“Niyə Rusiyaya qarşı sanksiyalar tam şəkildə tətbiq edilmir?” Dünya

“Niyə Rusiyaya qarşı sanksiyalar tam şəkildə tətbiq edilmir?”

ABŞ dövlət katibi Reks Tillerson Rusiya ilə münasibətdə yeni sanksiyaların tətbiqinin mümkün olduğunu bəyan edib.
APA-nın xəbərinə görə, o, CBS telekanalına müsahibəsində "Niyə Konqresin qərarında nəzərdə tutulan sanksiyalar tam şəkildə tətbiq edilmir" sualına cavabında deyib ki, artıq bəzi addımlar atılıb: "Artıq mövcud qanunvericiliyə əsasən, Rusiya hərbi texnikasının satışına dair bir neçə sazişin qarşısı alınıb. Biz sanksiyalar tətbiq edilə biləcək bir sıra digər şəxsləri də nəzərdən keçiririk".
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin hazırladığı "Kreml hesabatı" adlı sənədə 210 nəfərin adı daxil edilib.
Bu siyahı avtomatik olaraq həmin şəxslərə qarşı sanksiyaların tətbiqi demək deyil. Konqres siyahı, xüsusən də onun məxfi hissəsindəki məlumatlar əsasında bu şəxslərə qarşı ABŞ-a səyahət qadağası, ABŞ-dakı aktivlərinin, varidatlarının dondurulması da daxil olmaqla, müxtəlif sanksiyalar tətbiq edə bilər.
Eyni zamanda, "qara siyahı"ya düşmək bu şəxslərin öz bizneslərini genişləndirmək imkanlarının məhdudlaşması mənasına gəlir.
ABŞ Prezidenti Donald Tramp isə Rusiya ilə bağlı ölkədə aparılan istintaqın nəticələrinə münasibət bildirib.
O, fikirlərini Tvitter hesabında bölüşüb:
"Mən heç vaxt deməmişəm ki, Rusiya seçkilərə müdaxilə etməyib. Müdaxilə Rusiyadan, Çindən, hansısa qrupdan və ya hakerdən gələ bilərdi. Mən bəzilərinin "Tramp Rusiya ilə əlaqədə olub" fikirlərinə cavab vermişəm ki, bu heç vaxt olmayıb".
Tramp bildirib ki, əgər rusların istəyi ABŞ-da xaos və fikir ayrılığı yaratmaq olsaydı, onlar bütün bu partiyaya nifrət, hazırda aparılan istintaq, komitələrdə keçirilən dinləmələrdən istifadə edib ən sərt arzularını həyata keçirə bilərdilər:
"Onlar indi bizə baxıb gülməkdən ölürlər. Demək istəyirəm ki, Amerika, ağıllı ol!"
Qeyd edək ki, Rusiyanın ABŞ-da keçirilən seçkilərə müdaxiləsi ilə bağlı 13 Rusiya vətəndaşına və 3 rus şirkətinə qarşı ittiham irəli sürülüb.