Dünya nüvə müharibəsinin astanasında Dünya

Dünya nüvə müharibəsinin astanasında

Pakistan ordusu Hindistanın şimalındakı yaşayış məntəqələrini atəşə məruz qoyub. Bu məlumatı "Asian Nyus İnternəşnl" saytı yayıb. Məlumata görə, Pakistan hərbçiləri Punç adlanan ərazini atəşə tutub. Hələlik insident nəticəsində tələfatın olub-olmadığı bilinmir.
Qeyd edək ki, Hindistan və Pakistan arasında münasibətlər Cammu və Kəşmir ştatında Hindistan hərbçilərinə qarşı törədilən teraktdan sonra kəskinləşib. Bu teraktın ardınca Hindistan Pakistandakı terror təşkilatının təlim düşərgəsinə zərbə endirib. Bundan sonra Pakistan 2 Hindistan təyyarəsini vurub, Dehli isə İslamabada aid bir qırıcını məhv edib.
Politoloq Natiq Miri deyib ki, Hindistan və Pakistan arasındakı gərginlik təhlükəli hal alır. Uzun illərdir bu iki ölkə arasında hərbi-siyasi gərginlik baş verir. Nəzərə alsaq ki, hər iki ölkə böyük hərbi potensiala və nüvə arsenalına malikdir, baş verəcək müharibə həm bütün dünya üçün ciddi təhlükə vəd edir.
Onun sözlərinə görə, iki ölkə arasında baş verən son prosesdə xristian ölkələrinin Hindistanı dəstəkləməsi, vəziyyəti bir qədər də mürəkkəbləşdirə bilər: "Əslində bu, doğru mövqe deyil. Çünki hər iki tərəf bu məsələdə məsuliyyət daşıyır. Ona görə ki, Pakistan sərhədlərini ilk pozan tərəf Hindistandır. Hindistanın döyüş təyyarələri Pakistanın hava məkanını pozaraq, "Ceyş ül-İslam" qruplaşmasının mövqelərini bombalayıb. Pakistanın iddiasına görə, bu hücum nəticəsində onlarla insan həlak olub. Əlbəttə, bu, Pakistanın əsəblərini tarıma çəkən bir hadisədir və cavab da özünü o qədər gözlətmədi. Məlumdur ki, Pakistan qırıcıları da Hindistanın hava məkanını pozaraq, Kəşmir ərazilərinə daxil olub. Amma burada da Hindistan önləyici tədbirlər görərək bu hücumun qarşısını aldı. Lakin Pakistan iki Hindistan qırıcısını vuraraq məhv edə bildi. Bundan sonra Hindistanın bir Pakistan təyyarəsini vurması barədə hind mediasında məlumat yayıldı.
Bu hadisələr iki ölkə arasındakı münaqişənin qızışması mənasına gəlir. Bu fonda da xristian ölkələrinin prosesə birtərəfli yanaşması, münaqişəni tətikləməyə xidmət edir. Amma xristian dövlətlərindən, o cümlədən ABŞ-dan fərqli olaraq, Türkiyə çağırış edərək, hər iki ölkə arasında vasitəçilik etməyə hazır olduğunu bəyan etdi. Amma ABŞ və Fransa birmənalı olaraq, Hindistanın yanında olduğunu nümayiş etdirir. Halbuki ABŞ-ın girdiyi Əfqanıstan "bataqlığından" çıxmasına və Talibanla danışıqlara getməsinə yardım edən yeganə ölkə Pakistandır. Amma təəssüf ki, Pakistanın bu məsələdə durduğu strateji mövqeyi unudulur. Pakistan müsəlman ölkəsi olduğu üçün xristian dünyası Hindistana dəstək verir. Xristian ölkələr bununla bir daha müsəlman dövlətlərinə nə qədər qərəzli yanaşdıqlarını ortaya qoydular".
Natiq Miri gərginliyin iki ölkə arasında nüvə müharibəsinə gətirib çıxaracağını düşünmədiyini bildirib: "Nəzərə alsaq ki, hər iki ölkə böyük hərbi potensiala və nüvə arsenalına malikdir, bu o deməkdir ki, gərginlik qorxunc bir müharibəyə çevrilə bilər. Bunun nəticələri isə Hindistan və Pakistanla yanaşı, bütövlükdə dünya üçün ağır olacaq. Buna görə də düşünürəm ki, Türkiyə kimi ölkələrin vasitəçiliyi ilə hər iki ölkə yaxın zamanda sülh masası ətrafında əyləşə. Əks halda, bunun ağır nəticələrini gözə almaq lazım gələcək. Müsəlman ölkələrinin də bu prosesə cəlb olunacağı ehtimalını nəzərə alsaq, dünya qütbləşmədən sürətlə bu məsələyə həll axtarmağa çalışacaqlar".