Suriyada taxt oyunları Dünya

Suriyada taxt oyunları

Əsəd ailəsinin daralmış "daxili çevrəsi"ndəki qaliblər və fərarilər
1971-ci ildə Hafiz Əsədin iqtidara gəlməsindən bəri Suriyada rejiminin üç sütunu hələ də dəyişməz qalıb: BƏƏS partiyası, ələvi azlıq və ordu. Hazırkı Suriya elitası bu üç sütun ətrafında formalaşıb. Piramidanın üst hissəsi "daxili dairə"dir – dövlət başçısına ən etibarlı insanlar qrupu. Qərarların qəbul edilməsində onların təsiri, tutduqları vəzifədən yox, Əsəd ailəsinə üzv olmaq və ya onunla digər xüsusi əlaqələrlə şərtlənir. Bu yaxın çevrədə bir-biri ilə rəqabət apara biləcək qruplar mövcuddur.
"Strateq" "Rossiyskiy Sovet po Mejdunarodnım Delam"a istinadən yazır ki, Suriyadakı hərbi münaqişə "daxili dairə"nin strukturunu dəyişdi. Xüsusilə qərar verənlər arasında vətəndaş müharibəsi dövründə yüksəlmiş fiqurlar böyük təsir göstərməyə başladılar. Öz növbəsində, Bəşər Əsədin ətrafındakı digər şəxslər ölkəni tərk etmək və həqiqətdə, müxalifət düşərgəsinə keçmək məcburiyyətində qaldılar.
Bu, nüfuzlu çərkəz ailəsi olan Talaslara xüsusilə aiddir. Həmin klana Hafiz Əsədin ən yaxın silahdaşlarından biri olan sabiq müdafiə naziri (1972-2004) Mustafa Talas (2017-ci ildə ölüb) başçılıq edib. Hafiz Əsədin ölümündən sonra Suriya elitasının bir hissəsi hakimiyyətin Bəşərin qardaşı Mahirə verilməsinə cəhd göstərdikdə, məhz Mustafa Talas Bəşər Əsədin iqtidara gəlişində həlledici rol oynayıb.
Talas ailəsi Suriyada ikinci ən təsirli ailəsi sayılırdı. O hətta nüfuzda Bəşər Əsədin ana qohumları – Mahluf ailəsindən geri qalmırdı. Mustafa Talasın oğlu Firas, Suriya iqtisadiyyatının bir çox sahələrində maraqları olan ən böyük maqnatlardan biri idi. O, Suriyada ikinci ən zəngin adam hesab olunurdu. Firas Talası yalnız Bəşər Əsədin dayısı oğlu Rami Mahluf qabaqlayırdı. Mustafa və Firas Talas 2011-ci ildə Suriyanı tərk edib və müxalifətə qatılıblar. Firas Talas sonradan Homsda, Talas ailəsi üçün doğma olan Əl-Rastan bölgəsində fəaliyyət göstərən "Faruq Briqadası"nın üsyançılarını maliyyələşdirib.
Firasdan sonra Respublika Qvardiyasının 105-ci briqadasının komandiri vəzifəsini icra edən kiçik qardaşı Manaf Talas da mühacirət edib. İordaniyaya köçən Manaf qürbətdə müxalif "Suriya milli ordusu"nu formalaşdırmağa çalışıb. Ancaq bu layihə uğursuz olub. İnqilabi hadisələrin başlamasının ardından Suriyanı tərk edən Əsəd ailəsi "daxili çevrə"sinin digər üzvü, başqa bir sabiq müdafiə naziri (2009-2011) Əli Həbib Mahmud idi. Sünni Talas ailəsindən fərqli olaraq, Həbib Mahmud ələvidir. O, Suriya inqilabına dəstək vermiş ələvi azlığın ən yüksək səviyyəli nümayəndəsi hesab edilə bilər.
İlk mərhələdə o, qiyamın yatırılmasına rəhbərlik edib, amma məhdudiyyətlərlə qarşılaşıb. Amma Əli Həbib Mahmud vəzifəsindən kənarlaşdırıldıqdan sonra üsyançılarla əlaqələr qurub və ölkəni tərk edib. Talas və Əli Həbib Mahmud ailələrinin ölkədən qaçışında onların müxalifətə dəstəyindən daha çox Suriya liderinin əhatəsində güc balansının dəyişməsinin səbəb olmasına dair dəlillər var. Bəşər Əsədin yaxın qohumları "daxili çevrə"dəki güclü rəqiblərdən qurtulmaq üçün səbəb tapmışdı. Onlar rəqiblərini üsyançılarla əlaqədə və üsyanı yatırtmaqda səriştəsizlikdə ittiham ediblər. Belə bir vəziyyətdə Talas və Mahmudun rejim opponentlərinin düşərgəsinə keçməkdən başqa heç bir çıxış yolu qalmayıb.
Talas və Həbib Mahmud ailəsinin nümayəndələri, nəzəri olaraq, Suriyanın siyasi həyatında fəal iştirak etmək imkanını saxlayıb. Hər şey bu ölkədəki sülh prosesinin gedişatından və istiqamətindən asılı olacaq. Bu şəxslər həm müxalifət, həm də BƏƏS aparatının bir hissəsi üçün məqbul hesab edilir. Əgər söhbət milli etuimad hökumətinin formalaşmasından gedərsə, Talaslar "portfellər" əldə və müəyyən şərtlərdə hətta hökuməti idarə edə bilər.
Rejimin "daxili çevrə"sində güc tarazlığını dəyişən digər mühüm hadisə Dəməşqdə, Milli Təhlükəsizlik Şurasının qərargahında 18 iyul 2012-ci ildə baş verən partlayış idi. Bu terror aktı üçün məsuliyyəti "Liva əl-İslam" qrupu öz üzərinə götürüb. Həmin təxribatda Əsəd ailəsinin yaxın dairəsinin bir neçə nüfuzlu nümayəndəsi öldürülüb. O cümlədən Asif Şövkət – Buşra Əsədin əri – BƏƏ rəhbərliyində qərar qəbulunda böyük çəkisi olan Suriya prezidentinin yeznəsi. Asif Şövkətin Əsəd ailəsinin bəzi üzvləri ilə münasibətləri olduqca mürəkkəb idi. Bir tərəfdən, o, qardaşı Bəsilin ölümündən sonra Londondan qayıdan Bəşər Əsədin yaxın dostu sayılıb. Digər tərəfdən, Şövkət, Bəşərin kiçik qardaşı Mahirlə münaqişədə olub. Bəzi məlumatlara görə, 1999-cu ildə Mahir Əsəd Asifə atəş açıb və onu qarnından yaralayıb.
Buna baxmayaraq, "daxili dairə" piramidasının üstü təbəqəsi – Asif Şövkət, Bəşər və Mahir Əsədlər üçlüyündən təşkil olunmuşdu. Şövkət də ölkənin rəhbərliyində yüksək vəzifəli mövqelər tutub. O cümlədən 2005-10-cu illərdə hərbi kəşfiyyatın başçısı, Baş Qərargah rəisinin müavini (2010-11) və 2011-ci ilin aprel ayından ölümə qədər – Baş Qərargahın rəisi.
Talas və Mahmud ailələri ölkədən qaçdıqdan və Asif Şövkət öldürüldükdən sonra Bəşər Əsədin yaxın çevrəsində Mahir Əsəd və dayısı oğlu Rami Mahlufu aparıcı rollara malikdir. Onlar Suriya hökumətində heç bir əsas mövqeyə malik olmasalar da, mühüm qərarlar qəbul edərkən, həlledici sözə sahibinə çevriliblər. Mahir Əsəd hazırda ölkə prezidentindən sonra Suriyada ikinci ən mühüm şəxs hesab olunur. O, 4-cü tank diviziyasının (rəsmi olaraq 42-ci briqadanın komandiri, diviziya komandiri isə general Məhəmməd Dirhəmdir) de-fakto komandiridir, eləcə də Respublika Qvardiyasına nəzarət edir. Bu elit bölmələr dövlət qurumlarının qorunması və paytaxtın müdafiəsi üçün məsuliyyət daşıyır.
BƏƏS Partiyasının Mərkəzi Komitəsində və hərbi vəzifələri ilə yanaşı, Mahir Əsəd həm də maliyyə maqnatıdır. Bəzi mənbələrə görə, Mahir Əsəd İraqda Səddam Hüseyn rejiminə qida təchizatı hesabına bir milyard dollar qazanıb, sonra da Livandakı "Əl-Mədinə" bankının iflası ilə bağlı maliyyə fırıldaqları hesabına varidatını artırıb. Bundan başqa, onun maliyyə maraqlarına Suriyada "Sheraton" otel zənciri, eləcə də bəzi KİV-lər, məsələn, "Cham Press" və s. daxildir. Beləliklə, özünəsadiq 4-cü diviziya və Respublika Qvardiyasından başqa, Mahir Əsəd, həmçinin iqtisadi güc və təsir sahibidir.