“Daxili gərginlik Paşinyan üçün müsbət heç nə vəd etmir” Dünya

“Daxili gərginlik Paşinyan üçün müsbət heç nə vəd etmir”

Mürtəza Bünyadlı: "Həmçinin Rusiya ilə kəskinləşən münasibət, KTMT üzvləri tərəfindən təzyiq İrəvanı küncə sıxışdırır"

Ermənistanda seçkilərdən sonra da vəziyyət gərgin olaraq qalır və bu gərginlik getdikcə dərinləşir. Maraqlı məqamlardan biri erməni mediasında Paşinyana qarşı sürəkli yazıların yer almasıdır. Eyni zamanda Paşinyana yaxın mediada Rusiya, KTMT və şəxsən Lukaşenko və Putinə qarşı yazılar gedir.
Bundan başqa Dağlıq Qarbağdakı separatçılarla qarşıdurma halında olan Paşinyanın Rusiya Rusiya ilə kəksinləşən münasibətini isə Rusiya mediasını izləməklə müşahidə etmək olar. Rus mediasında Paşinyan hakimiyyətinə qarşı yazılar bəlli bir tendensiyadan xəbər verir.
ru.1in.am saytında erməni ekspert Sarkiz Arçruni yazıb ki,
Ermənistanda hazırkı ən müzakirə edilən söhbət Vladimir Putinin Nikol Paşinyanı təbrik edib-etməməyidir: "Bu, hətta siyasi xəttin çərçivəsindən çox kənara çıxıb. Bir çoxları bunu idmandakı mərc oyununa bənzədir. Belə hal isə bizim milli mentalitetimizə görə uyğunlaşdırılıb. Hər il aprelin 24-də idman marağı kimi gözləyirik ki, görəsən ABŞ prezidenti "soyqırımı" sözünü işlədəcəkmi?". Onun sözlərinə görə, hətta Ağ Evin sahibi o sözü işlətsə belə Ermənistanın və erməniliyin nə udacağını bilmirik: "Əgər Putin Paşinyanı adi bir mətnlə təbrik etsəydi, bu, Ermənistan-Rusiya münasibətlərinin kritik olmasını daha böyük anlamda gizlədə bilərdi və "əsrlərdir davam edən dostluq", "qardaşlıq" fikirlərinin reallığını tarixi stereotiplər çərçivəsində kölgədə qoya bilərdi. Putinin və onun dostlarının motivasiyası isə aydındır. Onlar erməni inqilabının və 9 dekabr seçkilərindəki qələbəni qəbul etmədiklərindən alqışlaya bilmirlər. Erməni inqilabının nəticəsində isə keçmiş prezident (Robert Köçəryan) həbsxanya göndərildi".
"Qraparak" nəşri isə yazır ki, Ermənistanla Rusiya arasında münasibətlər hər ötən gün daha da çətinləşir. Nəşrin bildirdiyinə görə, 8 aydır baş nazir postuna sahib olan Nikol Paşinyan hələ də rəsmi şəkildə Rusiyaya dəvət olunmayıb, KTMT-dəki problemlər sırasına isə yaxın vaxtlarda qaz da əlavə olunacaq: "Rusiya hələ də Paşinyanı təbrik etməyib. Putinin parlament seçkilərində qələbəyə görə təbrik etməli olmadığı bildirilsə də, 2017-ci il seçkilərində o cəmi bir gün sonra Serj Sərkisyan və Respublikaçılar Partiyasını təbrik etmişdi".
Bu arada Belarus prezidenti Aleksandr Lukaşenkonun Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla bağlı sərt ittiham irəli sürməsi erməni siyasi-ictimai rəyində müzakirə obyektinə çevrilib. Rusiyalı jurnaslitlərlə görüşündə Ermənistan tərəfinin KTMT-yə baş katibin seçilməsi məsələsində və "Polonez" zenit-raket komplekslərinin Azərbaycana satılması ittihamlarını irəli sürməsi ilə bağlı iradlarını cavablandıran Lukaşenko, qarşı tərəfin nəyə görə Rusiyanı hədəfə götürməməsini soruşub və Nikol Paşinyanın buna cürət etmədiyini, qorxduğunu bildirib, hətta dilini müəyyən yerə soxduğunu da açıq şəkildə deyib.
News.am-ın yaydığı xəbərə görə isə, Ermənistanın Respublika partiyasının siyasi şurasının sədri Aram Sarkisyan Belarus prezidenti Aleksandr Lukaşenkonun Nikol Paşinyanla bağlı sərt ittihamlarına münasibətini bildirərkən facebook səhifəsində "nə qədər xoş olmasa da, Batka doğru", - deyə yazıb: "Əgər KTMT çərçivəsində nə isə demək istəsək, ilk növbədə strateji partnyorumuz və əsas müttəfiqimiz Rusiyaya - Azərbaycana silah satan bir nömrəliyə müraciət etməliyik. Lakin mənim nəzərimcə, demək mənasızdır", - bildirən Aram Sarkisyan ölkəsinin səssiz və addım-addım NATO ilə əməkdaşlığa getməli olduğunu deyib. Erməni siyasətçi xəyallara qapılaraq iddia edib ki, məhz bu zaman Rusiyanın Ermənistana münasibətində birmənalı şəkildə dəyişikliklər olacaq və s. Sarkisyan hətta bir az da irəliyə gedərək, Rusiyanın sərhədlərinin Kransodar vilayətindən keçəcəyini belə, xam xəyallarına calaq edib".
Siyasət yazarı Mürtəza Bünyadlı bildirdi ki, Paşinyan əleyhinə yazılar 9 dekabrda keçirilən növbədənkənar parlament seçkilərindən sonra daha da güclənib. O əlavə edib ki, daxili gərginlik Paşinyan ümün müsbət heç nə vəd etmir: "Həmçinin Rusiya ilə kəskinləşən münasibət, KTMT üzvləri tərəfindən təzyiq İrəvanı küncə sıxışdırır".
M.Bünyadlı hesab edir ki, Moskva Paşinyanı həzm edə bilmir və etməyəcək də: "Baxmayaraq ki, Moskvanın İrəvana təzyiq edib, onu yerində otuzduraraq diqtə etməsi üçün yetərincə imkanları olsa da, Kreml hələlik yumşaq təzyiq taktikasına üstünlük veriməkdədir: "Ancaq Moskva indiki mərhələdə Paşinyanın hakimiyyətdə olduğu müddətdə gördüyü işləri və fəaliyyəti başqa adamların dili ilə, daha doğrusu Belarus prezidenti Aleksandr Lukaşenkonun dili ilə gündəmə gətirir. Bununla məqsəd Paşinyanın elə də ciddi və təcrübəyə malik olmayan siyasətçi kimi iç üzünü açmaqdan ibarədir. Burada digər məqam isə Ermənistanın ən yaxın müttəfiqləri ilə ciddi probleminin olduğunu və nüfuza malik olmadığını nümayiş etdirmək məqsədi ilə erməni cəmiyyətinə ünvanlanan mesajdır. Məhz elə ötən həftənin sonunda Belarus lideri Aleksandr Lukaşnkonun Rusiya jurnalistlərlə görüşündə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) baş verən son olaylarla bağlı ciddi açıqlamaları bir daha Paşinyanın ciddi bir siyasətçi olmadığını, Ermənistanın isə nüfuza malik olamyan ölkə olduğunu açıqca göstərdi. Lukaşenkonun hədəfi həm də ümumiyyətlə Ermənistanın bölgədə və MDB məkanında destruktiv fəaliyyəti nəticəsində inteqrasiya proseslərinə əngəl törətdiyini, bu ölkənin bölgədə, MDB məkanında və dünyada sabitliyə, təhlükəsizliyə təhdid kimi göstərmək idi və bunu da etdi. Lukaşenko bu açıqlamaları ilə bir daha göstərdi ki, Ermənistan rəhbərlərinin bu baxışları və yürütdükləri siyasət nəticədə erməni xalqının ziyanınadır və bundan acaq və ancaq erməni xalqı itirəcək. Bununla da Lukaşenko nə qədər gec deyil, Ermənistana sərgilədiyi destruktiv və işğalçı siyasətdən geri çəkilməyi tövsiyə edib".
Onun fikrincə, Lukaşenkonun bu mövqeyi hazırkı məqamda İrəvanı küncə sıxışdırmaq baxımından Moskvanın maraqlarına cavab verir: "Moskva bununla erməni cəmiyyətinə göstərmək istəyir ki, Kremlin dəstəyi və yardımı olmadan Ermənistan heç nəyə qadir deyil. Bu proses bundan sonra da davam edəcək. Əgər bunu Rusiya rəsmilərindən biri desəydi, bəlkə də başqa effekt verərdi. Ancaq Lukaşenkonun dili ilə dedizdirlməsinin başqa bir effekti var. Bütün bunlar onu deməyə əsas verir ki, Moskva İrəvana qarşı çeşidli vasitələrdən istifadə edərək təzyiqlərini davam etdirəcək və Paşinyan hakimiyyətini erməni cəmiyyətində gözdən salacaq. Qarşıdakı dönəmdə daha ciddi proseslərin şahidi olacağıq. Paşinyan da müqavimət göstərmək üçün ona yaxın mediada bunun əksi olaraq Rusiya, KTMT və Avrasiya İqtisadi İttifaqını hədəf seçib. Ancaq onun bu əks hücumları effekt verməyəcək və onu daha çıxılmaz vəziyyətə salacaq. Ona görə ki, qarşı tərəfin Paşinyanı ifşa etmək üçün yetərincə faktları və imkanları mövcuddur. Paşinyanın sepratçı Dağlıq Qarabağ rejimi arasındakı mübarizəsi istənilən nəticəni verməyəcək. Düzdür, Ermənistandakı ümumi siyasi mühtin təsirinə uyğun olaraq separatçı qurumda onunla işləmək zorunda qalacaq. Paşinyan bacardıqca burada öz adamlarını yerləşdirməyə çalışacaq. Artıq bu proses başlanılıb. Ancaq İrəvanla separatçı rejim arasındakı əməkdaşlıq "mehriban düşmənlər"in əməkdaşlığı olacaq. Məqam yetişən kimi separatçı rejim ona qarşı fəaliyyət göstərəcək".
Politoloq Əli Qənbərli bildirdi ki, Paşinyan Rusiyaya meyilli adam deyil: "Bu onun həm siyasi keçmişindən, həm də bu gün baş nazir kimi verdiyi açıqlamalardan aydın sezilir. Paşinyan Ermənistanı rus təsirindən azad etmək və baş naziri olduğu ölkəni Avropa strukturları ilə yaxınlaşdırmaq istəyir. Təbii, bu Rusiyanın qıcığına səbəb olur. Üstəlik bu bir reallıqdır ki, Paşinyan Ermənistanda xalq hərakatının nəticəsidir. Obyektiv reallıq prizmasından baxanda xalq hərəkatlarını Rusiyanın ən çox qorxduğu məsələlərdən birincisi adlandırsaq yanılmarıq".
Onun sözlərinə görə, separatçılarla çəkişmə halında olan Paşinyanı daha çətin vəziyyət gözləyir: "Separatçılarla qarşıdurma hansı konkret nəticələr verəcəyini öncədən söyləmək tezdir. Burda fərqli maraqlar toqquşur".
Politoloq Cümşüd Nuriyev diqqətə çatdırıb ki, əslində Ermənistanın baş naziri Nikol Paşinyan siyasətdən uzaq bir adam olduğuna görə onun haqqında nəyisə proqnozlaşdırmaq, ağıllı bir şey demək mümkün deyil: "Birincisi, Paşinyan həddindən artıq bu sahədə deletandır. İkincisi, onun dedikləri siyasətdən daha çox Qərbin sifarişlərinin icrasıdır. Üçüncüsü, adam kifayət qədər yetişmiş səviyyəsi olmadığına görə atacağı addımları da proqnozlaşdırmaq mümkün deyil. Bütün bunların fonunda Paşinyanın nə edəcəyini demək mümkün deyil. Amma Rusiyanın nə edəcəyini demək mümkündür. Xüsusilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərindən sonra Rusiya mətbuatında son günlərdə Ermənistanla, Paşinyanla bağlı tənqidi məqalələr artıb. İkincisi, Rusiya KİV-ləri, xüsusilə telekanalları əgər əvvəllər bütün verilişlərində erməniləri təbliğ edirdilərsə, indi onları yavaş-yavaş seyrəldiblər. Rusiyanın birinci kanalında, RTR-də, həm də ntv kanallarında ermənilərin təbliğatı yavaş-yavaş dayandırılıb. Bunu sezməmək mümkün deyil. Üçüncüsü, Ermənistanın fəaliyyəti ilə bağlı Rusiyanın hərbçiləri danışmağa başlayıb. Yəni bütün bunların fonunda Rusiyanın Ermənistanı cəzalandırmaqla bağlı artıq planları var. Bunu tam məsuliyyətlə demək olar. Yəqin ki, yeni ildə sonra bu məsələlər gündəmə gələcək. Yəni Ermənistan "Gümrü"dəki hərbi bazanı çıxarmağa çalışsa, ruslar bu addımı atacaq. Rusiya Ermənistanı çox çətin vəziyyətdə qoymaq şərtilə öz hərbçilərini oradan çıxaracaq. Ona görə də biz bir qədər gözləməliyik. Amma bütün hallarda Ermənistanın, hal-hazırda Paşinyanın yürütdüyü siyasət, həm öz xalqına, həm qonşularına qarşı, həm də Rusiyaya qarşı olacaq. Əgər indiyədək Ermənistanda vətəndaş müharibəsi gündəmdə deyildisə, artıq işğalçı ölkədə potensial vətəndaş müharibəsi məsələsi gündəmə gəlir".

Əli