İrəvanda siyasi parçalanma: nələr baş verir? Dünya

İrəvanda siyasi parçalanma: nələr baş verir?

Serj Sərkisyanın istefaya getməsindən sonra Ermənistanda müvəqqəti hakimiyyət formalaşdırılacaq.
İrəvandakı etirazların lideri olan Nikol Paşinyan aprelin 25-də buna görə Ermənistan Baş nazirinin müavini Karen Karapetyanla görüşəcək. "Mariot" oteldə keçiriləcək görüş 11:00-da baş tutacaq.
Paşinyan dünənki mitinqdə artıq hakimiyyətdən nələr istəyəcəyini bəyan edib. O, parlametin əvvəlcə baş nazir seçərək müvəqqəti hökumət formalaşdırması gərəkdiyini, daha sonra isə qısa zaman çərçivəsində növbədənkənar parlament seçkisi keçirilməsi lazım olduğunu bəyan edib.
Hələlik hökumətdən Paşinyanın açıqlamalarına reaksiya verilməyib. Erməni ekspertlər isə artıq hakim Respublika Partiyası üçün arzulanmaz şəraitin yarandığını bildiriblər. Buna səbəb kimi isə erməni iş adamı və parlamentdəki ikinci ən böyük fraksiya olan Çarukyan Blokunun rəhbəri Qaqik Çarukyanın Serj Sərkisyanın istefasından öncə yaydığı bəyanat göstərilib. Ekspertlər Çarukyan Blokunun növbəti seçkidə Respublika Partiyasından imtina edəcəyi və bir namizədə dəstək verəcəyini proqnozlaşdırır.
"Qraparak" qəzeti Respublika Partiyası ilə bağlı önəmli məlumat yayıb. Qəzet partiyanın daxilində parçalanmaların artıq başladığını deyib. Bu parçalanmaların hətta partiyanı məhvə aparacağı da vurğulanıb.
Sərkisyanın istefasından sonra yaranan daha bir maraqlı məqam Paşinyanın qondarma Qarabağ rejiminin rəhbəri Bako Saakyana neytrallığını qoruduğuna təşəkkür etməsi olub. Bununla bərabər Saakyanın Sərkisyanın istefasından öncə İrəvanda olması və Qarabağ klanının üzvü ola-ola Sərkisyana dəstək verməməsi bəzi ekspertlərdə çaşqınlıq yaradıb. Üstəlik, Saakyan Ermənistanda təkcə Robert Köçəryanla görüşməyib, onun həm də Ermənistanın digər eks-prezidenti Levon Ter-Petrosyanla da görüşü olub.