Demokratlar Trampa qarşı Dünya

Demokratlar Trampa qarşı

ABŞ-da gələn il prezident seçkiləri gərgin keçəcək

ABŞ-da 2020-ci il prezident seçkiləri üçün namizədlərin qeydiyyatı davam edir. İyunun 18-də Tramp öz namizədliyini Respublikaçılar partiyasından rəsmən irəli sürəcək. 2020-ci il seçkilərində Tramp əks cəbhədən, Joe Bayden, Beto Orurk, Kamala Harris, Tulsi Gabbard, Uoren Baffet, Berni Sanderslə mübarizə aparacaq. Demokrat cəbhədən Bayden, Sanders və Orurk ən çox ianə toplayanlardı. Xüsusilə Oruruk namizədliyini elan etdikdən bir gün sonra 6,1 mln dollar ianə toplayıb.

Qəzetimizə açıqlama verən ekspert Kamran Sultanlı bildirib ki, Orurk həmçinin Respublikaçıların qalası olan Texas ştatında ən çox səs toplayaraq özündən söz etdirə bilib. Bayden, Obama administrasiyası dövründə vitse-prezident postunu tuturdu. Bayden qocaman demokrat namizəd olaraq, Trampla mübarizədə iddialıdır. O həmçinin Trampın seçici kütləsini təşkil edən ağ supermarsistlərin qatı əleyhdarıdır. Lakin Obama dövrünün ən böyük tənqidçisi olan Tramp, bu dəfə eyni siyasi taktikanı, Baydenə qarşıda istifadə edəcək. Prokuror Müllerin hesabatında Trampın Rusiya ilə əlaqələrinin sübuta yetiririlməməsi onun üçün müsbət dividentə çevriləcək: “Trampın ilk dəfə prezident seçilməsinin əsas səbəbləri, ağ millətçilərin, ultramühafizəkar kəsimin amerikan milli identikliyinin aşınmasından duyduqları təhlükələr, həmçinin ABŞ-ın "Potsdam" konfransında formalaşdırdığı sistemin artıq effektsizliyi, ABŞ imperalizminin aləti kimi görülən neoliberal siyasi sistemin artıq əvvəlki qədər, Amerikanın qlobal gücünü təmin etməməsi, ABŞ-ın qlobal liderliyində qarşısına çıxan maneələr, həmçinin superdövlət kimi mövqeyinin zəifləməsi, kapitalın böyük qisminin Çinə transformasiyası, Pekinin ABŞ qlobal hegemonluğuna təhdid olması, sürətlə özünün iqtisadi-infrastruktur ekspansiyasını genişləndirməsi, ABŞ-la ticarət edən dövlətlərin ticarət dövriyyəsində daha çox qazanmaları və qlobalist amerikalıların Çin və digər iqtisadi mərkəzlərə daha çox müsbət divident vermələri səbəb oldu. Amerikada bəzi lobbi qruplarını hərəkətə keçdi”.

Ekspertin qənaətincə, bu qruplar arasında etnik lobbilərdən yəhudi lobbisi, digər sosial-maliyyə lobbiləri və Amerikanın düşünən beyinlərinin xüsusi təsiri və vaxtında ayılmaları oldu. Əks təqdirdə ABŞ regional lider statusuna enə bilərdi. Çünki qlobal ABŞ açıq bazar, sərbəst ticarət, kompromis siyasəti ilə Çin, Meksika və Avropa dövlətlərinə daha çox qazandırırdı: “ABŞ-ın ixracı 1,5 trln dollar olduğu halda, idxalı 2,2 trln dollar idi. Yəni hər kəs Amerikaya daha çox satırdı. Ticari kəsir artıq 1 trln dollara yaxınlaşır. Tramp bu kəsiri aradan qaldıracağını birinci kompaniya dövründə söz versə də, hələlik bunu həyata keçirmək mümkün olmayıb. Almaniya ABŞ-dan 100 mld dollar az ixrac etsə də, müsbət saldo 300 mld dollara yaxındır. ABŞ-la ticarət dövriyyəsində Almaniya təxminən 65 mld dollara qədər artıq qazanır. Üstəlik ABŞ, Avropa dövlətlərinin təhlükəsizliyinə daha çox xərcləyir. Bütün bunlar Amerikanın beyin mərkəzlərini hərəkərə keçirdi”.

K.Sultanlı qeyd edib ki, hazırda ABŞ yeni dünya siyasi düzənini formalaşdırır, bu siyasi düzənin formalaşması üçün, amerikalılar xüsusilə, bu siyasi strategiyaya maraqlı olan qüvvələr Trampı yenidən prezident seçdirməyə çalışacaqlar. Tramp artıq Liberal konsepsiyaya uyğun olmayaraq proteksionist siyasət yürüdür. Misal üçün, o, ÜTT-dən çıxmağa çalışır. Baxmayaraq ki, Amerika özü dünya ticarət sistemini yaradıb, lakin artıq Amerikaya bu sistemin oyun qaydaları sərf etmir. Çünki Şimali Afrikadan, orta Asiyaya qədər böyük ac bazar var ki, bunları ələ keçirmək uğrunda mübarizə gedir. Burada isə oyun qaydaları əlavə maneədir. Bu yeni sistemin oturuşması üçün Trampa lazımdır: “Trampın prezident seçilməsi üçün daxildə apardığı siyasətin xüsusi təsirinin olacağını düşünürəm. Son aparılan sorğulara əsasən Trampın reytinqləri 48%-ə qalxıb. Bu son 2 ilin rekordudur. Tramp xarici siyasətdə ciddi tənqid edilsə də, daxili siyasətdə kifayət qədər uğurları onun şanslarını artırır. Bir sıra inkişaf indikatorlarını qeyd etməkdə fayda var. ABŞ-da Tramp dövründə isşizlik 3,9% olmaqla 1969-cu ildən bu tərəfə tarixin minimumunu təşkil edir. ABŞ Qərb dövlətləri arasında 4% intervalından aşağı işsizliyə malik olmaqla, ən aşağı işsizlik göstəricisinə malikdir. ABŞ-da hər ay olmaqla ortak aylıq əmək haqqı artmaqdadır. Aprel-may ayı ərzində 265 min yeni iş yeri açılıb. Trampın hakimiyyətə gəlişindən bu yana, iş yerlərinin sayı artmaqdadır. ABŞ-da saatlıq maaşın həcmi 3-3,2 % artıb. ABŞ saatına 15 dollar həcmində maaş təminatı ilə bağlı bir-sıra irəliləyişlər var. Əmlak bazarında 25% həcmində müsbətə doğru artım var. Trampın apardığı vergi reformları tarixin ən böyük vergi islahatıdır. O 1,2 trln dollarlıq vergi qanunu qəbul etməklə, bir-çox daxili analitiklərin rəyinə əsasən, reytinqlərinin artımına səbəb olub. Amerikalıların 56%-dən çoxu Trampın iqtisadi idarəciliyini bəyənir. Bu onun üçün əla xəbərlərdir. Lakin Trampın siyasətində mənfi amillər də var. Xüsusilə Amerika liderinin diskriminativ, daha mühafizəkar siyasəti daxildə isşizlər arasında qaradərililərlə ağdərilər arasında paritetsizlik, onun üçün mənfi xəbərlər hesab edilə bilər. Lakin ümumən Trampın prezident seçilmək şanslarını yüksək qiymətləndirirəm. Təbii ki, demokratlar ona qarşı bütün vasitələrdən istifadə edəcəklər. Amma onun daxili siyasəti əlini gücləndirən amildi”.