddilik" Moskva qarşısında 4 şərt irəli sürüb

Cavid

"Böyük yeddilik" (G7) ölkələri - ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya Ukraynada yaranmış vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə razılığa gəliblər.
Belə ki, "Böyük yeddilik" Ukraynanın şərqində iğtişaşlar nəzarətə alınmasa, Rusiyaya daha sərt sanksiyalara hazır olduğunu bəyanlayıb.
Almaniyanın kansleri Angela Merkel deyib ki, Qərb Şərqi Ukraynada sabitliyin yaranmasında irəliləyişin olub-olmadığını dönə-dönə yoxlamalıdır. Həmin ərazidə hökumət qüvvələri ilə separatçılar döyüşür.
Sammit iştirakçıları Moskvadan 4 şərtin yerinə yetirilməsini tələb ediblər:
- Mayın 25-də Ukraynada keçirilmiş prezident seçkilərinin nəticələrini tanımaq və yeni seçilmiş prezident Pyotr Poroşenko ilə əməkdaşlıq etmək;
- Ukraynanın şərqinə silah və terrorçu axınına son qoymaq;
- Rusiya-Ukrayna sərhədindən qoşunların tam geri çəkmək;
- Qaz nəqlinə zəmanət vermək.
İngiltərənin baş naziri Devid Kemeron da "Böyük yeddilər"in sammitindən sonra Brüsseldə keçirilən mətbuat konfransında deyib ki, Moskva Ukraynadakı seçkilərin nəticələrini tanımasa, yeni prezident Pyotr Poroşenko ilə danışıqlara getməsə və Ukraynanın şərq əyalətlərinə silah göndərməyi dayandırmasa Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacaq. Baş nazir xatırladıb ki, "Böyük yeddilər" Ukrayna böhranının lap əvvəlindən o qənaətdə olub ki, Kremlin ölkənin şərqində vəziyyəti qızışdırmağa yönəlik səyləri qəbuledilməzdir. Öz növbəsində ABŞ prezidenti Barak Obama əlavə edib ki, yeni sanksiyalar bir aydan sonra tətbiq edilə bilər.
"Biz baxacağıq, görək prezident Putin qarşıdakı 3-4 həftə ərzində necə hərəkət edəcək. Əgər o, eyni kursu davam etdirsə, biz artıq haqqında danışdığımız ölçüləri götürəcəyik", - deyə Ağ Ev başçısı qeyd edib.
Lakin Polşanın xarici işlər naziri Radoslav Sikorski isə bəyan edib ki, Putin hakimiyyətdə qaldığı müddətdə, Rusiya Krımı Ukraynaya qaytarmayacaq. Polşalı nazir etiraf edib ki, Avropa Birliyi Putinin Krımın ilhaqı məsələsində hərəkətlərinə kifayət qədər adekvat reaksiya bildirməyib. O bunu Avropa toplumunda qərarların qəbulu sistemi ilə əlaqələndirib: "Təəssüf ki, belə problemimiz var. Mümkündür ki, qərarların qəbulunda ləng prosedurlar üzündən hər mərhələdə minimum tələn olunandan az iş görürük".
Nazirin qənaətincə, Ukraynadakı hadisələr səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda, Avropa Birliyi yox, ABŞ həlledici rol oynayıb.
Avropa Şurasının prezidenti Herman Van Rompuyu isə Poroşenkonun prezident seçilməsindən sonra Ukraynada vəziyyətin yaxşılaşacağına ümid etdyini deyib.
Herman Van Rompuy deyir ki, "Böyük yeddilər" Petro Poroşenkonu legitim seçilmiş prezident olaraq alqışlayır: "Onun prezident seçilməsi çox şeyi dəyişə bilər. Həmçinin Rusiyanı hərbi qüvvələrini Ukrayna sərhədlərindən geri çəkməsini sürətləndirməyə çağırırıq. Rusiya silah axınını və döyüşçülərin sərhəd boyu yerləşdirilməsinin qarşısını almalıdır. Separatçıların silahları yerə qoymasına və zorakılığı dayandırmasına təsir göstərməlidir".
Rusiyanın "Böyük Yeddilik"ə cavabı isə gecikməyib. Rusiyanın baş naziri Dmirti Medvedev Qərbi iki üzlülkdə günahlandırıb.
Rusiya cəmiyyətində isə Ukrayna ilə yaşananlardan dolayı narahatlıqlar artmaqdadır.
Rusiya yazıçısı Boris Akuninin fikrincə, Putin ölkəni qeyri-müəyyənliyə sürükləyir: "Ukrayna öz yolunu seçdi. Düşünürəm ki, hətta Krımsız da işi yaxşı gedəcək. Məni indi daha çox öz ölkəmin - Rusiyanın gələcəyi narahat edir. Bu gələcək isə qaranlıq görünür".
Akunin Facebook-dakı stutusunda qeyd edir ki, Qərbin köməkliyi ilə Ukrayna tezliklə əsl demokratik dövlətə çevriləcək. Krımlılar isə Ukraynadan ayrıldıqlarına görə peşman olacaqlar. Yazıçının fikrincə, başqa ölkənin ərazisinə qoşun yeridilməsinə (Putin bunu təkzib etsə də), Krımın Rusiyaya birləşdirilməsinə sevinən çoxluq bilmir ki, "bu hərbi qənimət" ölkəyə necə baha başa gələcək.
Rusiya əvvəlcə siyasi, daha sonra iqtisadi cəhətdən təcrid olunacaq, kapital ölkədən çıxarılacaq, Rusiyaya sərmayə qoyan olmayacaq, Qərb isə rus neftinə əvəz tapacaq. Beləliklə də neftdən gələn yüksək gəlirlər dövrü bitəcək.
Akunin düşünür ki, hərbi xərclərin artması iqtisadiyyatın zəifləməsi, rublun dəyərdən düşməsi ilə nəticələnəcək.
Yazıçı düşünür ki, bəli, Krım avantürası ilə Putin ömürlük hakimiyyətini təmin etdi. Daha doğrusu özünü buna məhkum etdi. İndi o, istefaya belə gedə bilməyəcək.
Amma Akunin düşünmür ki, Putin ömrünün sonuna qədər hakimiyyətdə qala biləcək. Hakimiyyətin qanuni yolla dəyişdirilməsi mexanizmi olmayanda inqilabi mexanizmlər işə düşür.
Lakin görünür, Rusiya hakimiyyəti avantürist siyasətindən əl çəkməyə tələsmir. Ötən gün Ukrayna-Rusiya sərhəddinin Luqansk və Donetsk vilayətləri kəsişməsindəki sahəsində çox gərgin vəziyyət yaranıb. Bu haqda Ukrayna sərhəd xidmətinin sədri Nikolay Litvinin bəyanatında deyilir: "Rusiya Federasiyasından gələn silahlı terrorçu dəstələrin Ukrayna sərhəd məntəqələrinə hücumları adi hal alıb. Ukrayna sərhədçiləri ölkə həddlərini müdafiə etmək üçün əllərindən gələni edirlər".
Bəyanatda bildirlir ki, hazırda Donetsk vilayətinin Şaxtyorsk rayonunun ərazisindəki "Marinovka" sərhəd keçid məntəqəsinə həm Rusiyanın "Kuybışevo" sərhəd nəzarət postu istiqamətindən, həm də Ukrayna ərazsinin içindən silahlı dəstələr hücuma keçib. Litvin xəbər verir ki, "Ukrayna sərhəd xidmətinin şəxsi heyəti iki tərəfdən hücuma keçən terrorçularla ağır döyüşlər aparır".
Burada 3 sərhəddçinin yaralandığı, qarşı tərəfin də sayı dəqiqləşdirilməyən itki verdiyi bildilir.
Litvinov Ukrayna sərhədlirinin dövlətin bütün güc strukturlarının resursları hesabına müdafiə olunmasına çağırıb.
Ukraynanın Slavyansk şəhərində yerləşən kimya zavodunda isə yanğın olub. Yanğın Semyonovka qəsəbəsindəki "Kapaxim" zavodunda baş verib. Separatçılar iddia edirlər ki, yanğın Ukrayna ordusunun artilleriya atəşindən sonra başlayıb.
Hazırda yanğın lokallaşdırılıb. Ölən və yaralananlar barədə məlumat yoxdur.
Ukrayna rus separatçıları ilə ağır döyüşdən sonra iki sərhəd keçidini bağladığını bildirib. Şərqi Luqansk regionundakı postlar iyunun 5-də bağlanıb, sərhəd keşikçiləri də təhlükəsizlik durumunda "aşırı gərginlik" səbəbindən geri çəkilib.
Ukrayna hökuməti terrorçuların Rusiya ilə sərhədi keçdiyini deyir. Rusiya isə on minlərlə qaçqının digər tərəfdən gəldiyini bildirir, ancaq Ukrayna bunu təkzib edir.
Rusiya Ukraynanın sərhədi bağlamasını "qəbuledilməz" adlandırıb.
Ukrayna Silahlı Qüvvələrinin aviasiyası ötən gecə də Luqansk vilayətində separatçıların mövqelərinə hava zərbələri endirib. Unian.net saytının verdiyi məlumata görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk "facebook" səhifəsində yazıb.
Onun məlumatına görə, aviazərbələr nəticəsində separatçıların 2 hərbi bazası, 3 yük maşını və 1 zirehli texnikası (BTR) məhv edilib. Hərbi ekspert yük maşınlarında 12,7 kalibrli "Utes" pulemyotlarının olduğunu qeyd edib.
Həmçinin 10 yük maşını və bir zirehli maşının Rusiyadan Ukrayna ərazisinə keçmək cəhdinin qarşısı alınıb. Təlaşa düşən separatçılar Rusiya Federasiyası ərazisinə geri çəkilməyə məcbur olub".
Xatırladaq ki, dünən Ukrayna daxili işlər naziri Arsen Avakovun məsləhətçisi Anton Qeraşenko Rusiyadan Ukraynaya keçməyə cəhd edən hərbi texnika karvanlarının havadan endirilən zərbələrlə məhv ediləcəyi barədə xəbərdarlıq etmişdi.