Yeni böhran başlayır: gücə söykənən nizam Dünya

Yeni böhran başlayır: gücə söykənən nizam

2019-cu ildə ABŞ iqtisadiyyatı və dünyanın növbəti böhranla üzləşəcəyi ilə bağlı bir çox əlamət ortaya çıxıb. Bu sözlər fransız iqtisadçı David Kaylanın "Le Fiqaro" qəzetində dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın fəaliyyəti dünya iqtisadiyyatının idarəetməsini məhv etməkdədir.
O qeyd edib ki, Trampın maliyyə sektorunun idarəsini zəiflətməyə və vergi yükünü azaltmağa yardım etməsinə rəğmən, ABŞ birja indekslərində sürətli azalmalar müşahidə olunub ki, bu da iqtisadi böhranın qaçılmaz olmasıyla bağlı işarələr ortaya çıxarıb. İqtisadçının fikrincə, ABŞ iqtisadiyyatında ciddi sıxıntıları yaradacaq başqa bir məqam isə uzunmüddətli iqtisadi artımın qeydə alınması olub: "Belə ki, dünyanın digər yerlərində zəifləmə, geriləmə müşahidə edildiyi bir zamanda ABŞ iqtisadiyyatında 9 ildir artım müşahidə olunur. Daha bir vacib faktor Tramp administrasiyasının ziddiyətli iqtisadi siyasətidir. ABŞ-ın strategiyası ona yönəlib ki, nə AB, nə Çin, nə də başqa bir ölkə ABŞ-ın uzunmüddətli hədəflərini proqnozlaşdıra bilsin.
Yeni yaranacaq böhran əvvəlkilərə bənzəməyəcəjk. ABŞ-da və dünyada baş verənlər iqtisadi idarəetmədə yeni məntiqi və yeni qətiyyətli dönüşü nümayiş etdirir. Trampın siyasəti dünyanın əksər hüquqi institutuları, o cümlədən Ümumdünya Ticarət Təşkilatına təsir edib. Bu təşkilat artıq bütün mübahisələr və problemləri həll etmək gücündə deyil. Yeni böhran yeni dövrün başlanğıcı olacaq. Belə ki, hazırda kollektiv olaraq hazırlanan üsullarla təşkil edilən dünya iqtisadiyyatında beynəlxalq tənzimləmənin yerini çoxlu sayda suveren iqtisadi siyasət əvəzləyəcək. Bu gün yaranan dünya nizamı artıq hüquqa yox, gücə söykənir və hər ölkəni öz maraqları çərçivəsində iqtisadi vasitələrdən istifadəyə məcbur edir. Bu keçid o deməkdir ki, siyasət yenidən gücə malik olur və özbaşına hərəkət etmək qabiliyyətinə yiyələnir".