İraq türkmənləri təhlükədə Dünya

İraq türkmənləri təhlükədə

İŞİD-in məqsədi onları da məhv etməkdir

Cavid

İŞİD terror birləşməsi İraqın altını-üstünə çevirməkdədir. İraqın paytaxtı Bağdadda İŞİD qüvvələrinə qarşı yaradılan könüllü dəstələr gözlənilən nəticəni ortaya qoymur. Əksər bölgələrdə silahlıların hücum edəcəyi ehtimalı ilə əlaqədar vəziyyət gərgin olaraq qalır. İraq-Türkmən cəbhəsinin lideri Ərşad Salehi ən böyük təhlükənin türkmənlər üçün yarandığını deyib. Salehinin fikrincə, İraqın parçalanması ən çox türkmənlərə zərər verəcək.
Onun sözlərinə görə, 1991-ci ildə kürdlər üçün təhlükəsizlik bölgəsi yaradıldığı kimi, bu gün türkmənlər üçün belə bir ərazi yaradılmalıdır: "Əks təqdirdə, ya sünni ərəblərin içində əriyəcəklər, ya da kürdlərin kölgəsində yaşayacaqlar".
Türkmənlərin Təlaferi şəhərinin İŞİD tərəfindən işğalından sonra rahatsızlığın artdığını bildirən təşkilat rəhbəri "hadisələr bir məzhəb savaşına doğru inkişaf edir" və bunun qarşısının alınmasının vacib olduğunun deyib.
Ə.Salehi bildirib ki, İŞİD Təlaferə nəzarəti ələ keçirəndən sonra minlərcə qaçqın Mosul və Sincara sığınıb: "Bölgədə humanitar faciə yaşanır".
O, əlavə edib ki, İraqın şimalına nəzarət edən kürdlərin silahlıları, peşməgərələr yaranmış vəziyyətdən sui-istifadə edirlər: "Bu acınacaqlı durumu özlərinə fürsət bilənlər Kərkük, Təlafər, Bakuba və Tuzhurmatu bölgələrini ələ keçirərək, buralara birdəfəlik sahib olmaq istəyir".
Onun qənaətinə görə, son həftələrdə Şimali İraqda baş verən hadisələr İraq türkmənlərınə qarşı bir oyundur, bunun səbəbkarlarından biri İraq hökuməti və kürd bölgə rəhbərliyidir. Salehi türkmənlərin yalnız qaldığını və qardaş xalqlar tərəfindən dəstəklənmədiyini deyib. Ərşad Salehinin sözlərinə görə, türkmənlər üçün bir ərazi ayrılmayıb: "Başda beynəlxalq qüvvələr olmaqla, İraq hökuməti və Şimali İraq rəhbərliyinin bizə yardım etməməsi türkmənlərin vəziyyətini fərqli nöqtəyə gətirir. Bütün bu hadisələrin məqsədi türkmənləri torpaqlarından sıxışdırıb çıxarmaqdır. Bunu da silahlı qruplaşmaların köməyilə həyata keçirmək istəyirlər". Salehi İraq türkmənlərinə rəsmi Ankaradan başqa heç bir türk dövlətinin yardım etmədiyini bildirib.
ABŞ-da yaşayan İraq türkmənlərinin Birləşmiş Ştatlardakı sabiq təmsilçisi, fəal Orxan Kətənə isə "Amerikanın Səsi"nə müsahibəsində bildirib ki, İraqda baş verən hadisələrdə ən çox zərər görən türkmənlərdir. O, İraqda yaşayan türkmənlərin hadisələrə münasibətindən, onların əl-Maliki hökuməti ilə əlaqələrindən, regional dövlətlərdən gözləntilərindən və türkmənlərin gələcəkdə özlərini İraq dövləti tərkibində necə gördüyündən danışıb. Kətənə deyir ki, türkmənlər İraqda aparıcı rola sahib olmadıqları üçün hazırda baş verən hadisələrə təsir göstərəcək gücə malik deyillər və münaqişənin tezliklə sona çatmasını, zorakılıqlara son qoyulmasını arzulayırlar. O, türkmənlərin yaşadıqları ərazilərdə onların İraq dövləti qurulduqdan bəri hər zaman hökumətlə barışıqda yaşadıqlarını, daxili qarşıdurmaların yaşanmadığı icma olduqlarını vurğulayıb. İraqın digər bölgələrində silahlı toqquşmaların yaşanmasına baxmayaraq, türkmənlərin yaşadıqları ərazilərdə əsasən sabitliyin mövcud olduğunu və hazırda baş verən hadisələrdə də hökumətin tərəfində yer aldığını bildirib. Fəal, regional dövlətlərin İraqda yaşayan türkmənlərə yetərincə diqqət ayırmadıqlarından narahatlığını dilə gətirib. Hər zaman basqı altında yaşayan türkmənlərin, başda Türkiyə olmaqla qonşu dövlətlərdən onların getdikcə yox olmasına seyrçi qalmamalarını arzu etdiklərini deyib. Kətənə İraq Şam İslam Dövləti tərəfdarlarının qələbəsinin türkmən icmasına mənfi təsir göstərəcəyini düşünür. Belə ki, türkmənlərin yarısı şiədir, yarısı isə sünidir və baş verənlər türkmənləri parçalanmaq təhlükəsi qarşısında qoyub.
Ölkədə silahlı qruplaşmalara qarşı mübarizə artıq o həddə çatıb ki, ölkənin xarici dövlətlərin köməyinə ehtiyacı yaranıb. İraq hökuməti Amerika Birləşmiş Ştatlarına İŞİD silahlılarına hərbi müdaxilə etməsi üçün rəsmi müraciət edib. Ölkənin xarici işlər naziri Xoşyar Zəbari ölkədəki gərgin vəziyyətlə əlaqədar kömək istəmək üçün ərəb ölkələrinin xarici işlər nazirlərilə də görüşüb.
Bununla yanaşı rəsmi Tehran İraqla bağlı xüsusi bəyanatla çıxış edib. İran Silahlı Qüvvələrininin Baş Qərargah rəisi general-mayor Həsən Firuzabadi deyib ki, terrorçulara qarşı mübarizə məsələsində iraqlılar özləri öz problemlərini həll etməyə qadirdirlər. O, İranla Birləşmiş Ştatların İraq məsələsində əməkdaşlığını qeyri-mümkün sayıb.
Türkiyə isə bu ölkəyə hər hansı hərbi əməliyyatın tətbiqini istisna edir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Şimali İraqda İŞİD silahlıları dinc sakinlərin arasında gizləndiyinə görə, hərbi müdaxilə çox sayda insanın ölümünə səbəb ola bilər. O, İraqdakı münaqişənin məzhəblərarası toqquşmaya çevrildiyini də ifadə edib.
Rəcəb Tayyib Ərdoğan deyir ki, İŞİD ünsürlərinin xalqın içində olması hər hansı bir hərəkat nətitəsində çox sayda dinc sakinin ölümünə yol aça bilər:"Belə bir həssas durum var. İraq ordusunun da bütün mövqelərini tərk etməsi çox maraqlıdır. Hadisə artıq İŞİD - İraq ordusu arasında münaqişə olmaqdan çıxıb, məzhəblərarası müharibəyə dönüb. Bu da şiə-sünni məsələsidir. Biz bunu qəti şəkildə pisləyirik. Bir müsəlman digər müsəlmanı "Allahu-Əkbər" deyərək öldürə bilməz. Qadınları, uşaqları, qocaları öldürməyə ixtiyarınız yoxdur. Bütün bunları Türkiyə olaraq qəbul etmirik. Bu dəqiqə bizim əsas dərdimiz 80-ə yaxın vətəndaşımızın sağ-salamat ölkəyə gətirməkdir".
Amerika Birləşmiş Ştatları rəhbərliyi də hələlik İraqa quru qoşunları göndərməyi düşünmür. Ağ Evin mətbuat katibi Cey Karninin sözlərinə görə, Birləşmiş Ştatların birbaşa hərbi əməliyyatlarda iştirakı İraqın problemlərini həll etməyəcək.
İraqın baş naziri Nuru əl-Maliki isə terrorçulara qarşı vuruşmaq istəyən könüllülərə ayda 644 dollar verəcəyini açıqlayıb. İraq dövlət televiziyası ilə çıxış edən baş nazir döyüş getməyən yerlərdə xidmət edəcək könüllülərə ayda 450 dollar veriləcəyini vəd edib, Maliki hər könüllüyə 107 dollarlıq yemək pulu da ayrılacağını bildirib.
Qeyd edək ki, müsəlmanların nüfuzlu dini liderlərindən biri olan Əli Hüseyn verdiyi fətvada əli silah tutan hər kəsi İraqı müdafiə etməyə səsləmişdi.
ABŞ prezidenti Barak Obama isə İŞİD terrorçu təşkilatı ilə mübarizədə kömək üçün İraqa 300 hərbi məsləhətçi göndərir.
Röyters agentliyinin xəbərinə görə, İraqa göndəriləcək hərbi məsləhətçilər İraq ordusuna yardım edəcək.
Obama bildirib ki, ABŞ tələb olunan zaman hərbi fəaliyyəti yerinə yetirəcək. Ancaq o əlavə edib ki, ABŞ qoşunları İraqda vuruşmayacaq.
Bundan əvvəl İraq hökuməti ABŞ-a müraciət edib, hava hücumu ilə bağlı hərbi yardım istəyib. Obama açıqlamasında bildirib ki, İraqa 275 əsgər göndərəcəklər. Bu hərbi personal İraqdakı ABŞ səfirliyini, vətəndaşlarını qorumaq üçün göndərilir.
ABŞ dövlət katibi Con Kerrinin bu yaxınlarda İraqa səfəri gözlənilir. Qeyd edək ki, son günlər İraqda Mosul, Tirkit və bir sıra bölgələri ələ keçirən İŞİD terrorçuları Bağdada doğru irəliləməyə çalışır.
Onların hücumu nəticəsində minlərlə əhali öz evini tərk edib, qonşu ərazilərə sığınıb.