Şərqin “barıt çəlləyi” kimin nəzarətindədir? Dünya

Şərqin “barıt çəlləyi” kimin nəzarətindədir?

Cavid

Yaxın və Orta Şərq hələ də çalxalanmaqdadır. İraq, İsrail, Fələstin, Suriya, Əfqanıstan, İranın özü və hətta Türkiyənin özündə belə rahatlıq yoxdur. İraqda İŞİD, Fələstində İsrail, Suriyada Əsəd, Əfqanıstanda Taliban, Türkiyədə Gülən camaatı, PKK, İranda isə Qərb təhlükəsi küləyi hələ də əsməkdədir. Amma bu küləklərin ara verməməsi bir qədər şübhələr yaratdığından, bu kimi hadisələrin davamında kənar qüvvələrin, dövlətlərin əlinin olduğu istisna edilmir.
Fəlsəfə doktoru Rəşad İlyasovun fikrincə, məhz Yaxın və Orta şərqi, xüsusilə "Ərəb Baharı" adı altında baş verən hadisələri lokal və qlobal aspektlərdən təhlil etmək vacibdir. Belə ki, bu regionun özünə məxsusluğunu, buradakı ərəb qəbilələrinin və ya hakimiyyətdə təmsil olunan tayfaların daxili dinamikasını, onların xarici qüvvələrlə olan münasibətlərini dəqiq bilmədən ciddi analizlər etmək mümkün deyil. Digər tərəfdən isə bu hadisələrin modern dövlət anlayışı və müxtəlif kimlikləri bir yerdə mühafizə etmə proyekti ilə birbaşa əlaqəsi vardır: "Məhz müasir dövrdə regional millətçilik tərəfindən modern dövlətlərə qarşı etirazların yüksəlməsi, modernizmin siyasi krizini də meydana gətirib. Belə ki, regionda artan etnik və millərçilik anlayışları eyni zamanda regionda baş verən hadisələrə də özünəməxsus şəkildə təsir göstərir. Bu mənada "Ərəb Baharı" adlandırılan proses artıq yeni mahiyət qazanaraq özünəməxsus hərəkət istiqamətlərinin yaranmasına səbəb olub. Xüsusilə regionda baş verən hadisələrin arxa planında fərqli və yeni tarix anlayışları yatır. Təsadüfi deyildir ki, məşhur siyasət fəlsəfəsi Lev Strausdan sonra Fransa Akademiyasındakı kürsünün sədirliyinə seçilən əslən Livanlı olan Amin Malof Qərbin, tarixin müəyyən kəsiyində dünyanı ələ keçirdiyini və tarix anlayışını da özünə aid dəyərlər kontekstində şəkilləndirdiyini ifadə etməsi qeyd olunan həqiqətə işarə edir. Ancaq hazırda isə Qərb mərkəzli tarix anlayışından fərqli olaraq region ölkələrinin tarixə dair müxtəlif baxış tərzləri mövcuddur. Nəticədə artıq sadəcə Qərb mərkəzli tarix anlayışı tərk edilməyə başlanır. Bu mənada Amin Malofa görə region ölkələrindən hər biri müxtəlif etnik kimliklərə mənsub olaraq onları öz daxilində mühafizə etməlidir. Yeri gəlmişkən İsrail xarici işlər naziri Libermanın ABŞ-da iştirak etdiyi bir toplantıda "Əvvəlcə, Hz. Musanı Yəhudiləri Orta Şərqə gətirdiyi üçün tənqid edirəm. Niyə Hollandiya, Belçika və s. ərazilərə getmədik. Regionumuzda bir çox problem var" deməsi eyni zamanda mövcud tarix anlayışları ilə birbaşa bağlıdır. Məhz bəzi siyasi ekspertlərə görə Ərəb dövlətləri ilə əhatə olunmuş İsrail dövləti hər zaman təhlükəsizlik prblemi ilə qarşı-qarşıya qalacaqdır. Nəticədə Libermanın da ifadələri bunu təsdiqləməkdədir. Digər tərəfdən regiondakı neft və qaz ehtiyatları, dünya siyasətinə təsir edən nüfuzlu dövlətlərin regiona dair siyasi və iqtisadi maraqları da region ölkələrinin daxili və xarici siyasətini şəkilləndirməkdədir. Bu mənada regionda sülhün bərqarar olması və demokratik prinsiplər ilə region ölkələrinin idarə olunması iqtisadi, siyasi və tarixi amillərdən asılıdır. Məhz bu amillərin düzgün olaraq qiymətləndirilməsi, regionun "barıt çəlləyi" olma statusunu müsbət istiqamətdə dəyişdirəcəkdir.
Politoloq Zamin Axundovun fikrincə isə artıq yeni dünya sistemində Avropa mərkəzli strteji bölgülərin Şərq istiqamətinə cəhdi, "Şərqə Doğru Cəhd" qlobal münaqişələrə səbəb olmaqdadır. Əgər İraq və Suriyada baş verən prosesləri coğrafi siyasət konteksində təhlil etsək o zaman Antantanın məğlub obrazında, Versal-Vaşinqton sisteminin məhz Brüsel-Vaşinqton sistemi ilə necə əvəz edildiyini anlamaq olar: "İngiltərənin xarici siyasəti praqmatizmə əsalanır. Real vəziyyətin dəqiq şəkildə öyrənilməsi və maksimum fərdi milli niyyətin coğrafi siyasi prosesə əlavə olunması məhz ingilis siyasətinin milli ənənəsidir. Məsələyə bu kontekstdən yanaşsaq aydın olacaq ki, İraqda və Suriyada baş verən proseslərin arxasında daha böyük qüvvələrin, əsasən də Biritaniyanın əli var. Və burda əsas məsələ Yeni -Yaxın Şərq proyektinin həyata keçirilməsidir. Bunun üçün ilk olaraq bölgənin dinamiklərini və strateji mövqelərdə real hərbi gücü əlində saxlayan dövlətləri daxildən dagıtmaq və onları tamamən asılı vəziyyətə gətirmək strategiya kimi düşünülmüşdür. Antantanın ikinci mərhələsi kimi nəzərdən keçirilən bu plana görə İraq, İran, Türkiyə, Suriya və nisbətən Cənubi Qafqazda yeni geosiysi vəziyyət yaradılmalıdır. Lakin məsələ burasındadır ki, həm Avropda həm də müasir dünyada Biritaniyanın mövqeyi 19-əsrlə müqayisədə çox zəifdir. Hətta demək lazımdır ki, indi Avropanın əsl sahibi qismində Almaniya nəzərdən keçirilir. Lakin Böyük Biritaniya pərdə arxasında Vaşinqtonun strateji maraqlarına yön verir və onun strateji ağlını öz milli marqları fonunda hərəkətə gətirməklə tarixi oyununu oynaya bilir".
Politoloqun sözlərinə görə, ümumi planda Böyük Biritaniya tarixi şərait baxımından Yaxın Şərqdə nəzəriyyəçi konseptoloq kimi çıxış edir. Əgər Londonun iştirak etmədiyi hər hansı bir sabitlik konsepsiysı proseslərə əlavə olunsa belə bu amil regional risklərə pozitiv təsir etməyəcək: "Nəhayət, Antantanın tarixi planına əsasən İran, İraq, Türkiyə və Suriyanın sərhədləri müstəvisində yaşayan kürdlərə dövlət qurmaq imkanı yaradılmalı, Türkiyə bir neçə istiqamətdə parçalanmalı, lazlar və digər etnik qrupların, hətta ələvilərin Türkiyə ərazisində şiə dövləti qurmasına belə təkan verilməlidir. Eyni proses İran və Suriya daxilində də baş verməlidir, burda da müxtəlif etnik qrupların milli dövləti olmalıdır. Bu strategiya 20-ci əsrin böyük geosiyasi planı idi. Göründüyü kimi bütün bunlar yeni strategiya - ideya deyil. Antanta bloku əgər Türkiyə Cümhuriyyəti tərəfindən darmadağın edilməsəydi, yəqin ki, yuxarıda qeyd olunan strateji bölgü, Anadolu, Qafqaz və İran da daxil olmaqla böyük bir regionda həyata keçirilmiş olacaqdı. Deməli regional münaqişələrin, İraqda və Suriyada baş verən məzhəb savaşının arxasında Avropa dövlətləri var və Qərb burda kifayət qədər günahkardır. Eyni zamanda ərəb islam fundamentalizmi, və ərəb sosial ictimai quruluşu Qərb strateqləri üçün əla vasitədir. Qərblilər hətta belə düşünür ki, əgər ərəblər və onların sosial ictimai quruluşu bu tip qeyri-arxaik nizama malik olmasa idi, indi türklər bütün Şərqin ağası idi. İraqda və Suriyada baş verən proseslərin arxasında təkcə qərb dövlətləri günahkar qismində nəzərdən keçirilmir, eyni zamanda işin içində region dövlətlərinin də olduğu ehtimal olunur. Türkiyə və İran kimi orta səviyyəli geosiyasi mərkəzlər, regional proseslərdən geostrateji dividentlər əldə etməyə can atır. Bunun heç bir məntiqi izahı yoxdur. Çünki həm İran, həm də Türkiyə proseslərə dəstək verməklə münaqişənin daxilinə sürüklənir və bəzəndə geostrateji vərdişlərini itirirlər. Deməli prosesə daha çox real politik maraqlar və strateji hədəflərə doğru prinsipal mübrizə konteksində yanşılmalıdır. Hələlik etiraf edək ki, bu hiss edilmir. Digər tərəfdən Avropada reinteqrasiya proseslərinə zəmin yaradan amillərin olduğunu nəzərə alsaq onda Yaxın Şərqin taleyinin tam müəyyən olunmadığını demək olar".
Politoloqun qənaətincə, xüsusilə Fransanın, Almaniyanın və Böyük Biritaniyanın birlik daxlində nüfuz savaşı, birliyin strateji rollarını ifa etmək həvəsi, prosesual olaraq dediklərimizi təsdiq edir. Avropa siyasi baxımdan reinteqrasiyaya meyilli olsa da onun əsas bağlayıcı formulu iqtisadi amillərlə bağlıdır: "Yəni Avropa ölkələrinin siyasi birliyi zəifdir və onu stimullaşdıran iqtisadi sabitlik hissidir. Bütün bunları nəzərə alsaq demək lazımdır ki, Avropada, Fransa və Almaniyanın Yaxın Şərq siyasətinə baxışı Böyük Biritaniyanın strateji planları ilə üst-üstə düşmür. Məsələn, Suriya məsələsində Almaniyanın mövqeyi rasionaldır. Lakin Fransanın mövqeyi nisbətən Biritaniyanın mövqeyinə yaxın olsa da Biritaniyanın ehtirasları qarşıda Fransanın daxilən rahatsızlq keçirdiyini müəyyən etmək olar. Fransa prezidenti Oland qeyd edib ki, onun ölkəsi Yaxın Şərqdə sabitliyi Rusiya ilə birgə qaydaya salmağın vacibliyini bəzən hiss edir. Bu diplomatik jestin arxasında Avropa cizgisi dayanır. Digər tərəfdən Avropada İspaniya və Yunanıstanda baş verən iqtisadi böhranı aradan qaldırmaq məsələsində Birlik olklələrinin Almaniyanı yükləməsi, iqtisadi reinteqrasiya proseslərinə zəmin yaradır. Almaniya iqtisadi imkanlarını Avropanın iqtisadi tənəzzülünə qurban vermək istəmir. Angel Merkel: "Avropa İqtisadi ailəsi onun siyasi maraqlarını nə qədər müdafiə edə bilər ki, biz Almaniya olaraq Avropada özümüzü rahat hiss edək. Almaniya iqtisadiyatı siyasi təsir gücünə malik olmamalıdır" tezisi isə, ümumiyyətlə Almaniyaya qarşı hörmətsizlikdir. Bu təxminən həm də almaniyalı strateqlərin tez-tez səsləndirdiyi fikirdir. Bütün hallarda Avropa ölkələrində Yaxın Şərq siyasətinə yanaşmada fərdi milli mövqelər önə çıxır və bu kifayət qədər ciddi amildir. Almaniyanın yumşaq güc istilası və iqtisadi rayonlar yaratamaq cəhdi , (xüsusilə Yaxın Şərq və Cənubi Qafqaz regionlarında ) Avropada rahatsızlıq mənbəyidir. Hətta Almaniya İranla münasibətlərə, maksimum sabitlik konteksində yanaşır, bu istiqamətdə əməkdaşlığa açıq olduğunu ehtiva edir. Bütün bunlar nəzərə alındıqda yenidən Yaxın Şərq ölkələrinə və burda baş verən proseslərə baxaq. Məlum olur ki, Yaxın Şərqdə İran və Türkiyənin strateji birliyi və gələcəkdə də bu istiqamətdə regional sabitliyin qorunmasında əməkdaşlıgın genişləndirilməsi, lokal prosesləri söndürə bilər. Bu zaman ehtimal etmək olar ki, elə bu iki ölkənin təsirləri nəticəsində İraq və Suriyada baş verən münaqişələri durdurmaq və ya qismən nəzrət altına almaq mümkündür. Bizə görə Suriyada və İraqda münaqişəni sabitləşdirə biləcək aktorlar Qərb ölkələridir. Burda xüsusilə ABŞ-ın mövqeyi keçmişdə olduğu kimi indi də güclüdür. Lakin Amerika üçün iki seçim var. Ya bölgədəki dinamikləri yenidən formalaşdırmaq- bunun üçün hər halda ABŞ bölgə ölkələrinin tamamilə münaqişəyə əlavə olunmasını arzulaya bilər, ya da təcili olaraq müdaxilə edib münaqişənin regionlaşmasının qarşısını almalıdır. Bir anlıq təsəvvür edək ki, İran, İraq, Suriya və Türkiyə ilə paralel digər ərəb dövlətləri regional münaqişənin içindədir və qarşılıqlı mübarizə aparırlar. Bu yuxarıda qeyd etdiyimiz faktorun, NATO-nun və ya Qərb dövlətlərinin müdaxiləsi üçün əla tarixi şərait ola bilərdi. Bu həm də yalnız tragediya ola bilər! Sonunda qeyd etmək lazımdır ki, nikbin olmaq və tamamilə nikbin olmamaq müstəvisində heç bir ciddi strateji sənədə malik deyilik. Lakin Avropa ölkələrinin həyata keçirdiyi siyasət Yaxın Şərqdə baş verən proseslərə ciddi təsir edir. Avropa dövlətlərinin ayrı-ayrılıqda fərdi milli niyyəti onların prosesə lokal təsirini heçə endirir. Bu hər iki halda həm müsbət, həm də mənfi amildir. Bütün halarda Avropada Yaxın Şərq siyasətinə münasibətdə güclü qeyri-müəyyənliklər var. Proseslərin xarakterini isə analiz etmək həqiqətən çox çətindir".