Üç şəhər separatçılardan azad edilib Dünya

Üç şəhər separatçılardan azad edilib

Ukrayna ordusu də itki verib

Cavid

Ukrayna Silahlı Qüvvələri rusiyameyilli separatçıların nəzarətində olan Luqansk şəhərini mühasirəyə alıb.
Ukrayna mediasının verdiyi məlumata görə, artıq 11 gündür Luqanskda elektrik təchizatı dayanıb. Şəhərin su təminatı da yox dərəcəsindədir, o cümlədən mobil və stasionar telefon rabitəsi də işləmir.
Luqanskda atəş səsləri də dayanmır. Bu səbəbdən ticarət obyektlərinin böyük hissəsi işləmir. Lakin çörəklə bağlı qıtlıq yoxdur. Apteklərin də əksəriyyəti fəaliyyətini dayandırıb. Şəhərdə dərman çatışmazlığı var. Son sutka ərzində isə 350 nəfər "yaşıl dəhliz" vasitəsilə Luqanskını tərk edə bilib. Məlumatda o da qeyd olunub ki, şəhər bütünlüklə kənar aləmdən izoliasiya olunub.
Ukraynanın millətçi "Sağ Sektor" Partiyasının könüllülər taborunun döyüşçülərini daşıyan avtobus Donetsk şəhəri ətrafında separatçıların hücumuna məruz qalıb.
Avtobusun atəşə tutulması nəticəsində 12 döyüşçü həlak olub. Yaralanan 13 döyüşçü isə separatçılar tərəfindən əsir götürülüb.
"Sağ sektor"un lideri Dmitri Yaroş faktı təsdiqləyib. O, batalyonun hərbi qruplarından birinin hücuma məruz qaldığını bildirib: "Dəhşətli itkilər vermişik. Qisas alacağıq".
Qeyd edək ki, hazırda Ukrayna ordusunun, Milli Qvardiyanın qüvvələri və könüllü batalyonlar Donetsk şəhərinin bilavasitə ətrafında mövqe tutub. Lakin hələlik şəhərin azad olunması üçün əməliyyat başlamayıb.
Ukraynanın Donbas vilayətinin müxtəlif şəhər və qəsəbələrində qanlı döyüşlər gedir.
Ukrayna ordusunun əsgərləri Donbas şəhərinin 35 kilometrliyindəki İlovayski məntəqəsi uğrunda son döyüşlərə başlayıblar. Bu məntəqə özünün strateji əhəmiyyəti ilə seçilir. Bələ ki, İlovayskinin alınması Makeyevkaya, daha sonra isə çoxdan arzulanan Donbas şəhərinin separatçılardan təmizlənməsinə yol açacaq.
Qeyd olunur ki, sözügedən məntəqə son bir neçə gündə terrorçularla ukraynalı hərbçilərin üz-üzə gəldiyi, qanlı döyüşlərin getdiyi bir məkana çevrilib. Müəyyən üstünlüklər əldə olunsa da, separatçılar tarazlığı bərpa edərək öz mövqelərini geri alıblar. Bundan başqa, Luqansk vilayətinin Luç və Misunsk şəhərlərində də eyni vəziyyətdir, qarşıdurmalar davam edir. Ağır silahlardan, toplardan və artilleriya qurğularından istifadə edən hər iki tərəfin itkilərinin eyni olduğu deyilir.
O da bildirilib ki, Ukraynanın Donetsk şəhərində separatçıların hücumu nəticəsində Ukrayna ordusu çoxlu sayda itki verib. Separatçılar ukraynalı əsgərlərin getdiyi avtobusu atəşə tutub.
Nəticədə 12 ukraynalı əsgərin öldüyü, 14-ünün isə girov götürüldüyü bildirilir. Separatçılar öldürdükləri ukraynalı əsgərlərin foto və videosunu sosial şəbəkələrdə paylaşıb.
Tərkibində xüsusi təyinatlı batalyonların daxil olduğü Ukrayna hərbçiləri 3 yaşayış massivini və bir şəhəri Rusiya meyilli terrorçulardan azad edib.
Bu haqda Ukrayna Anti terror qərargahının İnformasiya Analitik Mərkəzinin spikeri Andrey Lısenko bildirib.
Onun sözlərinə görə, Ukrayna ordusu Donetsk ərazisində yerləşən Pervomaysk, Kamışevaxa, Kalinova yaşayış məntəqəsini və Uqledar şəhərini azad edib.
"Azad edilmiş ərazidə Rusiya Federasiyasının silahlı qüvvələrinin xüsusi təyinatlı dəstəsi və təxminən 30 terrorçu zərərsizləşdirilib", - deyə Andrey Lısenko qeryd edib.
Silahlı qüvvələrin bölmələri Uqledar şəhərini azad etdikdən sonra oranın mərkəzi binasında Ukraynanın dövlət bayrağı qaldırıb.
Lısenko antiterror qüvvələrinin Donetsk, Luqansk, Qorlovka, Pervomaysk və İlovaysk istiqamətlərində hücuma hazırlaşdığını bildirib.
Donbas terrorçuları isə həlak olan ukraynalı əsgərlərin meyitləri üçün pul tələb edirlər. "Gazeta.ua" xəbər verir ki, bu haqda Ukrayna Milli Qvardiyasının komandanı Stepan Poltarak danışıb: "Hazırda antiterror əməliyyatlarının keçirildiyi ərazilərdə milli qvardiyanın 5 min əsgəri xidmət çəkir. Onlar çətin şəraitdə öz qarşılarına qoyulan vəzifəni yerinə yetirirlər.
Əlbəttə ki, itkilərimiz də olur. Təəccüblü olsa da, separatçılar həlak olanların meyitləri üçün pul tələb edirlər".
Komandanın sözlərinə görə, separatçılar hər bir meyit üçün 17-70 min dollar arası pul tələb edirlər:
"Beynəlxalq qanunlara görə hərbçilərin meyitləri təhvil verilməlidir. Görünən odur ki, biz adi separatçılarla yox, həm də şərəfini itirmiş alçaqlarla vuruşuruq".
Separatçıların nəzarətində olan Yasnuvata qəsəbəsində yerli bazar və iki yaşayış binasının artileriya bombardmanı nəticəsində azı 3 nəfər həlak olub.
Donetskdən 20 kilometr aralıda yerləşən qəsəbənin əsas meydanı dağılmış beton-daş parçaları, toz qatı ilə əhatə olunub. Bazarda çıxan yanğını söndürmək üçün yerli sakinlər su vedrələri ilə yanğın mühafizə briqadasının köməyinə gəlib. Yasnuvata qəsəbəsi hazırda Ukrayna qoşunları ilə separatçı döyüşçülərin hazırkı cəbhə xətti sayılır. Aramsız artileriy zərbələri ilə əlaqədar Donetskə qatarların getdiyi dəmiryolu vağzalı müvəqqəti bağlanıb.
Döyüşlər gedən bir vaxtda Rusiya hökuməti Ukraynaya 2 min ton humanitar yardım daşıyan yüzlərlə TİR yollayıb. Hələ ki, Ukrayna hökuməti yük maşınlarının ölkə ərazisinə daxil olmasına icazə verməyib, belə ki, Rəsmi Kiyevə görə, bu humanitar təşəbbüs Beynəlxalq Qırmızı Xaç komitəsi ilə koordinasiya edilməyib və bu səbəbdən yük maşınlarında həqiqətdə nələrin daşındığını bilmək olmur. Ukrayna tərəfi humanitar yardımı qəbul etsə də, maşınları sərhəddən buraxmaq istəmir.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəsmiləri TİR-lərda daşınan yüklər barədə məlumatsız olduqlarını açıqlayıb. Ukrayna hökuməti yardıma bir halda razılaşır, karvan, hökumətin nəzarətində olan sərhəd məntəqəsinə gəlməlidir.
Bu arada Rusiyanın işğalçılıq siyasətinin qarşısının alınması istiqamətində Ukraynaya dəstək çərçivəsində Kanadanın hərbi texnika və tibbi ləvazimatlarla dolu növbəti yük təyyarəsi Kiyev yaxınlığındakı hərbi hava limanına eniş edib.
Ukrayna mediası xəbər verir ki, Kral Hərbi Qüvvələrinə məxsus "CC 177 Globemaster" təyyarəsindəki dəyəri 5 milyon dollar civarında olan yükün tərkibinə tibbi ləvazimatlar, dərman preparatları, zirehli gödəkçələr və digər hərbi ləvazimatlar daxildir.
Kanada hökuməti bununla Avropa və Şərqi Avropada təhlükəsizliyin qorunmasına dəstək verdiyini, həmçinin, hərbçilərinin istənilən fors-major hallara hazır olduğunu görüntülədiyini bildirib.
Xatırladaq ki, bir neçə gün öncə analoji Kanada təyyarəsinin Ukraynada eniş etməsi Kremldə qıcıq yaratmışdı.