“Moskvaya alternativ axtarışı İrəvana baha başa gələ bilər” Dünya

“Moskvaya alternativ axtarışı İrəvana baha başa gələ bilər”

"Ermənistanın İranla danışıqlara başlaması Rusiyanın qazın qiyməti ilə bağlı kəskin artıma getməsinin qarşısını almaq məqsədi daşıyır".
Bu sözləri Ermənistanla İran arasında qaz alışına dair danışıqları şərh edən iqtisadçı Natiq Cəfərli deyib. Ekspert sözügedən danışıqları Rusiyanın İrəvana satdığı qazın qiymətinin artırılmasına əks addım kimi qiymətləndirib:
"Əslində, İranla Ermənistan arasında Mehridən keçməklə qaz kəməri çoxdan mövcuddur. Ancaq Ermənistan İrandan çox az - təqribən 300 milyon kubmetr həcmində qaz alırdı. Bu, Ermənistanın tələbatının təqribən 15-20 faizini təşkil edir. Ona görə də bu kəmərlə yenidən daha çox qaz almaq arzusu və bununla bağlı İranla danışıqların aparılması İrəvanın alternativlərin mövcudluğu ilə bağlı Moskvaya bir mesajıdır. Çünki həmin qaz kəmərinin buraxılış gücü təqribən 1 milyard kubmetrdir. Ermənistanın illik qaz tələbatı isə təqribən 1,4-1,6 milyard kubmetr arasında dəyişir. Bu baxımdan da Ermənistanın İranla danışıqlara başlaması Rusiyanın qazın qiyməti ilə bağlı kəskin artıma getməsinin qarşısını almaq məqsədi daşıyır".
İqtisadçı bildirib ki, rus qazının Ermənistan bazarından tamamilə kənarlaşdırılması indiki halda mümkünsüzdür:
"Rusiyanın əlində Ermənistana təzyiq etmək üçün böyük imkanları var. Çünki Rusiya təkcə Ermənistana qaz satmır, həm də qaz paylayıcı şirkətdə də böyük paya sahibdir. "Qazprom" Ermənistanda ən böyük payçılardan biridir. Ona görə də Rusiyanın təkcə ölkəyə yox, əhaliyə də qaz satmaq imkanları var. Bu mənada Rusiya nəinki Ermənistana təzyiqləri artıra, həm də qaz müqaviləsi ilə bağlı İrəvanın reaksiyanı da neytrallaşdıra bilər. Moskvanın bundan hansı səviyyəyə qədər istifadə edəcəyini indidən söyləmək çətin olsa da, qaz məsələsi Rusiya ilə Ermənistan arasında kompleks danışıqların tərkib hissəsi kimi yenidən gündəmə gələcək".
Qeyd edək ki, Ermənistan Energetika nazirinin müavini Qaregin Baqramyan İrandan Rusiyaya nisbətdə daha ucuz qaz almağın mümkün olduğunu bildirib. O, İrandan qaz alışının Rusiya ilə heç bir siyasi problem yaratmayacağını deyib.