2019-cu ilin “narahat geosiyasi mühiti“ Dünya

2019-cu ilin “narahat geosiyasi mühiti“

"Stratfor"un proqnozlarından əsas məqamlar

Dünyanın tanınmış analitik mərkəzləri, bir qayda olaraq, hər ilin sonunda növbəti il üçün əsas saydıqları problemlər üzrə proqnozlar verirlər. Bu aspektdə "Stratfor"un analizləri və təxminləri ayrıca diqqət tələb edir. Çünki bu təşkilatın ABŞ-ın xüsusi xidmət orqanları ilə yaxınlığı haqqında informasiyalar vardır. Amerikanın bu tanınmış beyin mərkəzi 2019-cu ildə qlobal geosiyasi trendləri səciyyələndirən proseslərin analizi və proqnozları ilə yenidən diqqəti özünə cəlb edib. Burada hər bir əhəmiyyətli proses haqqında konkret mövqe ifadə edilib.
Newtimes yazır ki, konkret olaraq, beyin mərkəzinin məntiqi Amerikanın dünya liderliyi uğrunda mübarizəsini davam etdirəcəyi üzərində qurulub. Bu çərçivədə ABŞ-ın Çin və Rusiya ilə savaşı təhlil olunub. Eyni zamanda, dünyanın digər böyük dövlətlərinin bu savaşın xarakterinə uyğun zərər görəcəyi və ya qazanacağı barədə də proqnozlar verilir.

Qlobal trendlər: istiqamətləri və yeni məzmun çalarları

"Stratfor" 2019-cu ildə qlobal miqyasda gəgrinliyin daha da artacağını qeyd edib, bunu böyük güclər arasında rəqabətin artması ilə əlaqələndirir. Həmin rəqabətin təməlində isə Amerikanın öz diqtəsini davam etdirməsinin dayanacağı proqnozlaşdırılır. Vaşinqtonun bütün istiqamətlərdə planlarının dünya liderliyini təmin etməklə bağlı olduğu iddia edilir. Bu o deməkdir ki, bir sıra məsələlərdə geri çəkilməsinə baxmayaraq, Amerika bütövlükdə daha güclü həmlələr etməyə hazırlaşır. Təbii ki, onun üçün başlıca hədəflər də ilk olaraq Çin və Rusiyadır.
Vaşinqton Çinlə olan münasibətlərdə ona hücumları strateji məzmunlu hesab edir. Yəni 2019-cu ildə Pekinə qarşı tətbiq olunacaq vergilər, sanksiyalar, yeni texnologiyalara norma baryerləri qısa müddət üçün deyil, uzun müddətdə Çinin irəli çıxmaq planlarını pozmaq üçündür. "Stratfor" hesab edir ki, bu məsələdə ABŞ Tayvana daha çox dəstək verəcək və Cənubi Çin dənizində daha inadkar olacaq.
Bu xətt bütövlükdə dünya miqyasında yeni silahlanma yarışına təkan verəcək. Onun əsas iştirakçıları ABŞ, Rusiya və Çin olacaq. Eyni zamanda, strateji təyinatlı silahlarla bağlı imzalanmış sazişlər qüvvəsini itirə bilər. Yekun mənzərə isə aşağıdakı kimi təqdim olunur: qlobal geosiyasi narahat mühit yaranacaq! Bu cür gərgin geosiyasi mühit böyük dövlətlərin və sivilizasiyaların sərhədində yerləşən orta səviyyəli güclər üçün həm yeni şanslar verə, həm də onlara daha fərqli problemlər yarada bilər. Əgər bu güclər arasında bitərəf mövqe tutmağa can atanlar olacaqsa, onlar qarşısında daha çox maneələr yaradıla bilər. Bu keyfiyyətdə "Stratfor" Polşa, Tayvan, Türkiyə, Vyetnam və Hindistanın adını çəkir.
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) "kölgə" strukturu hesab edilən beyin mərkəzinin qlobal geosiyasi dinamikanı bu cür qiymətləndirməsi hansı faktorları aktuallaşdırır? Həm də nəzərə almaq lazımdır ki, "Stratfor" əksər hallarda baş verəcəkləri deyil, Vaşinqtonun istədiklərini dolayısı ilə ifadə edir. Hər şeydən öncə, aydındır ki, Amerikanın siyasi və ekspert dairələri 2018-ci ildə cərəyan edən geosiyasi proseslərdən elə də razı deyillər. Onlar bu cür gedişata Donald Trampın sərt reaksiya verməsinə üstüörtülü haqq qazandırırlar. Çünki proqnozlarda da Vaşinqtonun öz iradəsini yeritmək qərarında olacağını aksiom kimi qəbul edirlər. Deməli, bununla D.Trampın haqlı olduğunu bildirir və bu xəttin 2019-cu ildə daha sərt məzmun kəsb edəcəyi barədə xəbərdarlıq edirlər.
Bu xəttin başlıca istiqamətləri də təqdim olunur: Pekin və Moskva! Digər dövlətlərə bunun kölgəsində az və ya çox dərəcədə təsirə məruz qalacaq obyekt olaraq baxırlar. Məsələn, Hindistan özünə sərf edən mövqeni deyil, supergüclərdən birinə sərf edən mövqe tutmalıdır. Və Dehlinin hərəkətlərinə də buna uyğun qiymət veriləcək.
Təsəvvür edək ki, Dehli yuxarıda təqdim edilən ssenariyə uyğun deyil, müstəqil bir mövqe seçir. Onda dünya siyasətində nələr baş verə bilər? Məsələnin bu tərəfi "Stratfor"da sistemli araşdırılmır. Bu isə o deməkdir ki, Qərbin siyasi və analitik dairələrində "orta səviyyəli" adlandırdıqları dövlətlərin 2019-cu ildə də müstəqil kurs yeritməsini arzulamırlar. Yəni, faktiki olaraq həmin xətti seçənlərə qarşı xüsusi təzyiq mexanizmləri hazırlanır. Onda 2019-cu ili həm də sanksiyalar və məhdudiyyətlər ili adlandıra bilərik. Çünki ən azından Türkiyə, Hindistan və İran öz müstəqil mövqelərindən çətin ki, imtina etsinlər. Düşündürücüsü odur ki, supergüclər hələ də dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq normalarına deyil, öz maraqlarının təmin olunmasına üstünlük verirlər.

İqtisadi-ticari savaş: yeni ssenarilərə doğru

Həmin aspektdə ABŞ-ın Rusiya və Çini saxlamaq taktikası qlobal iqtisadiyyatda ticarət dövriyyəsinin dinamikasına da ciddi təsir göstərə bilər. Hər halda "Stratfor" bu sferadakı prosesləri də vacib qlobal hadisələr sırasında göstərir. Belə ki, ABŞ-la Ümumdünya Ticarət Təşkilatı (ÜTT) arasında qarşıdurma güclənə bilər. Bu təşkilatda mövcud olan mübahisələrin həllini bu məqam dalana sala bilər. Nəticədə, ölkələr ticarət mübahisələrinin qarşısını almaq üçün daha çox ikitərəfli müqavilələrə üstünlük verərlər. Burada "Stratfor" bir məqamı ayrıca vurğulayır.
Analitik mərkəz hesab edir ki, avtomobillərə olan vergidə Kanada, Meksika, Yaponiya və Cənubi Koreyanın özünə müəyyən kvota almaq imkanı digərlərindən çoxdur. Ancaq Avropa İttifaqı (Aİ) ölkələri üçün bu, çox çətindir. Hətta "Stratfor" yazır: " ... Aİ ilə ABŞ arasında ticarət danışıqları uğursuzluğa məhkumdur".
Bu, qlobal ticarət dövriyyəsinə ciddi təsir edə biləcək bir iddiadır. Xüsusilə Almaniya ondan daha çox zərər görə bilər. Onun Almaniya iqtisadiyyatına təsiri hiss ediləcək səviyyəyə yüksələ bilər. Bundan çətin ki, Berlin ciddi narahat olsun, ancaq iş yerlərini itirən insanların hansı sosial problem yaradacaqlarını öncədən proqnozlaşdırmaq da asan deyil. "Sarı jiletlilər" prosesi göstərdi ki, qəfildən sakit yerdə çaxnaşma yarana bilər.
Bunlara baxmayaraq, "Stratfor"un proqnozuna görə, "Çinə qarşı Amerikanın əlavə vergi siyasətini tətbiq etməsi ticarətdə qeyri-müəyyənliyi gücləndirməsinə baxmayaraq, bütövlükdə qlobal iqtisadiyyat üçün ticarət siyasətinin fəsadları kifayət qədər az olacaq". Doğrusu, bu proqnoza inanmaq çətindir. Çünki Çinlə ticari savaşa onlarla dövlət də daxil olursa, bu prosesin qlobal iqtisadiyyata təsiri çox ola bilər.
Digər tərəfdən, hətta orta səviyyəli dövlətlər arasında belə iqtisadi-ticari rəqabət sərtdir. Onlar öz maraqlarının təmini naminə daha radikal addımlar ata bilərlər. Deyək ki, Yaxın Şərqdə və Qafqazda "Bir Qurşaq, Bir Yol" layihəsində iştirak üçün ölkələr arasında ciddi yarışma gedir. Bu proses ABŞ-ın ticarət savaşı ilə daha da şiddətlənə bilər. Bu halda qlobal ticarətin ciddi zərər görməyəcəyi haqqında danışmaq nə dərəcədə əsaslıdır?
Burada "Stratfor"un proqnozlarında yer almış bir məqamı da xatırlamaq yerinə düşərdi. Analitik mərkəz 2019-cu ildə İtaliya və "Breksit" üçün qorxulu proqnozlar verir. Avrozona üçün 2019-cu ildə ən qorxulu faktorun İtaliyanın populist hökumətinin olacağı proqnozlaşdırılır. Çünki bu ölkənin borclarının artacağı və kövrək bank sisteminin qalacağı təxmin edilir. Roma üçün daha təsirli olan Brüsselin hədələri deyil, maliyyə bazarlarıdır. Bununla paralel olaraq Brüssel London ilə "Breksit"ə yol verməmək istiqamətində danışıqları intensivləşdirmək niyyətindədir. Lakin Britaniya parlamentinin vetosu bu yolda ən böyük əngəl olaraq qalır.

Orta səviyyəli dövlətlər: iki supergücün arasında

"Stratfor"un analitiklərinin Yaxın Şərq kontekstində Türkiyə ilə bağlı 2019-cu il proqnozları da maraqlıdır. Hiss olunur ki, artıq Ankara müstəqil güc kimi qəbul edilir. Lakin onu "orta səviyyəli dövlət" kateqoriyasına aid etməklə supergclərdən hansının tərəfində olmasından asılı olaraq təkamül yolu seçəcəyini də vurğulayırlar. "Stratfor" bu kontekstdə 2019-cu ildə Rəcəb Tayyib Ərdoğanın daha çox türk iqtisadiyyatının zəif tərəflərini bərpa etməklə məşğul olacağını proqnozlaşdırır.
Ankara inflyasiya, işsizliklə mübarizəyə və maliyyə sistemini möhkəmləndirməyə enerji sərf edəcək. Bütövlükdə Türkiyə Polşa və Tayvanla bərabər, siyasi mühitin sərtləşməsindən uyğun strateji mühit yaratmaq imkanı əldə etməyə yaxın olacaq. Bu, daha çox hərbi alyanslar formalaşdırmağa və daha güclü dövlətlərdən xüsusi iqtisadi səmərə almağa yardım göstərə bilər.
Maraqlıdır ki, "Stratfor" geosiyasi baxımdan dağıdıcı proseslərin həm də Latın Amerikası qitəsində gedəcəyini proqnozlaşdırır. Burada ABŞ-ın müttəfiqləri və Braziliya ilə Kolumbiyanın timsalında sərt kursun tərəfdarları Venesuela böhranının fəsadlarını müəyyən dərəcədə yumşaldırlar. Ancaq Argentina bu "ansambldakı ritmi poza bilər". Argentina düşdüyü çətin siyasi vəziyyətdən çıxmaq üçün Braziliya və Kolumbiya ilə eyni mövqedə olmaya bilər. Meksikada da aqressiv-populist mövqedə olanların güclənməsi ilə sərmayə riski artar. Bu halda Amerika qitəsində parçalanma tendensiyası güclənə bilər.
Bunun qarşısını ABŞ-ın nə dərəcədə ala biləcəyi aydın deyil. Çünki Amerika qitəsində artıq Çin, Fransa, Türkiyə, Rusiya fəaldırlar. Onların hər birinin öz maraqları var. Xüsusilə Pekin həmin regiona milyardlarla sərmayə qoymaqdadır. Bu vəziyyət həmin qitədə nüfuz bölgüsünü gücləndirir. Belə bir vəziyyətdə ABŞ-ın 2019-cu ildə Latın Amerikası istiqamətində hansı uğurları əldə edə biləcəyi qeyri-müəyyəndir. "Stratfor" məsələnin bu tərəfini xüsusi vurğulayır.
Afrika da "Stratfor"un diqqətindən kənarda qalmayıb. Analitik mərkəzin mütəxəssisləri hesab edirlər ki, Efiopiya həmin qitədə aparıcı olmaq potensialına malikdir. Xarici sərmayəçilər həmin ölkəyə axın edə bilərlər. Lakin Əddis-Əbəbənin gücünü daxili çəkişmələr zəiflədə bilər. Orada etniklərarası münaqişələr hökm sürür.
Beləliklə, "Stratfor"un proqnozlarına görə, 2019-cu ildə qlobal miqyasda əsas mübarizə Amerika ilə Çin arasında gedəcək. Həmin müddət Vaşinqton üçün Çinə üstün olmaqda son şans kimi qəbul edilə bilər. Obrazlı deyilsə, 2019-cu il ABŞ üçün həm özünün liderliyinin təmini, həm də müttəfiqlərinin maraqlarının qorunması baxımından "imkanların son həddi" kimi xarakterizə edilə bilər. Bununla yanaşı, proqnozlardan görünür ki, 2019-cu ildə geosiyasi dinamika kifayət qədər mürəkkəb və ziddiyyətli olacaq. Meydana çıxa biləcək yeni məqamlardan biri də supergüclərlə "orta səviyyəli dövlətlər" arasında münasibətlərin fərqli kontekst kəsb etməsi olacaq.