Ərdoğan İdlibdə baş verənlərdən narahatdır Dünya

Ərdoğan İdlibdə baş verənlərdən narahatdır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çexiyanın Baş naziri Andrey Babisi Ankarada Prezident iqaqmətgahında qəbul edib. Görüşdən sonra ortaq mətbuat konfransı keçirilib.
Konfrans zamanı Ərdoğan İdlibdəki vəziyyətlə bağlı danışıb.
O, İdlibdə baş verənlərdən narahatlığını ifadə edib:
“Təhlükəsiz zonanın sadəcə adı qalıb. Son 2 gün içərisində təəssüf ki, ABŞ da bombalamağa başlayıb. Artıq İdlib yavaş-yavaş yox olur. Hələb necə yerlə yeksan oldusa, İdlib də elə vəziyyətdədir. Bunların qarşısında səssiz qalmaq mümkün deyil. Rusiya ilə görüşlər keçirdik. Eyni formada Rusiya-İran-Türkiyə görüşümüz də olacaq. Bunların nəticəsini inşallah görəcəyik. Hədəfimiz Cenevrədən əvvəl bəzi addımları atmaqdır. İdlib bizim məsələmizdir. Buradakı köç bizim sərhədlərimizdə çətinlik yaradacaq. Bunun dərdini çəkən bizik. Suriyaya 910 kilometr sərhəddi olan bizik. Oradakı ən kiçik alov bizi yandırır. Bu işin ordakı ölkələrlə əlaqəsi yoxdur. Onların dərdləri bizimkindən çox fərqlidir. Qaçqınlara qapımızı bağlayıb, qovmaq məcburiyyətində deyilik, amma burda təhlükəsiz zona yaratmağa nail ola bilsək, sevinərik”, - deyə prezident bildirib.