Ermənilər Ermənistanı tərk edir Dünya

Ermənilər Ermənistanı tərk edir

Hər il işğalçı və kasıb ölkədan 10 min insan gedir

Cavid

2014-cü ilin 1 iyul tarixinə Ermənistan əhalisinin rəsmi sayı 3 milyon 9 min 800 nəfər təşkil edib. Bu barədə düşmən ölkənin Milli Statistika Xidməti bildirib. Məlumata görə, bu ölkənin şəhər əhalisi 1,9 milyon nəfər təşkil edib ki, onların da 1 milyon 69 mini İrəvanda qeydiyyatdadır. Kəndlərdə qeydiyyatda olan əhalinin sayı isə 1,09 milyon təşkil edir.
Milli statistika xidməti 2013-cü ilin uyğun dövrünə baxanda əhalinin sayının 7,3 min nəfər azaldığını bildirib. Qurum bunu miqrasiyanın artması ilə izah edib.
Qeyd edək ki, bu göstəriciyə faktiki olaraq Rusiyada və başqa ölkələrdə yaşayan, amma Ermənistan qeydiyyatında olanlar da daxildir. Rusiya mənbələrinin məlumatına görə, bu ölkədə 700 minə yaxın Ermənistan vətəndaşı əmək miqrantı kimi çalışır. İyulda erməni miqrantlar üçün güzəştli şərtlər (qeydiyyatsız 1 il Rusiyada qalmaq imkanı və s.) təqdim edildiyinə görə, Ermənistanda 2 - 2,2 milyondan artıq insanın yaşamadığını güman etmək olar.
O da qeyd olunub ki, Ermənistan əhalisi ötən ilin eyni dövrü ilə müqayisədə aprelin 1-nə 15,1 min nəfər azalıb.
"Novosti-Armeniya"nın verdiyi məlumata görə, iyunun 1-nə Ermənistanın daimi əhalisi (2011-ci ildə aparılmıış siyahıya alınma əsasındakı cari uçota görə) 3012,9 min nəfər olub. Bunlardan 1 911,8 mini şəhərlərdə, 1 101,1 mini isə kəndlərdə yaşayır.
Bununla belə, ilin əvvəli ilə müqayisədə Ermənistan əhalisinin sayı 4,5 min nəfər azalıb.
2014-cü ilin I rübündə ölkədə yeni doğulan körpələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 9 789 nəfər təşkil edib. Hesabat dövründə ölüm hallarının sayı 7,7 faiz artaraq 188 nəfər olub. Bununla da əhalinin təbii artımı 1 691 nəfər təşkil edib.
Ermənistan əhalisi ən az gəlirli ölkələr siyahısında da yer alıb. Beynəlxalq Əmək Təşkilatının hesabatında deyilir ki, adıçəkilən ölkədə sakinlərin 20 faizi gündəlik 2 dollardan az gəlirlə yaşayır. Gündəlik 10-50 dollar qazananlar isə cəmi 10 faiz təşkil edir. 70 faiz insan isə 4-10 dollar qazananlar qrupuna aiddir.
Ermənistan prezidenti Serj Sarkisyanın nüfuzu öz ölkəsində günbəgün daha da aşağı düşməkdədir. Əhalinin acınacaqlı vəziyyəti və bunun qarşılığında Sarkisyan və onun ətrafının lüks həyatı prezidenti "arzuolunmaz" şəxsə çevirib.
Son zamanlarda ermənilərin ölkə lideri barədə tənqidi və bir növ lağlağı tipli fikirləri artmaqdadır. Ölkədaxili siyasi bacarığı olduqca zəif olan Sarkisyanın beynəlxalq arenada da hörmət edilməyən bir şəxs olması əhalinin onu ələ salmasına zəmin yaradır. Daha çox sosial şəbəkələr vasitəsilə prezidentlərini lağa qoyan ermənilər son olaraq onu cizgi filmi qəhrəmanlarından birinə bənzədiblər. "Çeburaşka" - ermənilər Serj Sarkisyanı məhz bu qəhrəmana bənzədiblər. Hətta "çeburaşkanı" Sarkisyana uyğunlaşdırmaq üçün onun yeni variantını - "çebuserjiki" təklif ediblər.
Sarkisyanın xalqının gözündə bu cür aşağı enməsi və təlxək cizgi filmi qəhrəmanına bənzədilməsi ona olan nifrətin istehza tərəfidir. Onu prezidentlik kürsüsünə əyləşdirən əhalini kreslonun altında əzməsi, özü üçün Koreyada yüz min dollarlar xərcləməsi, lakin millətinə gün ağlamaması onu adi bir cizgi film obrazı ilə eyniləşdirib. Sarkisyan və "çeburaşka"nın erməni insanına heç bir xeyri yoxdursa, onların bir-birinə bənzədilməsi məntiqi baxımdan anlamlı görünür.
Öz ailəsində hörməti olmayan birinin digərləri yanında hörməti heç olmaz deyirlər. Serj Sarkisyanın hazırkı vəziyyəti buna çox yaxındır. Xalqının hörmətini qazanmayan prezidentin beynəlxalq siyasi aləmdə hər hansı hörmət qazanması və yer tutması mümkün deyil. Tənqid və mənfi fikirlər hər bir ölkə prezidentinin qarşılaşdığı hallardır. Amma iş ələ salmaq, lağa qoymaq həddinə çatıbsa, vəziyyət başqadır. Serj Sarkisyan artıq davamlı olaraq ermənilər tərəfindən ələ salınır, digərləri ilə müqayisə olunaraq gülüş hədəfinə çevrilir. Bu, o deməkdir ki, Sarkisyan siyasi səhnədəki ciddi rolunu epizodik və komik rolla dəyişməyə başlayıb. Yəni Ermənistan və dünya siyasi tarixinə Serj Sarkisyan adlı dövr yazılmayacaq kimi görünür. Sarkisyan öz əhalisi tərəfindən ölkə tarixində lazımsız, səriştəsiz, heç nəyə yaramayan və prezident olsa da, prezidentlik etməyən sıradan bir şəxsi kimi təqdim olunacaq.
BMT-nin Humanitar Fondunun məlumatına görə, əsrin sonunda Ermənistanda 750 min sakin qalacaq, onların faiz nisbətində nə qədərinin erməni olacağı isə hələ məlum deyil. Tert.am-ın verdiyi məlumata görə, bunu jurnalistlərə sosioloq Aqaron Aqabekyan "Miqrasiyanın coğrafiyası" mövzusu üzrə sorğunun nəticələrini təqdim edərkən deyib.
Onun sözlərinə görə, potensial miqrantların sayı üzrə birinci yeri Kotayk vilayəti tutur: "Buna səbəb Kotaykın urbanizasiya olunmuş şəhər olmasıdır. Vaxtilə burada onlarla zavod işləyib, hazırda isə işləmir. Yeganə ümid yeri miqrasiyadır".
Sosioloq qeyd edib ki, ölkəni daha çox tərk etməyə hazır olduqlarını Vayots Dzor, sonra isə Armavir və Araqatson sakinləri ifadə ediblər: "Belə olan halda ölkə əhalisinin 40 faizinin potensial miqrant olduğu üzə çıxır".
Ermənistan Milli Statistika Xidməti (MSX) isə bu yaxınlarda "Yoxsulluq və ərzaq təminatı, 2013-cü ilin yanvar-sentyabr ayları" adlı məruzə dərc edib. Məruzədə ölkə əhalisinin istifadə etdiyi qida məhsullarının bir günlük enerjisi haqqında məlumatlar da yer alıb.
Bu barədə "news.am" yazır.
Məlum olub ki, 2012-ci ildə (keçən il ərzində məlumatlar hələ hazırlanmayıb) Ermənistan sakinləri tərəfindən istifadə edilmiş qida məhsullarının birgünlük orta enerjisi cəmi 2169 kilokalori təşkil edib. Minimal istehlak səbətinin ərzaq dəstinə əsasən, adambaşına birgünlük norma 2232 kilokalori təşkil edir. Yəni faktiki göstərici normadan 63 kilokalori az və ya 97,2 faiz təşkil edir.
Müəllif yazır: "Birgünlük istehlak enerjisi adi aclığa yaxındır, ikincisi, dəstin strukturunda ciddi nisbətsizlik var. Belə çıxır ki, ölkədə hətta kasıb istehlak norması təmin olunmur".
Müəllifin sözlərinə görə, belə bir fikir mövcuddur ki, paytaxtda həyat əyalətdəkindən daha yaxşıdır. Lakin elə həmin rəsmi məlumatlara görə, İrəvanda birgünlük enerji orta hesabla ölkə üzrə olan göstəricidən 28 kilokalori geri qalır. Yəni İrəvan sakinləri təkcə aclıq həddini tarazlamırlar, həm də ciddi pəhrizdədirlər. Periferiyada ən pis göstərici norma ilə minus 183 kilokalori fərqlə Armavir vilayəti üzrədir.
"Gümrü Ermənistanda hökm sürən yoxsulluq və kriminal situasiyanın ən parlaq nümunəsinin yaşandığı yerdir".
Bu fikirləri isə "Tert.am"a "Şirak" mərkəzinin rəzbəri Vaan Tumasyan bildirib.
Gümrünün keçmiş meri Vardan Qukasyanın oğlunun iştirakı ilə baş vermiş insidenti dəyərləndirən Tumasyan bildirib ki, Ermənistanın hər bir tərəfində, ən çox da Gümrüdə müharibənin yenidən bərpa olunması, yoxsulluq, aclıq qorxusu hökm sürür. İndi də həmin qorxuya daha biri əlavə olunub-kriminal qorxu. Bir çox imtiyazlı şəxs cəmiyyəti özünün qulu hesab edir və düşünürlər ki, vətəndaşlar ancaq onların əmri ilə yaşamalıdırlar".
Qeyd edək ki, keçmiş merin oğlu Spartak Qukasyan indiki mer Balasanyanın evinin yaxınlığında dava-dalaş salaraq odlu silahdan atəş açıb. Amma nədənsə polis onu dindirdikdən sonra həbs etməyib. Tumasyan bildirib ki, Ermənistanda kriminal vəziyyətin ağır olmasının ən bariz nümunəsi Gümrüdə yaşanan olaylardır: "Keçmiş merlə indiki mer arasında nüfuz savaşı gedir".
"Aykakan Jamanak" qəzeti isə xəbər verir ki, Ermənistanda ilin ilk 6 ayı ərzində infilyasiya göstəriciləri qazancın artım tempindən də yüksək olub. Ölkənin Statistika Xidmətinin yaydığı məlumata görə, yarım ildə infilyasiya 4,1 faiz olub, orta aylıq qazanc isə bu müddət ərzində cəmi 2 faiz artıb. Yəni, qiymətlər qazancdan iki dəfə sürətlə artır. Bu isə o deməkdir ki, həyat səviyyəsi düşür, insanlar isə daha da kasıblayır.
Ermənistanda bahalaşma ümumi mahiyyət almaqdadır və bu, tədricən digər sahələrə, xüsusilə də, ali təhsilə sirayət edir. Bu barədə "Armenian Report" yazıb.
"Ermənistanda əmtəə qiymətləri, həmçinin xidmət haqlarının böyük əksəriyyəti dövlət tərəfindən tənzimlənmir. Eyni zamanda qiymətlər heç də aşağı deyil" - deyə "Armenian Report" yazır.