“Ermənistan ordusunda insan haqlarının vəziyyəti faciəlidir“ Dünya

“Ermənistan ordusunda insan haqlarının vəziyyəti faciəlidir“

"63 ölüm hadisəsi çox böyük rəqəmdir və onlar yersiz olaraq bu ölüm hadisələrini hərbi xidmətlə əlaqəsi olan və olmayan deyə iki yerə ayırırlar. Bu ifadələrlə onlar yalnız özlərini xilas etməyə çalışırlar. Ordu biabırçı vəziyyətdədir".
Ermənistan Silahlı Qüvvələrində və işğal altında olan Qarabağdakı qanunsuz bölmələrdə 2018-ci il ərzində 63 hərbi qulluqçunun ölüm faktı qeydə alınıb. Bunlardan 27 nəfər müddətli xidmət hərbi qulluqçu, 23 nəfər müqaviləli hərbi qulluqçu, 2 nəfər gizir və 11 nəfər zabitdir. 63 ölüm faktından 38 ölüm hadisəsi hərbi xidmətlə bağlı, 25 hal isə hərbi xidmətlə bağlı olmayan şəraitdə baş verib.
Hərbi xidmət keçmə ilə bağlı ölüm hadisələrinin səbəbləri belədir:
- 7 hərbi qulluqçu atəşkəs pozulması nəticəsində;
- 11 hərbi qulluqçu intihar və ya intihar həddinə çatdırma;
- 2 nəfər hərbi qulluqçu silahdan istifadə qaydalarını pozmasına görə;
- 3 nəfər xəstəlikdən;
- 1 nəfər mina partlayışından;
- 1 nəfər öldürmə;
- 3 nəfər bədbəxt hadisə;
- 6 nəfər xidmətlə bağlı avtoqəza;
- 2 nəfər döyüş növbətçiliyinin aparılması qaydalarının pozulması;
- 2 nəfər uçuş və ya uçuşqabağı hazırlıq qaydalarının pozulması.
Hərbi xidmət keçmə ilə bağlı olmayan 25 ölüm hadisəsinin səbəbləri:
- 11 nəfər xidmətlə bağlı olmayan avtoqəza;
- 10 nəfər xəstəlik;
- 5 nəfər bədbəxt hadisə.
Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə Ermənistan Silahlı Qüvvələrində və işğal altında olan Qarabağ ərazisində yerləşən qanunsuz bölmələrdə 76 hərbi qulluqçunun ölüm faktı qeydə alınıb. Bunlardan 56 hərbi qulluqçu hərbi xidmətlə bağlı, 20 nəfər isə hərbi xidmətlə bağlı olmayan şəraitdə ölüb. 2017-ci illə müqayisədə 5 nəfər olmaqla 20% hərbi xidmətlə bağlı olmayan ölüm hadisələri artıb.
2017-ci ildə Ermənistan Silahlı Qüvvələrində və işğal altında olan Qarabağda yerləşən qanunsuz bölmələrdə hərbi xidmətlə əlaqəli olan 56 ölüm hadisəsi qeydə alınıb. Bu hadisələrin səbəbləri belədir:
- 23 nəfər atəşkəsin pozulması nəticəsində;
- 10 nəfər intihar və intihar həddinə çatdırma nəticəsində;
- 4 nəfər silahdan istifadə qaydalarını pozması nəticəsində;
- 4 nəfər xəstəlikdən;
- 4 nəfər mina partlayışından;
- 3 nəfər öldürmə nəticəsində;
- 4 nəfər bədbəxt hadisə nəticəsində;
- 4 nəfər xidmətlə bağlı avtoqəza nəticəsində.
2017-ci il ərzində hərbi xidmətlə əlaqəsi olmayan 20 ölüm hadisəsinin səbəbi belədir:
- 1 nəfər öldürmə nəticəsində;
- 5 nəfər xidmətlə bağlı olmayan avtoqəzalardan;
- 12 nəfər xətəlikdən;
- 2 nəfər bədbəxt hadisələr nəticəsində.
2017-ci illə müqayisədə 2018-ci ildə 3 dəfədən artıq atəşkəsin pozulması nəticəsində baş verən ölüm hadisələri azalıb.
Ermənistan ordusunun problemləri ilə məşğul olan hüquq müdafiəçisi Janna Aleksanyan təqdim edilmiş statistikada hər hansı bir müsbət hal görmədiyini qeyd edib.
Onun sözlərinə görə bu kiçik azalmanı müsbət hesab etmək olmaz.
"Onlar qəza hadisələrini hərbi xidmətlə əlaqəsi olmayan hesab edərək, ölüm hadisələrini süni olaraq azaldıblar. Ancaq baş verən bu ölüm hadisələri Müdafiə Nazirliyinin nasaz avtomobillərinin nəticəsidir", - deyə Aleksanyan bildirib.
O, Ermənistan ordusunda insan haqlarının vəziyyətinin dəhşətli və faciəli olduğunu qeyd edib: "63 ölüm hadisəsi çox böyük rəqəmdir və onlar yersiz olaraq bu ölüm hadisələrini hərbi xidmətlə əlaqəsi olan və olmayan deyə iki yerə ayırırlar. Bu ifadələrlə onlar yalnız özlərini xilas etməyə çalışırlar. Ordu biabırçı vəziyyətdədir. Cəzasızlıq hökm sürür. Mən şəxsən əsgərə atəş açıldığını və indi azadlıqlarda olduqlarına dair iki fakt bilirəm. Orduda nəzarət zəifləyib".
Hüquq müdafiəçisinin sözlərinə görə, hətta yeni nazirin təyin olunması da vəziyyəti dəyişməyib və baş verən dəyişiklik yalnız nazirdən ibarət olub.
"Orduda başqa dəyişiklik baş verməyib. Nazir məktublara, şikayətlərə cavab vermir. İndi isə orduda baş verən ölüm hadisələrini ordu ilə əlaqələndirməməyə çalışırlar. Ordunun elitası bax bununla məşğuldur", - deyə Aleksanyan əlavə edib.
O bildirib ki, əgər növbəti il də eyni statistikanın olmamasını istəyirsinizsə və bunu bir öncəki illə müqayisə etmək istəmirsinizsə, o zaman nəzarəti gücləndirmək, cəzasızlığı aradan qaldırmaq vacibdir.
"İstintaq orqanları ilə birgə ölüm hadisələrini ört-basdır etməkdən yayınmaq lazımdır. Lakin bu gün ordu rəhbərliyində belə bir iradə nümayiş etdirən yoxdur. Keçən il ərzində 63 ölüm hadisəsi qeydə alındı. Bu ildə həmin rəqəmi sıfıra endirərək, birdən başlamaqla saymağa başlayacaqlar. Lakin bu illər ərzində ölüm hadisələri cəmlənərsə, bu zaman dəhşətli təsvir ortaya çıxar. O zaman məlum olacaq ki, orduda mövcud anarxiya ucbatından nə qədər gənc oğlan itirmişik" - deyə Aleksanyan fikirlərini yekunlaşdırıb.
Digər bir erməni hüquq müdafiəçisi Artur Sakuntsun rəhbərlik etdiyi Helsinki Assambleyasının Vanadzor ofisi də eyni qaydada orduda baş verən hadisə və ölüm faktlarının araşdırılması ilə məşğul olur.
Sakunts, erməni KİV-lərinə verdiyi müsahibəsində qeyd edib ki, onun rəhbərlik etdiyi ofis hələlik məlumatların təhlili ilə məşğuldur və onlar həftə sonuna hazır olacaq.
O qeyd edib ki, onların əldə etdiyi ilkin məlumat prokurorluğun yaydığı məlumatdan fərqlənir.